Sosial

  • 1 496

Bürcündən məhrum uşaqlar...

image

Zaman vardı ki, uşağın dünyaya gəlməsinə Allah hökm verirdi. Yəni ana hamiləliyinin doqquzuncu ayının sonlarına doğru övladının hansı gün, hansı saatda dünyaya gəlişindən xəbərsiz onun yolunu səbirsizliklə gözləyirdi. Bu, gecənin yarısında da ola bilərdi, səhərin sübhündə də, gündüzün ortasında da...

Dünyaya uşaq gəlirdi. Allahın hökmü, yazısı ilə. Ona alın yazısı verilir. Doğum gününün hansı günə təsadüf etməsi ilə onun bürcü müəyyənləşir ki, bu bürc insanın həyatında böyük əhəmiyyətə malik olur.

Aid olduğumuz bürc xarakterimizlə birləşir. Aid olduğumuz bürclə gələcəyimiz birləşir. Hətta kiminlə ailə qurub onu ömür-gün yoldaşına çevirə biləcəyimiz, bu evliliyin bizim üçün uğurlu və yaxud uğursuz olması da birbaşa bürclərimizlə bağlıdır. Çünki bütün bunlar alın yazısı deyilən məqamda birləşir və Allah-təaladan hər birimizə ərməğan edilir. Bu, o qədər böyük mənaya malikdir ki... Yəni, həyatımızın, xoşbəxtliyimizin, övladlarımızın gələcəyinin bir parçasıdır, deyə bilərik. Lakin bütün insanlar belə düşünürmü? Onlar Allahın alın yazısı ilə barışırmı?

Taleni özləri yazanlar...

Artıq biz bütün sahələrdə Allahın hökmünü pozduğumuz kimi, insanın dünyaya gəlməsi məsələsində də Allahın hökmünü pozmaqdayıq. Belə ki, artıq illərdir ki, analar övladlarının dünyaya gəlməsi günündən xəbərsizdir. O mənada ki, artıq həmin günü onların özləri müəyyən edirlər. Məsələn, bu ayın 15-i həyat yoldaşımın və yaxud oğlumun ad günüdür, bu uşaq da həmin vaxt doğulsa, yaxşı olar. Filan gün anamın doğum günüdür, elə uşağın doğuşunu da həmin günə salsaq, gör necə gözəl olar. Bu kimi onlarla nümunələr göstərmək olar ki, artıq uşağın dünyaya gəlmə tarixini valideynlər özləri təyin edirlər.

Bunun da başlıca səbəbi indi artıq qadınların “müasirləşməsi”, təbii yolla deyil, süni yolla doğuşa, yəni keysəriyyə əməliyyatına verdikləri üstünlüklə bağlıdır. Əvvəllər keysəriyyə əməliyyatı o qadınlarda aparılırdı ki, onlarda doğuş anında hansısa bir problemin olduğu müəyyən edilirdi və həkim qərar verirdi ki, bu qadın uşağı dünyaya gətirməklə öz həyatını itirə bilər. Belə olanda onun üçün keysəriyyə üsulu seçilirdi. Bu da çox təsadüfi xarakter daşıyırdı.

Lakin müasir cəmiyyətimizdə artıq təbii doğuşlar təsadüfi hallarda olur. İndi hər bir qadın demək olar ki, keysəriyyəyə üstünlük verir. Bu üsula üstünlük isə həm də uşağın Allah-təalanın yazdığı, bəxş etdiyi günə qarşı çıxmaq kimi qəbul edilməlidir. Çünki, artıq burada doğuş gününü qadın özü, həkimi və ailəsi müəyyən edir. Allah bu uşağın dünyaya gəlmə əmrini ayın 5-nə vermişdirsə, uşaq dünyaya gəlir 10 gün əvvəl. Beləliklə, onun taleyinə yazılan bürc də qarışıq düşür.

Öz bürcündən məhrum uşaqlar...

Bəli, beləliklə, uşaq öz bürcündən ya əvvəlki, ya da sonrakı bürcə məxsus olur. Övladımız böyüdükcə, onda elə xarakterlərlə, keyfiyyətlərlə qarşılaşırıq ki, bunu heç cür ayırd edə bilmirik ki, bu, nə üçün belə olub. Məsələn, övladımız çox dəcəldir, ipə-sapa yatmır və yaxud onda qeyri-adi bir xasiyyət var. Belə olanda biz onun bürcünə baxırıq. Baxırıq ki, görək bu uşaqdakı xasiyyət barədə onun məxsus olduğu bürc nə deyir. Oxuyuq, bürcündə övladımıza aid heç bir şey görmürük. Belə olanda hələ bir bürclərə də inanmamağa başlayırıq ki, əşi, bu bürclər də doğrunu söyləmir. Lakin bircə dəfə düşünmürük ki, axı biz özümüz övladımızın bürcünün yerini dəyişik salmışıq. Bu bürcü biz ona vermişik. Allahın qismət etdiyi gündə doğulsaydı, təbii ki, o öz bürcündə olacaqdı və biz bu qədər problemlə qarşılaşmayacaqdıq.

