Sosial

  • 2 345

Tariximizi necə yaşadaq?..

image

Tarix həyatdır, həyatın içərisində hadisədir. Tarix insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan dövrümüzədək necə yaşamasını, onların həyatlarında hansı hadisələrin baş verməsini, insan cəmiyyətlərinin həyatı necə və nə üçün dəyişməsini öyrənən elmdir.

Tarix, həyatdır, deyirik. Bəs bu həyatı necə salnamələşdirməliyik ki, gələcək nəsillərin də ötən həyatlardan və hadisələrdən xəbəri olsun. Tarix bəzən heç də olduğu kimi nəsillərdən-nəsillərə ötürülmür. O, kiminsə istəklərinin də qurbanı olur, təhriflərlə də üz-üzə qalır. Bəs necə etməli ki, yaşanan tarix olduğu kimi yaşadılsın. Axı buna bütün cəmiyyətlərin ehtiyacı var. İnsanlar öz həqiqi keçmişini öyrənmədən, bilmədən hansı tarix, dəyər üzərində həyatını davam etdirə bilər? Bu barədə danışaq.

Tarix və biz

Zaman ötdükcə tarix dəyişir, öz dövrünə məxsus olanları “çiyinlərində” daşıya-daşıya keçmiş olur. Baxmayaraq ki, biz də həmin zamanlarda tarixin yanında oluruq, onu gündəlik həyatımızda yaşayırıq, lakin həmin yaşananları yazmasaq, arxivləşdirməsək, tarixləşdirməsək, olanlar da bizim kimi dünyasını dəyişib əbədiyyətə qovuşa bilər. Bu isə istənilən bir xalqın yaşadığı tarixi itirməsi ilə nəticələnər. Belə olan halda isə biz itirdiklərimizlə nə xalq, nə də millət ola bilərik. Odur ki, tarixi yaşatmağın bütün vasitələrindən istifadə etməklə buna nail olmalıyıq.

“Tarix” anlayışı üç müxtəlif səviyyədə və mənada istifadə olunur. Birincisi, sosial-tarixi proses-ictimai inkişaf, ikincisi, ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsviri və nəhayət, üçüncü, bu prosesin insan tərəfindən bütövlüklə dərk olunması. Birinci anlayışa görə tarix sosial-tarixi proses kimi inkişaf edir, yəni irəliləyir. İkinci anlayışa görə təbii ki, tarixi proseslərin hər biri xronoloji ardıcıllıqda yaşanır. Üçüncü anlayış isə ən vacib olanı, yəni insanların bu proseslərin hər birini dərk etməsini ehtiva edir. İnsan tərəfindən keçmiş hadisələrin dərk olunması üçünsə elə bir sistem və baza yaradılmalıdır ki, o, bu prosesi asanlıqla qavraya, öyrənə və gələcək nəsillərə daşıya bilsin.

Beləliklə, tarix və biz bir-birimizlə sıx əlaqədə olan iki-maddi və mənəvi varlığıq. Tariximizi bilməriksə, deməli, yoxuq. Eləcə də tarix, biz yoxuqsa, yaşanmasının nə mənası var...

Tarix arxivlərdə, qəzetlərdə, kitablarda filmlərdə... yaşayır

Tarix o zaman yaşadılır ki, baş verən hadisələr vaxtında yazılır. Baş verən tarixi hadisələri insan zaman-zaman kitablardan öyrənir, kitablar əsasında çəkilmiş filmlər vasitəsilə tanış olur. Kitabların hasil olmasında isə təbii ki, çap mediasının rolu əvəzsizdir. Yazıçı, tədqiqatçı bir hadisəni öyrənmək üçün arxivlərə üz tutur. Lakin arxivlərdə həmin hadisə barədə sadəcə rəsmi sənədləri görə, hadisələrin xronoloji ardıçıllığını əldə edə bilir. Lakin çap mediası hadisələrin həm tarixini, xronologiyasını, həm də onların şərhini, mahiyyətini açıqlayır. Ayrı-ayrı təhlillər, analizlər, münasibət yazıları, müsahibələr hadisə haqqında müfəssəl təəssürat yaradır. Beləliklə, həm arxivlər, həm qəzet redaksiyalarında yaradılan qəzet arxivləri tarixdir. Gələcək araşdırmaçı, tədqiqatçı, tarixçi üçün dəyərli arxiv.

