Sosial

  • 7 470

YÜNGÜL FELYETON

image

Hə, dilimizdə “yüngül” sözü var ki, ismin əlamətini bildirir. Antonimi də “ağır” sözüdür. Bir də bu “yüngül” və “ağır” sözlərinin məcazi mənası vardır ki, bu da xarakterlərə verilən qiymətdir: yüngültəbiətli insan, ağır təbiətli insan. Ağırtəbiətli insan ağzından dürr süzülən, özünü cəmiyyət, el arasında təmkinli aparan insanlara deyilir. Yüngültəbiətli isə danışığını, hərəkətini bilməyən, harada özünü necə aparacağını müəyyən edə bilməyən adamlara deyilir. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşınyanın adı çəkilən an gözlər önünə nə gəlir, yüngültəbiətli adam. Bu adam bilmərrə ki, nə danışığını bilir, nə də hərəkətini. Bütün göstəriciləri ilə yüngüldür. Adamları güldürür. Sanki siyasi bir fiqur deyil, səhnədə rol oynayan artistdir. Lakin əslində Paşinyan nə siyasi fiqur, nə də artistdir. Çünki onun siyasətindən nə çıxar, artistliyindən nə çıxar. O, sadəcə yüngültəbiətli bir adamdır.

Bu adam yalnız güldürür. Həm özünü gülünc vəziyyətə salır, həm də ətrafdakıları güldürür. Məsələn, bu adamı baş nazir bilib ora-bura çağırırlar da. Bunun elə bir beynəlxalq görüşdə, söhbətdə gülünc doğurmadan iştirakını görən olubmu? Özündən asılı deyil də, nə etsin, daim özünü ifşa edir. Allah da onu belə yaradıb.

Bax, yadınızdadır, Paşinyanın Cıdır düzündəki rəqsi? Bu, yüngüllük deyildi, bəs nə idi? Həm də siyasi yüngüllük idi bu. Başqasının torpağında əl qaldırıb rəqs etmək, həm də bilə-bilə ki, bu torpağın sahibi gəlib başına yumruqla elə vuracaq ki, gözlərinə ağ gələcək, sözün həqiqi mənasında, yüngüllük deyildimi? Aradan az müddət keçməmiş həmin yumruq Paşinyanın təpəsinə endirilmədimi? Və Cıdır düzündən elə qovuldu ki, bir də ayağı ora əsla dəyə bilməz. Dedim bu, Paşinyana böyük bir dərs olar. Yangüllükdən əl götürər. Lakin...

Bunun ardınca Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsini necə, xatırlayırsınızmı? Həqiqətən bu adam yüngüldür də. O dərəcədə yüngüldür ki, əmin olmadığı sözü danışır və dünyanı özünə güldürür. Onun dediyi “Qarabağ Azərbaycandır və nida” kimi üzünə çırpılanda və qısa zamanda kor gözləri ilə bunu görəndə bu adam yenə də anlamadı, çünki yüngüllük onun xəmirindədir. Xəmir də ki elə bir şeydir ki, nə cür yoğrularsa, məhsulu da o keyfiyyətdə olacaqdır. Ta o dünyaya qədər.

O günü də Paşinyan erməni icması nümayəndələrinin Bakıya gəlməsi ilə bağlı nə desə yaxşıdır, əgər onlar Bakıya getsələr, qayıdacaqlarmı? Ardınca da “Bu suala kim cavab verə bilər?”,-deyib Bax, bu da növbəti yüngüllük.

Bu adama vallah yazığım gəlir. O mənada ki, yüngül olmaq əsla müsbət bir keyfiyyət deyil. Sən bir ölkənin baş naziri olasan, eyni zamanda yüngül olasan, ağzının danışığını bilməyəsən, nə hərəkət etdiyini düşünməyəsən, vallah, ağır dərddir. Paşinyan bu dərdə harada və necə mübtəla olub deyə fikirləşəndə çox düşünmədim, kökdən gələn bir məsələ olduğu qənaətinə gəldim. Çünki illərdir qonşuluqda yüngül erməniləri elə hey görmüşük. Qonşu torpağına göz dikmək, qonsunun evini yağmalamaq, qonşunun torpağında, həyətində arsız-arsız araq-çaxır içmək, çığır-bağır salmaq yüngüllük deyil? Hələ başqasının torpağından it kimi qovulanda unitazı sinəyə sıxıb ehtiyatla aparmağı demirəm. Ta bu yüngüllüklərin fonunda Paşinyandan başqa nə isə gözləmək olarmı əcəba?

Ot kökü üstündə bitməyib onun yanından boy atmayacaq ki... Paşinyan da kökü üzərində pərvaz edib, bəxti gətirib deyim, gətirməyib deyim, olub nazir, indi də ki, ətrafa yüngüllükdür ki, səpələyir. Bunun son sözünə baxın: erməni icması Bakıdan qayıda biləcəkmi?

Bir-ikisinin dərdini Allah qurtarmışdı ki, sənin o murdar nümayəndələrinə əl vura. Birincisi, sizdən fərqli olaraq biz qonağı həmişə qonaq kimi qarşılayıb, qonaq kimi də yola salmışıq. İkincisi, kimin nəyinə gərəkdir sənin iki-üç... Nə üçün salamat qayıtmamalıdırlar, ay yüngül? Sizin dərsinizi müharibə meydanında vermədikmi? Lazım gələndə elə yenə orada verəcəyik, narahat olmağa dəyməz, vallah.

Paşinyan yetər ta. Az özünü gülünc elə, vallah, molla demişkən, sənin hər sözünə bişmiş toyuğun gülməyi gəlir ey. Özünü niyə belə alçalırsan axı... At o nazirliyini, get çıx səhnəyə. Vallah, komediya janrında elə gözəl səhnə əsərləri yaradarsan ki, adın nazirliyindən ikiqat çox tarixə düşər. Güldürmə camaatı. Siyasi səhnədə yüngüllüyün bəsdir ta. Bir özünü o biri səhnədə də sına, görək...

Mətanət Məmmədova

Digər xəbərlər