PDF Oxu

Sosial

  • 5 544

Psixologiyanı pozan psixoloqlar KÖŞƏ

image

İndiyədək psixoloji xidmətlərdən heç vaxt istifadə etməmişəm. Yəqin psixoloji vəziyyətimlə buna ehtiyac duymamışam. Bu səbəbdən də psixoloji xidmətlər haqqında görünür, məlumatsızmışam. Lakin bu gün mətbuatda oxuduğum bir xəbərlə anladım ki, bizdə psixoloqlar var ki, qəbulu 500 manat, hətta bundan da baha imiş...

Nə səbəbə? Psixoloqlardan biri-Nizami Orucov,- istənilən sahənin professionalları, artıq ad-san qazanmış mütəxəssisləri qiymət formalaşdırarkən müəyyən amilləri özləri üçün əsas götürürlər,- deyir. Və öz üzərində misal çəkib davam edir: xaricdə təhsil, kitablara verilən pullar, ixtisasartırma kursları, toplanmış bilik və təcrübələr - hamısı mənim qəbulumu olduqca dəyərli edir, eyni zamanda insanlara bahalı gəlir. Çünki bu, olduqca böyük resurslar tələb edən ixtisasdır. Mənim sağlamlığımı, özümə dəyər verməyimi, problemləri həll etməyimi də bura əlavə etsək... Nə qədər çox problem həll etmişəmsə, deməli, bir o qədər uğurlu mütəxəssisəm.

Psixoloqun bu fikirləri ilə tanış olar-olmaz uzun illər sonra psixologiyamın qarışdığını hiss etdim. Mənə bir anlıq elə gəldi ki, həyatdan mənəvi tərəfim üzülür. Lakin özümü birtəhər toplayıb, ataların “Ağac bar gətirəndə başını aşağı salar” aforizmini yadıma saldım. Sonra da öz-özümə dedim ki, yox, ay rəhmətliklər, deyəsən, XXI əsr hər şey kimi, bu ağac məsələsinə də bir əl gəzdirib: ağac bar gətirəndə ta başını aşağı salmır...

Sonra da dedim ki, bu ağacı-filanı qoy bir kənara. Deməli, xaricdə təhsil almamısansa, mütəxəssis deyilsən? Kitablara axı biz də xeyli pul xərcləmişik, əziz psixoloq... İxtisasartırma kurslarında da dəfələrlə olmuşuq. Təcrübəmiz də yetərli qədərdir. Vallah, başqa ixtisasları deyə bilmərəm, elə jurnalistika da, əziz psixoloq, sizin dediyiniz kimi, böyük resurslar tələb edir.

Nizami bəy, sağlamlığa gəlincə, sabah necə olacağını heç kim deyə bilməz. Problemləri həll etməyə gəlincə, bizlər də minlərlə problem həll etmişik. Özümüzə dəyər verməyə gəlincə, isə düşünürəm ki, bu, elə bizlik iş olub. Özünə dəyər verməyin xidmət haqqına təsir etdiyini indi eşidirəm. Sizin bir qəbulda tələb etdiyiniz 500 manat bizim bir aylıq əmək haqqımızdır. Həm də yüzlərlə uğurlu yazıların müəllifi olan bizlərin. Özümüzə verdiyimiz dəyər bir yana, dövlət, xalq-oxucu bizə hər zaman dəyər verir. Kimsəsiz uşaqdan da yazmışıq, həbsdə olan qadın-kişidən də, fəhlədən də, müəllimdən, həkimdən də. Lakin xidmət haqsız, ancaq maaşa...

Qaldı sizin, “Əlbəttə ki, bütün bunlar qiymətləri formalaşdırır. O insanlar ki mənim, yaxud başqa psixoloqların qəbuluna ödəniş edə bilmirlər, onlar üçün dövlətin ödənişsiz psixoloji xidmətləri var. Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirinin də psixoloji xidmətləri mövcuddur. Onlara müraciət edə bilərlər” sözlərinizə, həqiqətən də nə yaxşı ki, bu dövlət var, yoxsa “özəllərin” öz əllərindəcə boğulardıq.

Onu da demək istəyirəm ki, istənilən resursa malik olmaq fərqlilik deyil. Fərqlilik məhz 500 manatı olanı deyil, olmayanı qəbil edib sağaltmaqdır. Təbii ki, həmişə deyil, hərdənbir.

Düşünürəm ki, inşallah, 500 manata gücü çatmayanlardan Allah şəfasını əsirgəməz. Ki, onlar da sizlərə möhtac olmaz.

Bir də səhərdən bəri onu fikirləşirəm ki, bu xəbəri oxuyandan sonra mən bu qədər psixoloji sarsıntı keçirdimsə, gör, qəbulunuzun qiymətindən xəbərsiz olaraq sizə müraciət edən, lakin qapıdan qaytardığınız psixoloji vəziyyəti normal olmayanlar nə vəziyyətə düşürlər...

Son olaraq, həmkarlarımdan xahiş edirəm ki, belə xəbərləri saytlara çıxarmasınlar. Ona görə ki, bu tip yazılar normal psixologiyanı belə pozur...

Mətanət Məmmədova

Digər xəbərlər