Sosial

  • 2 146

Ekoloji siyasətin daha bir uğuru - Hirkan Milli Parkı

image

Biz istəyirik ki, milli parkların sayı çoxalsın. Bu, indiki və gələcək nəsillər üçün layiqli töhfə olacaqdır.

İlham Əliyev

Bu günlərdə doğma respublikaya şad xəbər gəlmişdir. Azərbaycanın qədim Hirkan meşələri relikt və endemik zənginliyinə və landşaftına görə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu barədə qərar UNESKO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul olunub. Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massivvi və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biri olan Hirkan Milli Parkı ölkəmizin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən ilk təbiət ərazisidir. Təbii ki, bu, təkcə ekoloqlarımızın, təbiətsevərlərimizin deyil, bütün xalqımızın bayramıdır.

Tarixi qaynaqlar göstərir ki, Lənkəran həmişə öz əsrarəngiz təbiəti ilə səyyahların, qonaqların, tarixçilərin, ekoloqların diqqətini cəlb edib. Bu, hər şeydən öncə onun əlverişli coğrafi mövqeyindən və iqlim şəraitindən irəli gəlib. Axı bu yerlərdə necə deyərlər, təbiət öz səxavət süfrəsini açanda xəsislik etməyib, əsrarəngiz gözəlliklərlə bərabər bu torpağa bol-bol nemətlər, zəngin təbii sərvətlər bəxş edib. Əsrlərin şahidi qocaman Talış dağları bu diyarın qədimliyinin əsas göstəricisidir. Hələ mavi Xəzər! Bürkülü yay günlərində onun lacivərd sularına baş vurmaq, qızıl qumlu sahillərdə gəzib dolaşmaq, günəş vannası qəbul etmək kimin ürəyindən keçməz. Hansı xarici qonaq, hansı turist təbii kondisioner kimi sərinlik yayan, bu torpağın simvoluna çevrilən və dünyanın heç bir yerində təsadüf olunmayan ağacların şahı Dəmirağacının, şabalıdyarpaq palıdın, Lənkəran akasiyasının, Lənkəran palıdının, Hirkan ağcaqayının, Hirkan şümşadının, müxtəlif nadir heyvanların, zəngin bitki örtüyünün məskəni olan qədim Hirkan meşələrinin qoynuna tələsməz...

Sevindiricidir ki, ölkəmizdə ilk təbiət abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi “Heydər Əliyev ili”nə təsadüf edir. Məlum olduğu kimi Hirkan meşələrinin ayrıca təbiət qoruğu kimi yaradılması məhz ulu öndərin adı ilə bağlıdır. Sonralar bu diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin ekoloji siyasəti ilə davam etdirildi. İndi qədim Hirkan meşələrinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın ekoloji sahədə illər boyu apardıqları məqsədyönlü fəaliyyətinin məntiqi nəticədir.

Bu gün Azərbaycan təbiətinin özü, xüsusilə meşələrimiz, çaylarımız, qoruqlarımız, parklarımız dünyanın ekoloji möcüzələridir. Xarici səyyahlar, turizm, müalicə və digər məqsədlərlə respublikamıza gələnlər bu yerlərin heyrətamiz təbiətə malik olduğunu etiraf ediblər. Fransız yazıçısı və səyyahı Aleksandr Dumanın əsərlərində Azərbaycan, onun füsunkar təbiəti, insanları böyük məhəbbətlə tərənnüm olunur, flora və faunamızın zənginliyi, can dərmanı olan bitkilər təbliğ edilir, bu diyarın bənzərsizliyi göstərilir. Bunu bütün ekoloji parametrlərlə Hirkan Milli Parkının timsalında görmək mümkündür.

Azərbaycanda ümumi sahəsi 893 min hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir. O cümlədən milli parklar 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizdir. Onlardan biri də Hikran Milli Parkıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 9 fevral 2004-cü il 81 saylı sərəncamı ilə parkın ərazisi genişləndirilərək 21435 hektara çatdırılmışdır. Sonralar parkın ərazisi 2 dəfə artırılmış, 40358 hektar olmuşdur.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini davam etdirir. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi genişləndirilərək 3.7 faizdən 10,3 faizə çatdırılmışdır. Bu da ölkə ərazisini, 893 min hektarını təşkil edir. Belə ərazilərin sahəsinin daha da genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hirkan Milli Parkı da həmişə Dövlət qayğısı ilə əhatə olunub. Parkın relikt və endemik bitkilərinin, heyvanat aləminin, zəngin bitki örtüyünün mühafizəsi ilə əlaqədar son illərdə xeyli iş görülüb...

