Sosial

  • 1 671

Şəvqo kəndində səyyar qəbul və görüş

image

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Şəvqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ildə bir dəfə bu kənddə əhali ilə görüşərək problemləri ilə maraqlanır, onları narahat edən məsələləri dinləyərək həlli üçün tədbirlər görür. Kənddə keçirilən növbəti görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, kənd mürəkkəb relyefə malik ərazidə yerləşdiyindən uzun illər yol, işıq, məktəb problemləri olub. İlk görüşümüzdən ötən müddət ərzində böyük çətinliklə də olsa, bu problemlər birgə səylərimizlə həllini tapmışdır. Əlbəttə bütün görülən işlər cənab Prezidentin diqqət və qayğısı, sərəncamları ilə ayrılan vəsait hesabına görülüb başa çatdırılmışdır. Bundan sonra da vətəndaşlarımızın daha rahat, firavan yaşaması üçün qüdrətli dövlətimiz tədbirlər həyata keçirəcəkdir.

Kənd sakinləri çıxış edərək xalqımıza böyük Qələbənin sevincini yaşadan ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanımızın inkişafı və vətəndaşların sosial həyatının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi və gündən-günə miqyası artan tədbirlərdən sevinclə danışmış, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər icra başçısına ucqar dağ kəndində əhali ilə görüşdüyünə, problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı kəndə gələn avtomobil yolunun təmirinə, mövcud ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə, Diqo şəlaləsinə yolun çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan müəyyən problemlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digər məsələlərin aktuallığını önə çəkərək həlli üçün çalışacağını vurğulamışdır. Bildirmişdir ki, kəndin əsas problemləri həllini tapsa da, dağlıq ərazidə yerləşdiyinə görə yerli şəraitə uyğun müəyyən problemləri də vardır ki, bunlar da tədricən həllini tapacaqdır.

Ölkəmizin ən böyük problemi olan Qarabağ probleminin Müzəffər Ali Baş Komandan və qəhrəman əsgərlərimizin fədakarlığı ilə həll olunduğunu bildirən icra başçısı, düşmən üzərində tarixi qələbənin qazanılmasında bu ucqar dağ kəndlərimizin vətənpərvər övladlarının da yüksək əməyi olduğunu vurğulamışdır.

Qeyd etmişdir ki, cənab Prezident erməni terrorçularının torpaqlarımıza təcavüzünün qarşısının alınmasından ötrü əks-hücum əmrini verən kimi rayonumuzun, o cümlədən, bu kəndin yüzlərlə gənci könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar və ən yüksək səviyyədə döyüşərək düşməni məğlub etdilər. Hazırda doğma Qarabağda sürətli tikinti-quruculuq işləri aparılır. Vəhşicəsinə dağıdılmış, talan edilmiş kəndlər, şəhərlər bərpa edilərək, vətəndaşlarımızın doğma yurdlarına qayıdışı təmin edilir. Torpaqlarımızın işğaldan azad edilməsi bizi qürurlandırdığı kimi, abadlaşdırılaraq məskunlaşdırılması da bizi hədsiz sevindirir.

İcra başçısı Qarabağla yanaşı digər regionların, o cümlədən rayonumuzun da davamlı inkişafından danışmış, aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasının təmininə xidmət etdiyini bildirmiş, bununla əlaqədar cənab Prezidentin vaxtaşırı imzaladığı Sərəncamlar barədə sakinləri məlumatlandırmışdır. Rayonun səfalı, mənzərəli kəndlərindən olan Şəvqo kəndinin turizm potensialını nəzərə alaraq inkişafı, sakinlərin problemlərinin həlli üçün bundan sonra da tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Səfail MƏMMƏDOV

Digər xəbərlər