Əsrarəngiz təbiətə, zəngin təbii sərvətlərə malik olan Kəlbəcər rayonu 1930-cu il avqustun 8-də inzibati rayon statusu aldı. Sahəsi 3054 km²-dir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. ”Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Rayonun ərazisində ən qədim insan məskənləri yerləşir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.Rayonun relyefi dağlıqdır. Kiçik Qafqaz dağlarının ən yüksək zirvəsi olan Gamışdağ (3724m), Şərqi Göyçə,Qarabağ silsiləsi və Qarabağ Vulkanik yaylasının bir hissəsi və. s burada yerləşir. Şimaldan Daşkəsən, Göy-göl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın, qərbdən isə Ermənistanla həmsərhəddir.Kəlbəcərin ərazisində Yura, Tabaşir, Paleogen, Neogen, Antropogen və vulkanik mənşəli süxurlar yayılmışdır. Rayonun ərazisi filiz faydalı qazıntılarla zəngindir. Burada zəngin qızıl(Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu), civə (Ağyataq, Şorbulaq), xrom yataqları vardır. Rayonun ərazisində eyni zamanda mineral ehtiyat olan İstisu yerləşir. İstisuyun həm müalicəvi, həm də turizmi inkişaf etdirmək baxımından çox böyük əhəmiyyəti vardır.Kəlbəcərin relyefinin dağlıq olması hündürlük qurşaqları üzrə qonur və qəhvəyi dağ-meşə torpaqları, çimli dağ-çəmən torpaqlarının yayılmasına səbəb olur. Meşələrində palıd, fısdıq, vələs ağacları,yüksəkdağlıqda isə subalp və alp çəmənləri yayılmışdır. Rayonun ərazisində dağ keçisi, cüyür, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, toğlu götürən, qartal əsas heyvan və quş növləridir.Rayonun ərazisində soyuq və dağ tundra iqlim tipləri yayılmışdır. Yanvar ayının orta temperaturu -3° selsidən -10° selsiyə qədər, iyul ayında 5°selsidən 20° selsiyə qədər olur. Yağıntıların miqdarı 700-900 mm təşkil edir. Tərtərçayın yuxarı axarı, Bazarçay, Xaçınçay mənbələrini rayonun ərazisindən götürürlər. Böyük və kiçik Alagöllər, Zalxagöl burada yerləşir. Tərtər çayı üzərində yerləşən Sərsəng su anbarı da rayonun ərazisindədir.Rayonun əhalisi 77003 nəfərdir. Bunlardan 11766 nəfəri şəhərdə,65237 nəfəri isə kəndlərdə yaşayır.Rayon üzrə əhalinin sıxlığı 1 km²-də 39,6 nəfərdir.Kəlbəcərin həm yeraltı,həm də yerüstü sərvətlərlə zəngin olması hər zaman diqqətləri cəlb etmişdir.Bu səbəblərdən mənfur düşmənimiz olan ermənilər 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonunu işğal etdi.Rayonun işğalı zamanı 58 mindən artıq əhali məcburi köçkün,321 nəfər əsir götürülmüş,511 nəfər isə vəhşicəsinə öldürülmüşdür. 28 illik həsrətə cənab Ali Baş komandanımız İlham Əliyevin və igid əsgərlərimizin sayəsində son qoyuldu. 2020-ci il sentyabrın 27-də başlanan Böyük Vətən müharibəsinə noyabrın 10-da imzalanan üçtərəfli bəyanat ilə son qoyuldu. Bəyanatda Kəlbəcər rayonunun 15 noyabr tarixində Azərbaycana təhvil verilməsi nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfinin xahişi ilə bu tarix noyabrın 25-nə qədər uzadıldı və nəhayət 2020-ci il noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi.
Firuzə Kərimli
262 nömrəli tam orta məktəbin müəllimi
sia.az