Biz özümüzü dərk edəndən əvvəl valideynlərimiz əlimizdən tutub 1 may “mayovka”sına aparırdılar, sonra elə ki, məktəbə getdik, düz birinci sinifdən sonuncu sinfədək bütün məktəblilər hökmən 1 mayda- Beynəlxalq Zəhmətkeşlər Günündə keçirilən tədbirdə iştirak etməli idilər. Belə ki, may ayına bir ay qalmış bu böyük tədbirə hazırlıqlar başlanırdı. Hər gün dərs saatlarından kəsib bizi parada hazırlaşdırırdılar. Hələ üstəlik günün ikinci yarısında da əlavə olaraq məktəbə gedirdik ki, “mayovka”ya lazımi şəkildə hazırlaşa bilək. Hələ yadımdadır, may üçün xüsusi formalar da tikdirirdik ki, bunların da xərcini valideynlərimiz çəkməli olurdular.
1 mayı bizə belə başa salmışdılar ki, dünyada zəhmətkeşlərin həmrəylik bayramıdır. SSRİ də humanist, zəhmətkeşlərin tərəfində olduğu üçün bu bayramın keçirilməsi mütləqdir. Azərbaycanın bütün şəhər və rayonlarında keçirilən bu bayrama kəndlərdən də məktəblilər, zəhmətkeşlər qatılırdılar. Hər bir idarə, müəssisə, təşkilat bu paradda öz məşğulluğunu, bacarığını, məhsullarını nümayiş etdirirdi. 1920-ci ildən 1990-cı ilədək 1 may Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunub.
Azərbaycan Xalq Cümhuriyyəti və 1 may
Bəli, bizə sovet quruluşunun “humanistli”yi kimi təqdim olunan 1 mayı, əslində 1920-ci ildən bir il əvvəl, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti də böyük təntənə ilə qeyd etmişdi. Çünki bu bayram dünyanın qeyd etdiyi bir bayram idi. Tarixi dünya zəhmətkeşləri ilə bağlı olan bir bayram idi. Bu proletar bayramın əsas məqsədi cüzi maaş müqabilində insanların 15-16 saata qədər gündəlik iş rejiminə məhkum olunmasının qarşısını almaq, uşaq əməyinə qarşı aparılan sinfi mübarizəni sürətləndirmək və sosial sığorta ilə təmin edilmək idi.
AXC humanistlik prinsipləri əsasında yaradılmış bir dövlət olduğundan bu dövlətin demokratik ruhlu nümayəndələri digər zəruri məsələlər kimi, əhalinin zəhmətinin də dəyərləndirilməsinin qayğısına qalmış və bu bayramın qeyd edilməsini zəruri bilmişlər.
Bəli, insanların rifahına, yaxşı yaşamasına, onların suverenliyinin, müstəqilliyinin qorunub saxlanmasına hesablanmış bu dövlət özünü humanist adlandıranların işğalçılıq planlarının başında dayanırdı. Ona görə də cəmi 23 ay yaşaya bildi. Və bütün humanist addımları, insan rifahına və insanlığa hesablanmış proqramı ilə birlikdə tarixin arxivinə gömüldü.
SSRİ-yə görə gömüldü. Xalqımız üçünsə nə vaxtsa milli azadlıq hərəkatının yenidən təzahür etməsi üçün bir mənbə oldu. O mənbə ki, zamanı çatanda orada yarımçıq qalan arzularla bu xalq yenidən ayağa qalxacaq və müstəqilliyinin bərpası üçün mübarizəyə başlayacaqdı. AXC-nin demokratik ənənələrini yeni quracaqları dövlətdə yenidən canlandıracaqdılar. Buna isə hələ ki, qarşıda 70 illik bir zaman var idi...
1 mayın tarixinə qısa nəzər...
20-ci əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən hesab olunan, ”sosialist Bacı” adı ilə tanınan almaniyalı Roza Lüksemburqun 1894-cü ilin fevralında Parisdə “May bayramı necə yarandı?" adlı tarixi məqaləsi dərc olunur. Məqalədə deyilirdi ki, azad düşüncəli insanların 8 saatlıq iş rejimi tələb etməsi ilk dəfə Avstraliyada ortaya çıxıb. Nə qədər ki, işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, bu etirazlar da davam edəcək. Və müəllif inandığını vurğulayırdı ki, illər sonra dünyanın dörd bir yanında işçi sinfi öz azadlığına qovuşanda “1 May” həqiqətən də zəhmətkeşlərin bayramı olacaq.
Avstraliyada yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar. Bu bayram günü 21 aprelə təyin edildi. Öncə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.
Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarəti verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi.
Beləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.
1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. 1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi “8 saatlıq iş günü”nü burjuaziyaya zorla qəbul etdirmək haqda qərar qəbul etdi. Bu qərara görə 2 il sonra – 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər. 1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi.
Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Öncə 8 saatlıq iş günü tələbi haqda qərar verildi.
Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Lavign təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı Günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-cı ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.
Dünyanı bürüyən sinfi mübarizə Rusiyada bir qədər də kəskin xarakter almışdı. Burada baş qaldıran fəhlə-kəndli çıxışları daha fundamental xarakter daşıyırdı.
Rusiya proletar kütlələrinin daha güclü ittifaqlarda birləşməsi və kommunist-bolşevik partiyası sıralarında güclü siyasi fəaliyyəti sonradan Böyük Oktyabr İnqilabına və nəhayətdə Leninin başçılığı ilə tarixdə sosialist sistemə dayanan ilk fəhlə-kəndli dövlətinin – SSRİ-nin yaradılmasına gətirib çıxardı. Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi.
