Sosial

  • 3 144

1941-1945: yaşanan və yaşadılan tarix

image

Ümummilli Lider Heydər Əliyev: İkinci dünya müharibəsinin bir tərəfdən dəhşətli dağıntılar, insanların həlak olması, digər tərəfdən dünyanın yenidən dəyişməsi baxımından bəşər tarixində öz yeri var. Bu müharibədə çox xalqlar iştirak edib. Azərbaycan xalqı da o vaxt mənsub olduğu ölkəni, Vətəni müdafiə etmək, dünya mədəniyyətini mürtəce qüvvələrdən xilas etmək üçün bu müharibədə iştirak etmişdir.

1941-ci ildə Azərbaycan sovet ittifaqının əsarətində olan 15 müttəfiq ölkədən biri idi. 1918-ci ildə qanımız bahasına əldə etdiyimiz müstəqilliyimiz sayəsində yaranan Xalq Cümhuriyyəti 23 ay sonra devriləndən sonra Azərbaycanda sovet hakimiyyəti qurulmuş, biz bu hakimiyyətin qanunları çərçivəsində yaşamağa başlamışdıq. Bu, 70 il davam etdi.

1941-ci ildə başlanan İkinci Dünya Müharibəsində bu müttəfiqlərin hər biri kimi, Azərbaycan xalqı da öz Vətənini müdafiə etmək üçün mübarizəyə qalxmışdı. Çünki faşist Almaniyası Bakıya qədər irəliləməyi planlaşdırırdı. Sual oluna bilər ki, nə üçün? Ona görə ki, Almaniya digər müttəfiqlərdən fərqli olaraq Azərbaycanın sərvəti barədə məlumata malik idi. Və bilirdi ki, Rusiya bu müharibəni Bakı nefti hesabına udacaq. Bu səbəbdən də Bakıya qədər irəliləyib buna imkan verməməyə can atırdı. Belə olan vəziyyətdə isə təbii ki, Azərbaycanın mərd övladları öz Vətənlərinin müdafiəsinə qalxacaqdı. Yəni məntiqlə düşünəndə biz sovet hakimiyyətinin tərkibində idiksə, bunu etməyə də bilməzdik. Çünki dolayısı ilə bunun ağır nəticələrini yenə də biz yaşamalı olacaqdıq. Bu səbəbdən də azərbaycanlılar İkinci Dünya Müharibəsində böyük fədakarlıqlar göstərdilər. Bakı nefti isə Rusiyanın qələbə qazanmasında əsas amil oldu. Bütün bunlar yaşanan tarixdir. Yaşandığı üçün də yaşadılmalıdır.

Fədakarlıq nümunəsi

1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini-fədakarlığını, vətənpərvərliyini, sarsılmaz mərdliyini nümayiş etdirmişlər. Dəhşətli müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə Azərbaycan oğul və qızı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Arxa cəbhədə isə yaşlı kişilər və respublikanın bütün iş qabiliyyətli qadınları çalışır, xalq təsərrüfatının bütün sahələrində döyüşə gedənləri əvəz edirdilər.

1941-1945-ci illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların isə 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı həlak olmuş, azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçmişdir.

223-cü Diviziya Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərmiş, 416-cı Diviziyanın əsgərləri isə Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olmuşlar.

Ordunun ehtiyacını ödəmək üçün xalqımız arxa cəbhədə də misilsiz əmək hünəri göstərmiş, gecə-gündüz bilmədən çalışmışdır. Qadınlar qızıl zinət əşyalarını təhvil verərək cəbhəyə köməklik göstərmişlər. Onlar həmçinin qiymətli ev əşyalarını da cəbhəyə köməklik üçün əsirgəməmişlər. Bütün bunlar isə xalqımızın qədim adət-ənənələrindən, mentalitetindən irəli gəlirdi. Axı bizim tarixin bütün dönəmlərində kollektivçilik, həmrəylik, paylaşmaq, yardımlaşmaq kimi dəyərli xüsusiyyətlərimiz olub. Qonşularımız da, qonaq gələnlərimiz də əsrlər öncə bu keyfiyyətlərimizin şahidi olmuşlar. Elə buna görə də xalqımız başqa cür yanaşa bilmirdi bu müharibəyə. Kimin əlindən nə gəlirdisə, köməkliyini göstərirdi.

Həm canımızla, həm sərvətimizlə...

Bakıda hasil edilən neft müharibədə qələbənin qazanılmasına böyük töhfə vermişdir. O illərdə Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Ona görə də 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaəti, habelə arxa cəbhədəki fədakarlığı hər zaman fəxrlə xatırlanır.