Uşaqlarda bəzi psixoloji hallar da yaşanır ki, bunun aradan qaldırılmasında təbii ki, məxsus olduğu bürcün göstəricilərindən istifadə etməklə müalicə aparmaq olur. Biz keysəriyyə əməliyyatı ilə övladımızın dünyaya gəlmə tarixini dəyişməklə onun bürcünü də dəyişir və bütün hallarda əngəllər yaradırıq. Beləliklə...

Bürcümüzə uyğun olmayan xarakterimiz

Sonra uşaqlar böyüyür. Hər kəs kimi onlar da zamanında bürcləri ilə tanış olmaq istəyirlər. Hətta ona da maraq edirlər ki, görək nikahda hansı bürclər bizim üçün uğurlu hesab olunur. Oxuyur, məlumatlanırlar. Lakin bu məlumatlar onlar üçün doğru hesab edilirmi? Əlbəttə, yox.

Məsələn, Allah övladımızı “Xərçəng” bürcünü məsləhət bilib, ona bu bürcün xasiyyətini, uğurunu, uğursuzluğunu, nə bilim, xeyrini verib. Öz bürcünə müvafiq insanlarla dost olmağı, öz bürcünə uğur gətirəcək bürclərdən olan qadınla, kişi ilə ailə qurmağı uyğun bilib. Bizim analarımız nə edir? Bizi “Əkizlər”də dünyaya gətirir. Biz də oluruq “Əkizlər” bürcündən.

Və yaxud “Qız” bürcünə məxsus olduğumuz halda “Şir” bürcünə aid zamanda dünyaya gəlirik. Əslində “Qız” bürcü ilə “Şir” bürcü arasında o qədər böyük fərq var ki, elə bu fərqlər də gələcək həyatımızı tamamilə bir-birinə qarışdırır. Nə ata-ana, nə baba-nənə, nə biz özümüz özümüzdən baş aça bilmirik ki, biz nə üçün şir kimi hökmranlıq etmək xarakterində deyilik. Hələ üstəlik valideynlər bizi qınamağa da başlayırlar ki, sən nə qədər bacarıqsızsan: nə üçün heç olmasa bürcünə çəkməmisən? Axı sən “Şir” bürcündənsən. Həmişə güclü, əzəmətli, hökmran, diktator olmalısan.

Düşünmürük ki, axı bu uşaq “Şir” bürcündən deyil, “Qız” bürcündəndir. O, diqqətlidir, çalışqandır, istək və arzusunun reallaşması üçün əlindən gələni edəndir və bir o qədər də məsuliyyətlidir. Lakin hökmranlığı sevmir, diktator olmaq istəmir. Bu, onun xarakterinə yaddır.

Zaman gəlir, sevib sevilirik. Sevdiyimizin bürcü ilə maraqlanırıq. Oxuyub məlumat alırıq ki, onun bürcü ilə bizim bürcümüzün nikahda uğuru var? Amma əslində belə deyil axı. Çünki bizim bürcümüzün yerini dəyişdirib valideynlərimiz. Ailə qururuq. Baxırıq ki, yox, xasiyyətlərimiz uyğun gəlmir. Əsla bir yerdə yaşamağımız mümkün olmur. Belə olanda bürclərə inamsızlığımız yaranır. Hansı ki, bürclər bizim həyatımızın astronomik tərəfidir və onu da Allah bizim üçün uyğunlaşdırıb.

Nəinki bürclər, ay, gün, saat, an belə bir taledir

Valideynlərimiz bilsələr ki, bizim dünyaya gəlişimizi müəyyənləşdirən Allah onu necə incə detallarla düşünüb-daşınıb həll edib, əsla bu cür hərəkətlərə yol verməzlər. Nəinki bürc, bizim hansı ayda, gündə, saatda, hətta anda belə dünyaya gəlməyimizin özünəməxsus tərəfləri, taleyimizdə böyük rol oynayan məqamları var.

Nə üçün bir iş görəndə deyirlər ki, kaş ki, işimizin üstünə filankəs gələrdi, ayağı çox uğurludur. Nə üçün qonşu səhər-səhər evdən çıxıb bir işin dalınca gedəndə darvazadan boylanır ki, görüm yan qonşu küçədə deyil. Bilir ki, qarşısına o çıxsa, işi alınmayacaq. Nə üçün biz xeyirli bir iş üçün gedəndə evdəki beş-altı ailə üzvündən məhz birinə deyirik ki, gəl, bu işi sən başla? Çünki bu insanların günün hansı saatında dünyaya gəlməsi ilə bağlı uğurlu-uğursuz olmaları da müəyyən edilir. Sübh çağı, günorta və axşamçağı doğulan insanlar arasında günün vaxtlarına görə də fərqlər var ki, bu fərqlə həyatımızı başa vururuq.