Hirkan Milli Parkı, Talış dağları və meşələri haqqında danışarkən Akademik Həsən Əliyevin 1957-ci illərdən başlayaraq bu sahədə tədqiqatlarına nəzər salmaq kifayətdir. Keçmiş SSRİ-nin tanınmış təbiət alimləri ilə bu yerlərdə qonaq olan, geniş tədqiqatlar aparan akademik XVII əsrin əvvəllərində bura səfər edən Almaniyanın Rusiyadakı səfiri Adam Olerinin Muğan səhrası, keçilməz Lənkəran meşələri, Talış dağları barədəki məlumatlarını təqdir edir. Müəllif yazır ki, buranın füsunkarlığını görmədən, oranı təsəvvür etmək çətindir. Bura elə "cənnət bağı"nın özüdür.

Hirkan meşələrini bir botanika bağına və zooloji parka çevirməyi təklif edən akademik Həsən Əliyev bu yerlərin gələcəyinə böyük inam bəsləyirdi. Axı dünya şöhrətli alim təbiət sərrafı idi. O, bu zəngin təbiətin yüksək meyarını təyin edə bilirdi. Dünya şöhrətli alimimiz bu sahədə çox həssas idi və elmi araşdırmalara, apardığı çoxsaylı tədqiqatlara, müşahidələrinə əsaslanaraq rəyini bildirərək deyirdi ki, Talış meşələri dünyada tayı-bərabəri olmayan flora və faunaya malikdir, dünyada nadirin nadiridir və bunu qoruyub artırmaq yerli sakinlərin, dövlətin borcudur.

Hirkan Dövlət Qoruğu 888 hektar sahədə 1936 – cı il dekbar ayının 8 – də ilk dəfə olaraq Lənkəran Qoruğu adı ilə yaradılıb, sonradan onun sahəsi 15 min hektara qədər artırılıb. 1961 – ci ildə o, Qızılağac Dövlət Qoruğunun filialına çevrilib. 1969 – cu ildə isə həmin filial Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə Hirkan Dövlət Qoruğu müstəqil qoruq elan edilib.

Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 1969-cü ildə Hirkan Dövlət Qoruğu yaradıldı. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Hirkan Milli Parkının təsbit edilməsi bu yerlərin təbiətinə Ulu öndərin qayğı və diqqətinin davamı oldu. Hirkan Milli Parkının ərazisinin iki dəfə artırılması üçün planlı işlər görülmüş və həyata keçirilmişdir. Geniş sahəsinə, hər qarış torpağa düşən bitkinin zənginliyinə görə üstün olan Hirkanın özünün ətraf mühitə, təbiətə böyük təsiri var. Burada hər ağac, hər kol can dərmanıdır. Cənub bölgəsinin bu zəngin parkı şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları dəfələrlə Hirkanın təbii gözəliklərindən savayı, onun bitkilərinin min bir dərdin dərmanı olduğunu sübut ediblər. Onlardan biri- Seyid Əli Kazımbəyov “Səidiyyə” əsərinda yazır ki, “taun və vəba xəstəlikıəri bütün ətrafı-Ərdəbil, Rəşt, Qarabağ, Şirvan və qeyri yerləri tutduğu halda Talışa sirayət etmədi”. Məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərində baş verən xəstəliklərin əli bu füsunkar diyara çatmır. Səbəbi nədir? Təqiqatlar nəticəsində bəlli olmuşdur ki, bu yerlərdə bitkilərin biomüxtəlifliyi, yüzlərlə ağac və kolun təbii dərman mənbəyi olması, landşaftın özündə ayrı-ayrı xəstəliklərə qarşı müvazinətin güclü olması və s. əlamətlərdir.

Milli Park flora və faunası ilə zəngindir. Buradakı ağacların əksəriyyətində Hirkan adı çəkilməsi fərdi xüsusiyyət daşıyır, bunların ancaq adı çəkilən əraziyə mənsubluğunu təsdiq edir. Hirkan ağcaqayını, Hirkan armudu, Hirkan ənciri, Hirkan bikəvəri, Hirkan şümşadı və daha onlarca bu ünvanlı ağac və gül kolu... dəmirağac, şabalıdyarpaq palıd, yarpaqvarı qızılağac, qanadmeyvə, yalanqoz... Bütün bunlar qiymətli, nadir ağaclardır və bunlardan hazırlanan qiymətli əşyalar dünyanın məşhur muzeylərində indi də saxlanılır.

Bəs Milli Parkın heyvanat aləmi? Xallı maral, cüyür, çöl donuzu, bəbir, oxlu kirpi, porsuq, dələ, Hirkan arıquşu... Adlarını çəkdiyimiz heyvanat növləri də məhz Hirkan Milli Parkında yaşayır və bu yerlərin zəngin iqliminə uyğunlaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevi Hirkan təbiət abidəsinin UNESKO-nun İrs siyahısına daxil edilməsi ilə əlaqədar gördükləri işlərdən danışaraq dedi: - Hirkan meşələrinin YUNESKO – nun Ümumdünya irs siyahısına daxil edilməsi ilə əlaqədar ötən müddət ərzində onlayn formatda bir çox işçi görüşləri keçirilib. Görüşlərdə yerli ekspertlərlə yanaşı nominasiya sənədinin hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edib. Sonralar müəyyən səbəblər üzündən nominasiya təklifləri barədə qərarın qəbul edilməsi qeyri – müəyyən vaxta təxirə salınıb.

