Sosial

  • 3 579

Təhsil krediti: indi al, 6 il sonra ödəməyə başla

image

Ödənişli əsaslarla oxumalı olan tələbələrə dövlət güzəştli şərtlərlə kredit dəstəyi verir

Təhsil tələbə krediti sistemi, təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi və bu maliyyənin uzun illər ərzində dövlətə qaytarmaq şəraitinin yaradılması tələbələrə təhsil almaq stimulu verir.

Kreditlə oxuyan tələbələr çoxalıb

Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Fondun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 №-li Qərarı ilə təsdiqlənib. Fond 25 noyabr 2021-ci il tarixindən etibarən təhsil kreditlərinin verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlayıb.

2021/2022 tədris ili üzrə hesabatda bildirilir ki, TTK üçün müraciətlər üzrə ümumi 10597 müraciət olub. Yekunlaşdırılmış müraciətlərin sayı 7962, natamam müraciətlərin sayı isə 2635 olub. Ötən il payız semestri üçün 5678 müraciət daxil olub, onlardan 3590 yekunlaşdırılmış müraciət, 2088 natamam müraciət olub. Yaz semestrində ümumi müraciət sayı 4919 olub, onlardan 4372 yekunlaşdırılmış müraciət, natamam müraciət 547 olub. Ötən il rəsmiləşdirilmiş TTK-ləri üzrə maliyyələşdirilmiş vəsait sosial TTK üzrə 2.421.101,40 manat, Standart TTK üzrə 3.570.846,27 manat olub.

Natamam müraciətlər elektron müraciətlərini tamamlamayan, tələbə olmayan, kredit almaq hüququ olmayan və s. müraciətlər hesab edilir. İmtina edilmiş müraciətlər üzrə səbəblər müxtəlifdir. Bu səbəblər arasında tələbənin sosial statusu təsdiqlənməməsi, akademik borcu olması, standart TTK üçün tələb olunan qəbul balı olmaması var. Habelə normativ təhsil müddətindən artıq təhsil alanlar üçün də kredit ayrılmır. Qeyd edək ki, tələbənin kredit üçün müraciəti zamanı topladığı balın 250-dən çox olması tələb edilir.

Tələbə kreditini necə almalı?

TTK rəsmiləşdirilməsi elektron qaydada həyata keçirilir. Tələbə notarial qaydada təsdiq edilmiş ərizələri sistemə yükləyərək qeydiyyatdan keçir. Təhsil müəssisəsi tələbənin müraciətinin doğruluğunu təsdiq, imtina və ya redaktə edir. Elektron sistem müraciət edən tələbənin valideynlərinin şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında digər bazalarda mövcud olan sosial statusunu emal edir. Müraciət rəsmiləşdirilmək üçün banka göndərilir və onlayn müqavilə imzalandıqdan sonra proses başa çatır.

Təhsil tələbə kreditləri Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli və əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə verilir. TTK alacaq tələbənin sonuncu semestrdə akademik borcu (kəsiri) olmamalıdır.

Həm sosial, həm standart kredit

Sosial TTK 2 faizlə verilir. Tələbə sosial TTK-dən ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar, ailə başçısını itirməyə görə əmək pensiyası alanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs), orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar, işsiz kimi rəsmi qeydiyyatlıdırsa, yaşa görə əmək pensiyası alırsa, yaşa görə sosial müavinət alırsa yararlana bilər.

Standart TTK 6 faizlə verilir. Standart TTK almaq üçün tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olmalıdır, illik təhsil haqqının 20 faizini özü ödəməlidir. Standart kredir sosial TTK almaq hüququ olmayan tələbələrə verilir.

TTK hansı müddətə və kimlərə verilir?

Bu müddət tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət dövrlərindən asılıdır. Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.

Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən qəbul imtahanında toplanan minimal həddi bakalavriat səviyyəsi üçün 250; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal), magistratura səviyyəsi üçün 50, subbakalavriat səviyyəsi üçün 110 baldır.

Tələbə hansı məbləğdə TTK ala bilər?

Kredit təhsil müəssisəsindəki həmin ixtisas üçün rəsmi qaydada təsdiq edilmiş illik təhsil haqqı məbləğinin bir semestr üçün olan miqdarında təyin edilir: Məsələn, tələbənin illik təhsil haqqı 2000 manatdırsa, sosial TTK üzrə birinci semestr 1000 manat kredit ayrılacaq, ikinci semestr 1000 manat kredit ayrılacaq. Standart TTK üzrə kredit alınacaqsa birinci semestr 800 manat, ikinci semestr 800 manat kredit ayrılacaq. Standart kreditdə məbləğin 20 faizini tələbə ödəməlidir.

TTK-nın geri qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilməzsə məzundan TTK-nin qaytarılması tələb olunmur və faizlər hesablanmır. TTK verilən zaman girov və zəmanət tələb olunmur və tələbənin əvvəlki kredit tarixçəsinə baxılmır. Təhsil Tələbə Krediti üzrə əlavə bank xərci və ya komissiya yoxdur.

Kimlərə güzəşt edilə bilər?

Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, sosial növdə ÜOMG-si 71, standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır.

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı sosial TTK-nin 50 faizi, standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur. Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər