Siyasət

  • 3 675

Cəbrayılda quruculuq işləri davam edir

image

4 oktyabr Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gün erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 4-ü Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Şükürbəyli, Daşkəsən, Mahmudlu, Cəfərabad, Horovlu, Çərəkən, Karxulu, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə formalaşdırılıb. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən təşkil edilib. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Sahəsi 1049 km2, ərazisi əsasən dağlıq ərazidən ibarətdir və qismən düzənlik əraziya malikdir. Araz çayının sahilboyu vaxtilə Tuqay meşələri ilə zəngin olub.Cəbrayıl rayonu işğal dövründə 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Cəbrayıl rayonu azad edildikdən sonra ölkə başçısı İlham Əliyev 4 dəfə rayonda olmuş, 29 ildən sonra Xudafərin körpüsündə dövlət bayrağımızı ucaltmışdır. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev çoxsaylı təməlqoyma mərasimlərində, eləcə də Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrin və “Cəbrayıl” yarımstansiyanın açılışlarında iştirak etmişdir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıdaraq yaşaması və işləməsi üçün lazımi infrastrukturun yaradılması istiqamətində ciddi tədbirlər görülür.

Azər Nemətli,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər