Rusiya Beynəlxalq Əlaqələr Şurasının aparıcı eksperti Aleksey Naumov “Caliber” analitik mərkəzinə müsahibəsində regionumuzda gedən proseslər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımza təqdim edirik.
- Bildiyiniz kimi, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar aparır. Sizcə, Azərbaycan və bütün region üçün bu prinsipial əhəmiyyətli məsələdə tərəflər razılığa gələ biləcəkmi?
- Zəngəzur dəhlizinin açılması təbii ki, həllini gözlədiyimiz əsas məsələdir və bununla bağlı Moskvadan səslənən bəyanatlar kifayət qədər nikbindir. Sualınıza cavab olaraq deyəcəyəm ki, bəli, tərəflər yaxın vaxtlarda razılığa gələ bilərlər. Üstəlik, buna təkcə 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalara uyğun olaraq başlamış nizamlanma prosesi deyil, həm də Rusiya və Türkiyə arasında əhəmiyyətli dərəcədə intensivləşmiş münasibətlərin ümumi atmosferi kömək edir.
Putinlə Ərdoğanın Soçidə 4 saat davam edən danışıqları tərəflərin geniş mövzularda qarşılıqlı əlaqədə olduğunu təsdiqlədi və bu, yekun bəyanatlardan da aydın görünürdü. Müvafiq olaraq, qeyd etmək istədiyim iki müsbət məqam var. Birincisi, bu, üçtərəfli razılaşmaların həyata keçirilməsidir, ikincisi, Rusiya xarici siyasəti üçün Türkiyə vektorunun əhəmiyyəti. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, Azərbaycanla illik ticarət dövriyyəsini 3dəfə artıraraq 15 milyard dollara çatdırmaq istəyən Türkiyə üçün də vacibdir.
Deməli, indi bütün amillər Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılmasının və üçtərəfli sazişlərin həyata keçirilməsində mühüm mərhələnin başlanmasının tərəfdarıdır.
- Rusiya-Türkiyə münasibətlərinin hazırkı mərhələsini və perspektivlərini necə qiymətləndirirsiniz?
- Mən həmişə Rusiya-Türkiyə münasibətlərinin fəal inkişafının tərəfdarı olmuşam və əslində, diqqətli oxucu bilir ki, mənim nəzəriyyəm hamımızın başlanğıcını gözlədiyimiz çoxqütblü dünyanın suveren və müstəqil dövlətlərinin qarşılıqlı əlaqəsi üzərində qurulmasıdır. Yəni, post-imperator rus nəzəriyyələrinin bəzi dairələrində müttəfiqin və ya tərəfdaşın daha zəif mövqedə olan asılı dövlət olması ilə bağlı qəbul edilən fərziyyənin, mənə elə gəlir ki, tarixi perspektivi yoxdur.
Aydındır ki, formalaşmaqda olan çoxqütblü dünya şəraitində biz böyük dövlətlər kimi xarici aktorların iştirakı olmadan ikitərəfli münasibətlər və ya regional gündəliyi qarşılıqlı maraqlar əsasında həll edən bir neçə güc mərkəzinin mövcudluğunu nəzərdə tuturuq. Ona görə də Moskva və Ankaranın bir-birinə qarşılıqlı marağı göz qabağındadır. Türkiyə çətin iqtisadi vəziyyətdə olduğu bir vaxtda ona yeni xarici siyasət vektorları- Avropa və ABŞ-ı əvəz edəcək Rusiya kimi yeni tərəfdaşlar lazımdır. Belə ki, Rusiya ilə fəal əməkdaşlıq prezident Ərdoğana Türkiyə iqtisadiyyatındakı neqativ vəziyyəti bərabərləşdirməyə imkan verəcək. Deməli, Rusiya-Türkiyə münasibətlərinin indiki dövrünü gümüş əsr hesab etmək olar ki, bundan faydalanan həm də Rusiya və Türkiyə ilə yaxın olan, hər iki dövlətlə müttəfiqlik münasibətləri olan bir ölkə kimi Azərbaycan olacaq.
- Yaxın Şərqdə, xüsusən, Suriyada münaqişələrin həlli, eləcə də son Tehran görüşündən sonra İran, Türkiyə və Rusiya liderləri arasında yaranan koordinasiya ilə qlobal və regional gündəmə hansı korrektələr edilə bilər?