1 may bayramı Azərbaycanda nə üçün ləğv edildi?
Maraqlıdır, Azərbaycan zəhmətkeşləri zəhmətkeş deyildilər, bu günü qeyd etməyə haqları yox idi? Bəs görəsən səbəb nə idi ki, 1 may bayramı Azərbaycan ləğv edildi?
Bəli, 1992-ci ildə bu bayram ləğv edildi. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən “1 May”ın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığı əsas gətirilərək bu sıraya daxil edilmədi. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə “1 May”ın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.
Ancaq əslində ləğv edilməməli idi. Çünki bu bayram sovet dövlətinin prinsipi əsasında yaranmamışdı. SSRİ-dən öncə yuxarıda qeyd etdiyimiz ölkələrdə 8 saatlıq iş rejiminin təməli qoyulmuşdu. Rusiya isə illər sonra həmin ölkələrlə həmrəy olaraq bu qənaətə gəlmişdir. Belə olan təqdirdə Azərbaycanda bu bayramın ləğv edilməsinə lüzum yox idi.
1990-cı illərin əvvəllərinə bu günün prizmasından baxanda o dövrdə həqiqətən də maraqlı nüanslarla qarşılaşmağımızı xatırlamamaq mümkün deyil. Həmin dövrdə hakimiyyətdə olanlar İkinci Cahan Müharibəsində iştirak edən azərbaycanlılara qarşı da birmənalı fikirdə deyildilər. 9 may-Qələbə gününün ləğv olunmasını, bu tarixin bizimlə əlaqəsi olmadığını əsaslandırmağa çalışırdılar. Lakin onların tezliklə ölkənin siyasi aləmindən uzaqlaşdırılması və Ümummilli Liderimizin hakimiyyətə gəlməsi ilə bu tarixi gün qoruna bildi. Ulu Öndər vurğuladı ki, İkinci Cahan Müharibəsi yaşanan tarixdir, həmin müharibədə minlərlə azərbaycanlı həlak olub, sağlamlığını itirib. Beləliklə bu tarix hər zaman anılmalıdır. Böyük şəxsiyyət bu addımı ilə minlərlə azərbaycanlı ailənin müharibədə itirdiyi əzizlərinə, evinə sağlamlıq imkanları məhdudlaşmış olaraq qayıdan övladlarına sayğısı və qayğısının olduğunu sərgilərdi.
Yaxşı ki, AXC-Müsavat cütlüyü nümayəndələrinin hakimiyyət illəri uzun sürmədi, yoxsa daha hansı tarixlərin üzərindən qara xətlər çəkiləcəkdi... Torpaqlarımızın 20 faizdən artıq hissəsinin ermənilərə satılmasının ağrısını 30 il yaşadığımız kimi, bu kimi tarixi və əlamətdar günlərin də nə üçün bayramlarımızın siyahısından çıxacağına təəssüf edəcəkdik.
Yaxşı olar ki...
Yaşı 40-dan artıq olan insanların gözəl xatirələrlə xatırladığı 1 may, sözün həqiqi mənasında, yaxşı bir bayram idi. İldə bir dəfə bütün idarə, müəssisə və təşkilatların, məktəblərin, məktəbdənkənar müəssisələrin sanki hesabat verdiyi bir gün-bayram idi. Hər kəs burada bacarığını, qabiliyyətini, öyrəndiyini, əldə etdiyini ortaya qoya, sərgiləyə bilirdi. Uzun illər dünyanın zəhmətkeş insanlarının mücadiləsindən sonra 15-16 saatlıq iş rejiminin 8 saata endirilməsini bayram etməyin əslində nəyi pisdir ki?.. Bu yolda yüzlərlə insan həbs edilmiş, gecə ilə aradan götürülmüş, adı qara siyahıya salınmışdı. Sonda isə bütün bəşəriyyətə nümunə olan bir iş ortaya çıxmışdı.
1 may bayram bu gün dünyanın əksər ölkələrində müxtəlif adlar altında keçirilməkdədir Bu bayram insanlığın bayramıdır, desəm, yanılmaram. Çünki bu bayram tamamilə insanlığa məxsus, insan hüquq və azadlığı ilə əlaqədar bayram idi. Çox yaxşı olardı ki, bu bayram ölkəmizdə yenidən bərpa olunsun. Bu, həm də bayramın sovet ittifaqına bağlı olması fikrini alt-üst etmiş olar.
1 may- gözəl xatirələrlə tarixin o üzündə qoyduğumuz, bu gün isə bizim üçün əlçatmaz olan bir gün, bir bayramdır. Uzun illər ölkəmizdə kimlərinsə iştirakçısı, kimlərinsə sadəcə kənardan dayanıb seyr etdiyi, kimlərinsə istirahəti olan bu gün unutmayaq ki, bir zamanlar 15-16 saat işləyib əldən düşən, istirahətin, ailəyə, uşağa, özünə vaxt ayırmağın nə olduğunu bilməyən insanlardan bizlərə bir töhfədir. İllərin mübarizəsindən sonra 8 saata endirilən və bu gün azaldılmış iş vaxtı ilə işləyənlərin o töhfəni zaman-zaman yaşatması bir borc deyilmi?..
Mətanət Məmmədova