2025-ci il iyunun 2-də Prezident İlham Əliyev 30-cu "Caspian Oil and Gas", 13-cü "Caspian Power" və 30-cu "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirmişdir: “Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq.” Bu bəyanat, Azərbaycan dövlətinin yalnız bu gününü deyil, həm də sabahını düşünən uzaqgörən və strateji siyasətə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmiz mühüm iqtisadi nailiyyətlər əldə etmişdir. Həyata keçirilən islahatlar nəticəsində rəqabətqabiliyyətli iqtisadiyyat qurulmuş, Azərbaycanın ÜDM-i 3,6 dəfə artaraq 123 milyard manatı keçmişdir. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşmış, qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyümüşdür. İnformasiya və rabitə sahəsində əlavə dəyər 20,9 dəfə, turizm və ictimai iaşə sektorunda 17,5 dəfə, nəqliyyat sektorunda isə 4,1 dəfə artmışdır ki, bu da qeyri-neft iqtisadiyyatının inkişafına ciddi töhfə vermişdir. Azərbaycan 2003-2024-cü illər ərzində tam iqtisadi müstəqilliyə nail olmuş, dövlətin maliyyə imkanları nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Əgər 2003-cü ildə ölkənin strateji valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları idisə, bu göstərici 2024-cü ildə 43 dəfə artaraq 68,5 milyard dollara çatmışdır. Dövlət büdcəsi 29 dəfədən çox artmış, bu isə həm sosial rifahın yaxşılaşdırılmasına, həm də iqtisadi fəallığın dəstəklənməsinə şərait yaratmışdır. Ümumilikdə, ölkə iqtisadiyyatına 318,9 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur. İqtisadiyyatın şaxələndirilməsi sürətlə aparılmış, daxili istehsalın qlobal dəyər zəncirinə inteqrasiyası təmin olunmuşdur. Xarici ticarət dövriyyəsi 10 dəfə artmış, qeyri-neft-qaz ixracı isə 3,3 milyard ABŞ dollarını keçmişdir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji və nəqliyyat-logistika layihələri ölkənin iqtisadi inkişafını sürətləndirmiş, onun beynəlxalq nüfuzunu daha da gücləndirmişdir. Rəqəmsal texnologiyalara keçid sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Mərkəzi təsis edilmişdir. 2023-cü ildə Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi isə Azərbaycanın kosmik sənaye və innovasiya sahəsində qazandığı uğurları bir daha sübut etmişdir. Ölkəmiz artıq öz peyklərini orbitə çıxaran azsaylı kosmik dövlətlərdən biridir. Elm, təhsil və səhiyyə sahələrinin davamlı inkişafı dövlət siyasətində mühüm yer tutur. Bu sahələrdə infrastruktur müasirləşdirilmiş, insan kapitalının inkişafına yönəlik kompleks tədbirlər görülmüş, əsaslı maliyyələşmə mexanizmi tətbiq olunmuşdur. Dövlət büdcəsindən təhsilə ayrılan vəsait 17,6 dəfə artırılmış, müəllimlərin orta aylıq əməkhaqqı 1000 manata çatdırılmışdır. Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilmiş, ölkə üzrə məktəblərin 80 faizi tam müasirləşdirilərək maddi-texniki baza gücləndirilmiş, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Gənclərin dünyanın qabaqcıl ali məktəblərində təhsil almasına dövlət dəstəyi təmin edilmişdir. İnsan kapitalı hər bir ölkənin ən qiymətli sərvətidir. Neft, qaz və digər təbii ehtiyatlar zamanla tükənə bilər, lakin bilik, bacarıq və yaradıcı düşüncə daima inkişaf etdirilə bilər. Azərbaycan dövləti məhz bu baxışı əsas tutaraq təhsil sahəsinə böyük diqqət ayırır, məktəblərin infrastrukturu yenilənir, müəllimlərin peşəkarlığı artırılır, gənclərə yeni imkanlar yaradılır. Müasir dövrdə ölkələrin davamlı inkişafı və qlobal rəqabətliliyi insan kapitalının səviyyəsindən birbaşa asılıdır. Strateji inkişaf prioritetlərimizin mərkəzində insan amilinin və təhsilin dayanması bu yanaşmanın bariz nümunəsidir. Bu sahələrə yatırılan vəsait artıq real nəticələrini verməkdədir – əhalinin təhsil səviyyəsi yüksəlir, gənclər daha müasir və rəqabətqabiliyyətli bacarıqlarla silahlanır, iqtisadiyyatda insan kapitalının rolu artır. Bütün bu addımlar ölkəmizin uzunmüddətli və dayanıqlı sosial-iqtisadi inkişafına möhkəm zəmin yaradır.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini