Siyasət

  • 3 433

2022-ci il “Şuşa İli” - Zəfərimizin tarixi təntənəsidir

image

“Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu”. Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.“Şuşa İli” ilə imzalanan Sərənsamda deyildiyi kimi, Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. 1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal olunan Şuşa 29 ildən sonra – noyabrın 8 -də Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanı doğmalarına, doğmalarını da Şuşaya qovuşdurdu. Bununla da Azərbaycan siyasi, hərbi və mənəvi qələbəsini qazandı, həm də müharibənin və münaqişənin taleyinə ciddi təsir göstərdi, Şuşa azad edilən anda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.Bu gün Şuşa şəhərinin də sürətli bərpasına başlanılıb. Bərpa işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Prezident İlham Əliyev bu məsələni şəxsi nəzarətində saxlayır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Onu da qeyd edim ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

2022-ci il Şuşada Böyük Qayıdışın təntənəsi
Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu.Ulu öndər Heydər Əliyev dəfələrlə bəyan etmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Prezident, Ali Baş Komandan İlham Əliyev də Vətən müharibəsinin gedişində bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı. Bu bəyanatlar Azərbaycanın Şuşanın işğalı ilə barışmayacağının əsas göstəricisi idi.Və 2022-ci ilin «Şuşa İli» elan edilməsi isə müstəsna tarixi, siyasi və mədəni hadisədir. Belə ki, cari il çərçivəsində Şuşada quruculuq işləri daha geniş vüsət alacaq, şəhər bir çox tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar bizim üçün çox qürurvericidir. Və 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması ötən ilin mayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş qərarın məntiqi davamı kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısının imzaladığı hər iki sərəncam Şuşa şəhərinin Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb etdiyini göstərən mühüm tarixi sənədlərdir. 2021-ci il mayın 12-si müqəddəs olan Şuşada - Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Azərbaycan mədəniyyətinin dünyaya nümayişidir. Məhz 2022-ci ilin «Şuşa İli» elan olunması bu doğma şəhərimizin daha da çiçəklənməsinə, tamamilə bərpa olunmasına, əvvəlki gözəlliyinin və möhtəşəmliyinin geri qaytarılmasına, yenidən Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsinə təkan verəcək. Həmçinin, sərəncamda deyildiyi kimi, bu ildə Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq.Bir sözlə, 2022-ci ildə Qarabağımızın gözü olan Şuşanın bərpası və yenidən qurulması işi də yeni vüsətlə davam edəcək. Milli-mədəni irsin qorunması prosesinin davamı olacaq. Xalqımız üçün müqəddəs olan bu şəhərə çoxsaylı səfərlər təşkil olunacaq. Şuşa öz tarixi keçmişini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələrin şahidi olacaq.

HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Digər xəbərlər