Siyasət

  • 2 070

Dahi Heydər Əliyev siyasəti-Azərbaycan xalqının nicatı

image

Tarixi keçmişə və təcrübələrə nəzər etsək görərik ki, doğrudan da dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağır və daha çətin bir prosesdir. Sadəcə 1991-1993-cü illərə baxsaq, tarixi keçmişimizə qısa ekskursiya etsək söylənənlərə şahid olarıq. Həmin dövrlərdə ölkədə hökm sürən apatiya, vətəndaş qarşıdurması, siyasi rəhbərlərin səriştəsizliyi deməyə əsas verir ki, müstəqil dövlətin əlamətləri əsla bunlar olmayıb.

Ona görə də belə ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən, xalqın seçilmiş şəxsiyyətlərindən asılı olur. 1991-ci il 18 oktyabr tarixində Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də əslində formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin iyun ayının 9-da xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə yenidən qayıdışı, 15 iyun tarixindən etibarən Parlamentin Sədri, 24 iyun tarixindən isə Prezident vəzifələrini icra etməsi məhz Azərbaycanın uğurlu inkişaf yoluna çıxmasını sürətləndirən proseslər olmuşdur. Həmin ilin oktyabrında Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması məsələsi də sürətlənmişdir. Dahi Heydər Əliyev ilk öncə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində mühüm işlər aparmış, qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı dəstələr zərərsizləşdirilmiş, ölkəmizin sosial-iqtisadi yüksəlişinə yol açan ən əsas amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar olmuşdur. Qarşıdurmaların nəticəsi olan dövlət çevrilişlərinin qarşısı alınmış, ölkəmiz vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Liderimizin rəhbərliyi ilə müstəqil dövlətçilik ənənələrinin hökm sürdüyü Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün Ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst, sağlam rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev bununla da Azərbaycan iqtisadiyyatının yüksək tendensiyalar üzrə inkişafına şərait yaratmışdır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir. O hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman qeyd etmiş, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Xüsusilə qeyd ediləcək vacib məsələlərdən biri də Heydər Əliyev şəxsiyyətinin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının əsasını qoymuşdur. Azərbaycan Respublikası konstitusiyamıza uyğun olaraq demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Bundan əlavə demokratik tələblərə tamamilə cavab verən bu ali-rəsmi sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazılmışdır. Həmin demokratik prinsiplərin davamı kimi 1995-ci ildə müasir, müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratmışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərini subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. Beynəlxalq hüquq normaları əsasında uğurlara imza atan Azərbaycan 1995-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. Vətəndaşlarımızın hüquq və azadlıqlarının lazımınca təmin olunması məqsədilə 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Məhz bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi daha da artırılmışdır. Ulu öndərin insanlığa verdiyi ən böyük dəyərin bariz nümunəsi - 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərara imza atan ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, ölkəmiz bir sıra mötəbər təşkilatlara üzv dövlət seçilmişdir. 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Bu gün Azərbaycan Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, rasional siyasəti ilə Qoşulmama Hərakatına-Nüfuzlu təşkilata sədrlik edən qüdrətli dövlətə çevrilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu inkişaf və tərəqqi yoluna çıxması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün “Yeni Azərbaycan Partiyasının ən ümdə vəzifəsi- Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyalarının və ölkə mədəniyyətinin geniş təbliği” əbədiyaşar Heydər Əliyev siyasətinə verilən xüsusi önəmin və dahi şəxsiyyətə olan böyük sevginin bariz nümunəsidir. Hər bir vətəndaşımız qürurla söyləyir ki, Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində daim sevilən, ehtiramla anılan və silinməz izlər buraxan tarixi şəxsiyyətdir.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Digər xəbərlər