Faşizm üzərində qələbədən 79 il ötür. Faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Ulu Öndər veteranlara həmişə qayğı bəsləmişdir

Ulu Öndər Vətən yolunda xidməti olan insanlara heç vaxt qayğısını əsirgəməmişdir. Ötən əsrin 70-ci illərində veteranlara göstərilən qayğı Ümummilli Liderimiz siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra unudulmuş, 1941-1945-ci illər müharibəsi iştirakçılarına, Sovet İttifaqı qəhrəmanlarına və arxa cəbhədə çalışan veteranlara qarşı biganə, laqeyd münasibət göstərilmişdir. Hətta ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hakimiyyətdə olanlar 9 May – Qələbə Gününü qeyd etməmək barədə rəsmi tapşırıq da vermişdilər. Ancaq Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi 1990-1993-cü illərin Naxçıvanında veteranlar qayğı ilə əhatə olunmuş, 9 Mayla bağlı tədbirlər keçirilmişdir. Ümummilli Liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 may respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyazları və statusları bərpa olunmuşdur.

Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 may tarixli “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı ölkəmizdə ümumilikdə 3 minə yaxın şəxsə şamil olunacaq. Onlardan 30-u İkinci Dünya müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

Birdəfəlik maddi yardımların verilməsi üçün dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb. Birdəfəlik maddi yardımlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürülür.

Qeyd edək ki, 20 ildən artıqdır ki, İkinci Dünya müharibəsi iştirakçıları və yuxarıda vurğuladığımız kateqoriyalardan olan insanlar bu cür qayğı ilə əhatə olunurlar. 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamlar bu kateqoriyadan olan insanlara göstərilən qayğının bariz nümunəsidir.

Onların xatirəsi xalqımız üçün əzizdir

Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətini heç vaxt unutmayacaq. Çünki bu beşillik zaman kəsiyi bütün acıları, ağrıları ilə yaşanıb. Minlərlə oğul və qızımız 1941-ci ildə müharibəyə yollanıb. Onlar arxada bir ailəni, həyat yoldaşını, nişanlı qızı, sevgilini buraxıb gediblər. Qayıdanlar sağlamlığını itirsə də, yenə də ata-ana, bacı-qardaş, həyat yoldaşı, övlad, sevgili hicranını vüsal edə biliblər. Qayıtmayanların isə arxada qoyduqlarına qovuşmaq hissi, ürəklərindəki min bir istək və arzu Rusiyanın ucsuz-bucaqsız torpaqlarına gömülüb. Nə arzular ürəklərdə dəfn olunub. Nə göz yaşları məktublarda saralıb, nə nisgillər kağız parçalarına tökülüb. Nə gözlər illərlə yollarda qalıb. Neçə-neçə analar hər qapı döyüləndə “bəlkə yoldaşımdır, oğlumdur, gəlib”,- deyə qapıya yaxınlaşıb. Və ümidi elə oradaca yenidən qırılıb.

Axı biz müharibələr, acılar, itkilər görmüş bir xalqıq. Şəhidin, qazinin acısını yaşamış bir xalqıq. Belə isə eyni taleni yaşayan insanları unutmaq olarmı? 90-cı illərdə hakimiyyətdə olanlar sərsəmləsələr də, bunun Ulu Öndərimiz tərəfindən qarşısı alındı. Yoxsa bu gün bunun əzabını çəkərdik. Birinci və İkinci Vətən müharibələrində itirdiyimiz balalarımızı, qazilərimizi hər an ananda İkinci Dünya müharibəsinə gedib qayıtmayan minlərlə övladımızın taleyi ilə bağlı tarixin silinməsini özümüzə bağışlaya bilməyəcəkdik.

Bu gün onlara qayğı ilə yanaşılması, anılması üçün Ümummilli Liderimizə borcluyuq. O, böyük bir tarixi sərsəmlərdən xilas etdi, qorudu. Odur ki, Ulu Öndər hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Həm də böyük minnətdarlıq hissi ilə.

İkinci Dünya müharibəsində həlak olanların, yaralananların, zəhməti ilə kömək olanların həyat yolu bugünkü və gələcək nəsil üçün nümunədir. Elə bu nümunə ilə tərbiyə etdiyimiz gəncliyimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük vətənpərvərlik və fədakarlıq göstərdi. Vətəni qorumaq nümunəsi nümayiş etdirdi.

Hər bir tarixi yaşandığı üçün qorumaq gələcək nəsillərin borcudur. Bu gün həmin tarixi günləri anmaqla, xatırlamaqla, tədbirlər keçirməklə vətəndaş olaraq vəzifəmizi yerinə yetiririk. Həmişə də belə davam edəcəyik. Çünki onların hər birinin xatirəsi xalqımız üçün əzizdir.

Mətanət Məmmədova

Digər xəbərlər