PDF Oxu

Sosial

  • 2 181

Həkimlər və xəstələr...

image

Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, dünyada milyonlarla pasiyent zərər görür. Aşağı və orta gəlir səviyyəsi olan ölkələrdə isə həmin qaydalara əməl olunmadığına görə 2,6 milyon nəfər həlak olur. Dünya miqyasında pasiyentlərə vurulan zərərin sosial və iqtisadi fəsadları bir neçə trilyon dollarla ölçülür.

Elə bütün bunlara görə, 2019-cu ilin mayında Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında sentyabrın 17-si Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günü kimi təsis olunub.

İnsan həyatı, sağlamlığı birbaşa həkimlərdən asılı olduğu üçün Pasiyent Təhlükəsizliyi gününün bir tərəfində həkimlər, digər tərəfində isə xəstələr, yəni pasiyentlər dayanır. Həkimlər xəstənin həyatını xilas etməyə, onunla mehriban davranmağa borcludur. Xəstənin hərtərəfli qayğısına qalmaq, sağlamlığının qorunması üçün həkimlər and içiblər, Hipokrat andı.

Xəstələr isə həkimə tabe olmalı, onun tövsiyə və məsləhətlərinə əməl etməlidir ki, nəticə müsbət olsun.

Lakin təəssüflər olsun ki, müasir dövrümüzdə yalnız maliyyə təchizatından sonra xəstə müalicəsinə başlayan, məhz bu cəhətə görə xəstə ilə münasibət qura bilən həkimlər az deyil.

Pasiyentlərin təhlükəsizliyi dedikdə gözlər önünə həyatını səhiyyə sisteminə verən vicdanlı həkimlər, bilik və qabiliyyətini artıran, xəstələri düzgün müalicə etmək üçün yenilikləri öyrənən, maliyyə təchizatı onun üçün ikinci planda olan səhiyyə işçiləri gəlir. Xəstənin hər bir ağrı-acısını öz ağrısı hesab edən, xəstə məmnunluğu üçün gecə-gündüz səylə, vicdanla çalışan həkimlər gəlir.

Təəssüf ki, bu gün səhiyyə, sağlamlıq ocaqlarını biznes obyektinə çevirən “həkimlər”, “səhiyyə işçiləri” də az deyil. Tez-tez rast gəlinən hadisələrdən biri xəstə ölümü, kiminsə əməliyyat zamanı həyatını itirməsi, doğuş zamanı dünyasını dəyişməsidir. Eşidirik ki, hansısa bir özəl xəstəxanada doğulan uşağın valideynindən külli miqdarda pul qoparmaq üçün yeni doğulan uşaq günlərlə xəstəxanada küvəcdə saxlanılır, həm də yüksək depozitlə. Qadının normal doğuşla uşağını dünyaya gətirməsinin mümkün olduğu halda, onun keysəriyyə əməliyyatına cəlb olunması hadisələri də az sayda deyil. Və yaxud da pulu olmadığı üçün həkim qəbuluna düşə bilməyən xəstələr də var.

Və həkimlər də var ki, onu utanmadan söyləyir ki, mənim yanıma pulu olan gəlsin, pulu olmayan getsin dövlət xəstəxanalarına.

Tək özəl xəstəxanalarda deyil, dövlət xəstəxanalarında da problemlər xeyli var. Məsələn, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sistemində də dəqiqəbaşı problemlərlə rastlaşmaq olur. Yəqin ki, işin düzgün qurulmamasının nəticəsidir ki, xəstəxanalarda həkim qəbuluna düşmək üçün günlərlə növbə gözləməli, ÜSM müayinəsi üçün 10 günlərlə gözləməli olursan.

Beləliklə, pasiyentin təhlükəsizliyi hər zaman təmin oluna bilirmi? Yəni həkimə müraciət edən xəstə hər zaman məmnun qalırmı? Əlbəttə, xeyr. Həkimlər var ki, xəstəni müayinə edir, müalicəyə başlayır, lakin heç bir effekti olmur. Xəstə sağalmaq əvəzinə, vəziyyəti gündən-günə pisləşir.

Belə isə yaxşıları qoyaq bir kənara, yaxşı olmayanları pasiyentlərin təhlükəsizliyi haqqında düşünməyə çağıraq. O pasiyentlərin ki, onlar həkimə gedərkən böyük bir ümidi də qəlblərində aparırlar. Bu ümidi məhv etməyin, həkimlər!

Mətanət Məmmədova

Digər xəbərlər