Mən 3 il əvvəl “Naxçıvan blokadası” adlı kitabımla əlaqədar Naxçıvan şəhərində yerləşən dövlət arxivində araşdırma aparırdım. Burada mənə əsasən lazım olan 1990-1993-cü illərə aid xeyli sənəd əldə edə bilsəm də, lakin müfəssəl məlumatı Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetinin arxivindən əldə edə bildim. Qəzetin səhifələrində elə yazılara rast gəldim ki, həmin yazılar məni blokadanın başladığı illərə, naxçıvanlıların aclıqla, həyati təhlükə ilə üz-üzə qaldıqları illərə apardı. Bu yazılar həmin dövrün ictimai-sosial həyatını elə təsiredici bir tərzdə ifadə edirdi ki, oxuduqca həmin dövrün adamına çevrilir, hadisələr içərisində blokadanın acınacaqlı günlərini yaşayırdım.

Və yaxud da, digər bir misal. İkinci cahan müharibəsini biz nəsil görməmişik. Minlərlə soydaşımızın gedib qayıtmadığı, Vətənimizin sərvətlərinin axıdıldığı, hətta neftimizin alman faşizmi üzərində qələbədə böyük əhəmiyyətə malik olduğu müharibə haqqında bizdə yalnız kitablardan oxumaqla, filmlərə baxmaqla təsəvvür yaranıb. Bu kitablar isə təbii ki, arxivlərdən, qəzet səhifələrindən, şahidlərdən istifadə ilə ərsəyə gəlib, o kitablar isə filmlərin ərsəyə gəlməsinə zəmin yaradıb.

Eləcə də Birinci Vətən müharibəsi. Ermənistanla-Azərbaycan arasında 1989-1994-cü illəri əhatə müharibənin acılarını biz görmüşük, yaşamışıq. Övladlarımızın isə həmin müharibə haqqında müfəssəl məlumat alması təbii ki, bizdən asılıdır. Bizim qəzetlər, yazdığımız kitablar, çəkdiyimiz filmlər, hətta bəstələdiyimiz bir mahnı belə böyük tarix haqqında məlumatdır. Bu məlumatların dərk olunmasıdır. Beyinlərə yazılıb əbədiləşməsidir.

Biz övladlarımıza Birinci Vətən müharibəsi haqqında məlumat verməsəydik, onlar İkinci Vətən müharibəsinin nə olduğunu dərk edərdilərmi? Anlaya bilərdilərmi, düşmən erməni 30 il əvvəl Qarabağı və Şərqi Zəngəzurun müəyyən ərazilərini vəhşicəsinə işğal edib, minlərlə soydaşımızı doğma ev-eşiyindən, əzəli ata-baba yurdundan zorla didərgin salıb? Əlbəttə, anlamazdılar. Anlamadıqları üçün də mübarizəyə qalxmazdılar.

Bax, tarixin öyrənilməsi, yaşadılması, gənc nəslə öyrədilməsi özünü Vətən müharibəsində bariz şəkildə göstərdi. Biz gənclərimizin vətənpərvərliyinin, tariximizi doğru bildiklərinin şahidi olduq. Onların hər biri hər qarış torpağımız uğrunda canından keçməyə hazır idi. Onlar şəhid, qazi oldular, həyatları yarımçıq qaldı, lakin tarixi torpaqlarımızı düşməndən geri ala bildilər. Çünki tariximizi bilirdilər. Bilirdilər ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycan torpaqlarıdır. Bunların minilliklərə söykənən tarixi var.

Evdə, bağçada, məktəbdə, hətta nağıllarda...

Tarixi öyrənmək, yaşatmaq o qədər məsuliyyətli məsələdir ki, bunu övladlarımızın ən kiçik yaşlarından başlamaq lazımdır. Onlara olan-keçənləri anlatmaqla, yaddaşlarına həkk etməklə tariximizi öyrətməliyik. Ana-nənələrimiz uşaqlara söylədikləri nağılları tarixin bir hadisəsi üzərində qurmaqla buna nail olmalıdırlar. Hər evdə tarixi hadisələr haqqında tez-tez söhbət açmaqla, uşaqlarla birgə filmlər izləməklə, kitab oxumaqla tariximizi öyrənməyə başlamalıyıq.