- Rusiya, İran və Türkiyə liderlərinin görüşü, ilk növbədə, Suriya üçün vacibdir. Düşünürəm ki, biz Türkiyənin Suriyada Kürdüstan Fəhlə Partiyasına qarşı hərbi əməliyyatını görəcəyik, lakin bütün bunlar prezident Bəşər Əsədin iki fəal tərəfdarı olan Rusiya və İranla razılaşdırılacaq. Yəni Suriya ilə bağlı kompromis tapılacaq və Türkiyənin təhlükəsizlik tələblərinin və buna uyğun olaraq Suriya hökumətinin iki ən fəal dəstəkçisi kimi Moskva və Tehranın maraqlarının təmin edilməsini özündə ehtiva edəcək. Ona görə də mən bu faktı, o cümlədən çoxqütblü dünyanın təzahürünü bütövlükdə beynəlxalq siyasət üçün yaxşı hadisə hesab edərdim. Biz görürük ki, Vaşinqtona baxmadan qərarlar qəbul etmək olar.
- Müşahidələrinizə görə, İran niyə Ermənistanı dəstəkləməkdə davam edir?
- 2020-ci ilin noyabr hadisələrindən sonra, Azərbaycanın güclənməsindən sonra İran hiss edir ki, onun regionda mövqeləri bir qədər zəifləyir. Ona görə də o, öz xarici siyasət reputasiyasını və xarici siyasi qüvvələrini qoruyub saxlamağın yollarını axtarır və bu vektorlardan biri də Ermənistana dəstəkdir. Biz indicə Zəngəzur dəhlizinin açılmasından sonra Türkiyə ilə Azərbaycan arasında ticarətin mümkün artımını müzakirə etdik, yəni Cənubi Qafqazda türk faktorunun güclənməsindən danışdıq. Ona görə də hesab edirəm ki, Tehran təbii yolla qarşıdurmaya, ağırlığı tərəzinin o biri tərəfinə qoymağa çalışır. Hesab edirəm ki, bu, müəyyən mənada ayıq siyasi hesablamadır, məntiqlidir, lakin çətin ki, əsaslandırılsın, çünki İran çətin xarici siyasət vəziyyətindədir və region ölkələri ilə daha da antaqonizm yaratmaq onun üçün faydalı olmayacaq.
- Yaxın gələcəkdə Cənubi Qafqazda hansı siyasi prosesləri proqnozlaşdırırsınız?
- Hazırda gözlədiyimiz əsas proses üçtərəfli bəyanatın bəndlərinin həyata keçirilməsi, Rusiya sülhməramlı kontingentinin ixtisar edilməsi və Qarabağın Azərbaycan hakimiyyətinin tam nəzarətinə verilməsidir. Bununla belə, başa düşürük ki, bütün bunlar yaxşı gələcək nəticələrə gətirib çıxaracaq. Birincisi, Türkiyə və İran arasında qarşıdurmanın güclənməsi, çünki İranın Azərbaycan və Türkiyənin daha da güclənməsindən məmnun olacağını düşünmürəm. Müvafiq olaraq, o, Ermənistanla etdiyi kimi bəzi cəhdlər edəcək. Amma bunun nəticəsi daha çox nüvə sazişinin nəticələrindən asılıdır, əgər Qərbin sanksiyaları ondan götürülərsə və iqtisadi fəaliyyət bərpa olunarsa, Tehranı xeyli güclənə bilər və s. Çünki indi vəziyyət olduğu kimi qalsa və Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçsə, o zaman İranın türk blokuna müqavimət göstərmək şansı olmayacaq. Sanksiyalar aradan qaldırıldıqda isə, vəziyyət o qədər də sadə olmayacaq.
Bundan əlavə, Cənubi Qafqazın başqa bir ölkəsi olan Gürcüstana gəlincə. Avropanın ümidlərindəki məyusluq onu regionda və dünyada öz mövqeyini yeniləmək üçün yeni yollar axtarmağa vadar edə bilər. İndi Gürcüstanda Rusiyadan İT sahəsində mütəxəssilərin axını müşahidə olunur ki, bu da təbii ki, İT sahəsinin aktivləşməsinə və ümumilikdə yeni fəaliyyət sahələrinin inkişafına səbəb olacaq. Ona görə də bütün bu sarsıntıların Gürcüstana necə təsir edəcəyi maraqlı olacaq. Ümumiyyətlə, bu proseslər yaxın gələcəkdə Cənubi Qafqazda həyata keçirilə bilər.
Tərcümə - Elçin Bayramlı