Məlum olduğu kimi ölkəmizin ərazisində geoparkların yaradılması və qlobal geoparklar şəbəkəsinə qoşulmasına dair işlər davamlı şəkildə aparılır. “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında” Azərbaycan Respublikasının qanununda müvafiq dəyişikliklər edilib, “Azərbaycan Respublikasının geoloji parkların ümumi əsasnaməsi” təsdiq olunub.

2022-ci ilin fevral ayında YUNESKO-nun maliyyə dəstəyi ilə “Gələcək sizin əlinizdədir: gənc ekoloqların bacarığını artırmaq” layihəsi çərçivəsində Hirkan MP-nın və palçıq vulkanları əsasında yaradılacaq geoparkın tanıtımı ilə bağlı tədbir həyata keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, QHT-lərin, media və yerli icmaların nümayəndələrinin, eləcə də, könüllülərin iştirakı təmin edilib, KİV-də geniş təbliğatı işlər həyata keçirilib...

Təbiət nə qədər zəngin olarsa, bir o qədər insanın zövqünə, yaxşı mənada sağlamlığına nüfuz edər. Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqqəddəs borcudur. Əhali ilə aparılan maarifləndirici tədbirlər də təbii ki, bu sahədə öz səmərəsini verir. Respublikanın milli parklarının, qoruq və yasaqlıqların fauna və florası qayğı ilə qorunur. Bu mühüm işdə indi bütün kollektivlər məsuliyyət daşıyır. Demək olar ki, Xüsusi Mühafizə olunan Təbiət Ərazilərində hərə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.

1 saylı Regional ETSİ-nin rəisi, təcrübəli ekoloq Ceyhun Hüseynov Hirkan meşələrinin UNESKO-nun İrs siyahısına salınması ilə əlaqədar sevincini bizimlə bölüşərək dedi:

- Təbiətin varlığı, onun bütün sərvətləri hamımız üçündür. Odur ki, insanın şüuruna, düşüncəsinə təsir göstərmək, onda təbiətə vurğunluq hissi oyatmaq borcumuzdur. Respublikamızda da həmin vəzifələr ayrı-ayrı müvafiq təşkilatlar və təbiəti sevən insanlar tərəfindən həyata keçirilir. Təbii ki, bu da öz müsbət nəticəsini göstərir. Elə Hirkan meşə massivinin UNESKO-nun Ümumdünya İrs sıyahısına salınması ölkəmizin ekoloji həyatında mühüm hadisədir. Bu hadisə hamımızı sevindirir. Axı, bu, hər şeydən əvvəl ölkə başçısı cənab İlham Əliyevin uğurlu ekoloji siyasətinin mühüm töhfəsidir...

Vətən təbiətdən başlanır. Ölkəmizin təbiəti isə öz zənginliyi, rəngarəngliyi, biomüxtəlifliyi baxımından fərqlidir. Başqa sözlə desək, meşələrimiz, parklarımız bütün dünya ekoloqlarının diqqət mərkəzindədir. Xüsusi mühafizə olunan təbiət ərazilərimiz canlı muzey təsiri bağışlayır. Bu baxımdan Hirkan Milli Parkı dövlət xadimlərinin, rəsmi şəxslərin, alimlərin, səyyahların və turistlərin ən çox ziyarət etdikləri məkana çevrilib. Belə olan halda təbiətimizin incisi sayılan qədim Hirkan meşələrini qorumaq həmişəkindən daha vacibdir. Bu, təkcə dövlətin işi deyil, ümumxalq işidir. Hamımız bizə həyat bəxş edən təbiətə əsl övlad sevgisi bəsləməli, onun qayğısına qalmalı və təbii sərvətlərin zənginləşməsinə öz,töhfəmizi verməliyik. Təbii ki, nəsillər bir – birini əvəz edir. Yaşından asılı olmayaraq hər kəsin təbiətə öz yanaşması var. Gənclər təbiətin mühafizə işinə daha çox cəlb edilməli, onlara ana məhəbbətə sevgi hissləri aşılanmalıdır. Bir sözlə ata – babalarımızdan əmanət kimi qəbul etdiyimiz təbiəti biz də daha zənginləşmiş halda nəsillərə ötürməliyik!

Hirkan meşələrinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bizə qürur hissi yaşatmaqla bərabər, eyni zamanda təbiətimizin flora və faunasının zənginliyini qorumaq baxımından məsuliyyətimizi qat-qat artırır...

Bəxtiyar Hüseynov,
AYB və AJB-nin üzvü, yazıçı–ekoloq

Digər xəbərlər