Bağçada, məktəbdə müəllimlər tarixi hadisələrin bir parçasını gündəlik uşaqlara öyrətməlidirlər. Bizdə belə tarixi hadisələr, anlar olduqca çoxdur. Minilliklər boyu şanlı-şərəfli tariximiz, qəhrəmanlarımız, milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz var. Müharibələr görmüş bir xalq kimi acılı və şanlı tariximiz var. Bunların hər biri gündəlik mövzulara çevrilib uşaq və gənclərimizə məktəbəqədər müəssisələrdən tutmuş universitetlərdə belə gündəlik aşılanmalıdır.

Tarixi hadisələr, müharibələr mövzusunda cizgi, televiziya və bədii filmlərin sayını artırmaqla tariximizin daha dərindən öyrənilməsinə və yadda qalmasına nail ola bilərik. Hələlik bu kimi filmlər ölkəmizdə azdır. Lakin çalışmalıyıq ki, onların sayını çoxaldaq. Xüsusilə İkinci Vətən müharibəsinə aid hələlik sanballı bir filmə tamaşa edə bilməmişik.

Bu müharibənin ayrı-ayrı o qədər mövzuları var ki, onların hər birini bir filmdə açmaq, göstərmək olar. Bu filmlərin çəkilməsi üçün kitablar da var, yazılı mətbuat da var. Və cəmi 3 illik zaman kəsiyində baş verdiyi üçün şahidlər də var. Bir də hər birimiz uzaqdan da olsa, bu savaşın şahidi deyilikmi? Belə filmlərin bu gün çəkilməsi daha canlı, tarixi olar. Nəinki 5-10 il sonra. Odur ki, ssenaristlərimiz, rejissorlarımız, bəstəkarlarımız tarixi yaşatmaq prinsipi ilə qollarını çırmayıb işə başlamalıdırlar.

Bizim övladlarımız gündəlik olaraq evlərimizdə, baxçada, məktəbdə, ali təhsil ocaqlarında tariximizlə, onun yaşadılması ilə bağlı film, mahnı, söhbətlərlə əhatə olunmalıdırlar. Elə etməliyik ki, bütün bunlar onların yaddaşına həkk olunsun.

Tarix: bəzən olduğu, bəzənsə bizim istədiyimiz kimi...

Əslində tarixi olduğu, baş verdiyi kimi yaşatmaq çox çətindir. Nəzərə alsaq ki, bütün dünyada baş verən hadisələr bəzən olduğu kimi, bəzən isə kimlərinsə istəyi fonunda tarixləşir, belə deməyə əsasımız olur. Elə bunun üçün də tarix üzərində o qədər həssaslıqla işlənməlidir ki, o, olduğu kimi gələcəyə ötürülə bilsin. Tarixə, tarixi hadisələrə bir qədər məsuliyyətsizliklə yanaşmaq, hadisələri olduğu kimi əks etdirməmək zaman-zaman həqiqəti öz əllərimizlə itirməklə nəticələnə bilər. Gözümüzün önündə nankor ermənilərin Azərbaycan tarixini saxtalaşdırdıqlarının dəfələrlə şahidi olmuşuq. Biz əgər tariximizi müfəssəl bilməsəydik, vaxtında baş verən hadisələri yazmasaydıq, arxivləşdirməsəydik, bu həqiqətləri ortaya çıxarıb nəinki erməniyə, bütün dünyaya nümayiş etdirə bilərdikmi? Əlbəttə, yox. Elə buna görə də hər bir vətəndaşımız əlindən nə gəlirsə, etməlidir. Yazmaqla, filmlərə köçürməklə, bəstələməklə, söyləməklə, bir sözlə, yorulmadan tarixi yaşatmalı, öyrənməli, qorumalı və gələcək nəsillər üçün bir salnamə yaratmalıyıq. Başqa heç nə ilə dünəni bu günə, bu günü sabaha daşıya bilmərik.

Mətanət Məmmədova

Digər xəbərlər