Lakin müasir dövrümüzdə günləri də, saatları da, hətta ayları da dəyişdiririk. Bu adamın, necə deyərlər, ayağı sayalı olduğu halda, axşamçağı doğulub deyə onu o cür tanımırlar. Və yaxud da əksinə. Bəli, beləliklə də səhv addımımızla, doğum günlərinin üst-üstə, yan-yana, yaxın, əlamətdar günlərlə qoşa düşməsi naminə talelərimizdə, həyat tərzimizdə də dəyişikliklər edirik. Belə olan halda isə...

Allaha ehtiyac duymayanlar...

Bəli, belə olan halda ağıla gələn yalnız o olur ki, bəzi insanlar Allaha ehtiyac duymur. Yəni özləri özləri üçün lazım olanı müəyyən edirlər. Hansı ki, onların hər birini bizə bəxş edən yaradıcı bir qüvvə var. Əgər o Yaradan olmasa, əslində heç nəyimiz olmaz.

Düşünürəm ki, oturub qarşımıza papağımızı qoyub fikirləşməyin vaxtı çoxdan çatmışdır. Lakin biz fikirləşməkdə də, düşünməkdə də hər zaman olduğu kimi gec qalırıq.

Övladlarımız, onların gələcək taleyi naminə oturub fikirləşməliyik. Fikirləşdikcə də özümüzə sual verməliyik ki, əgər bütün bunlara biz qərar verməliyiksə, Allah nə üçündür bəs?

Nə üçün, nəyə görə övladımızın dünyaya gəlişinin real vaxtını gözləmirik? Nə üçün gözləməməliyik? Burada tələsik nə var ki? Axı nə üçün övladımızla həyat yoldaşımızın doğum günü eyni vaxtda olmalıdır. Nə üçün qızımızla nənəsinin ad günü eyni gündə qeyd olunmalıdır. Nə üçün oğlumuz böyük qardaşı ilə bir günün sevincini paylaşmalıdır... “Filan tarixdə hansısa bir qohumun toyu olacaq və mən o toyda hökmən iştirak etməliyəm”,- deyə nə üçün övladımızın doğum gününü qabağa çəkməliyik, bürcünü dəyişməliyik? Allahın ona bəxş etdiyi cümə gününü çərşənbə ilə, Allahın ona bəxş etdiyi sübh çağını axşamçağı ilə, Allahın ona bəxş etdiyi saatı başqa saatla əvəzləşdirməliyik? Nə üçün? Məgər biz tale yazanıq?

Taleni Allah yazır. Ulu Yaradanın bir anı belə min bir məna ilə, dəyərlə, qismətlə əlaqəlidir. Allahın bəxş etdiyi doğum günü bizim Yaradanımızla bağımızdır. Allah bu bağla bizi idarə edir. Bizsə o bağı qoparırıq. Övladımızı gələcək çətinliklərlə üz-üzə qoyuruq. Elə bir çətinlik yaradırıq ki, nə o özünü tanıyır, nə də biz dünyaya gətirdiyimizi. Qalırıq müəmmalı nüanslar qarşısında. Sual dolu bir həyat qarşısında...

Bəsdir, deməyin vaxtıdır. Biz həyatımızın bütün tərəflərinə müasirlik gətirdik. Qapılarımızı Avropanın üzünə açdıq, dedik ki, gəl, xoş gəlmisən, keç yuxarı başa. O da keçdi oturdu yuxarıda. Nəyi istədi, verdik ona. Geyimimizdən tutmuş yeməyimizədək, hərəkətlərimizdən tutmuş davranışlarımızadək. Ta bu qədər yetər axı. İndi də doğum tarixlərimizi bada verməliyik? Belə olmaz axı.

Analar Avropa qadınlarının yolu ilə gedib təbii doğuşa deyil, keysəriyyəyə üstünlük verəcək deyə, övladlar nə üçün bürcünü, ayını, gününü, saatını itirməlidir? Etməyin bunu, analar, böyüklər. Övladlarınızı məxsus olduqlarından məhrum etməyin.

Son söz

Dünyaya insan gəlir. Hər gün... Yüzlərlə, minlərlə. Hər birinin də doğulmazdan əvvəl taleyi doğulur, özü ilə bərabər, alnında yazısını da gətirir. Və elə o andan, o saatdan başlayaraq alın yazısı ilə həyatına davam edir.

Biz dünyaya kişimi, qadınmı gələcəyik, buna qərarı Allah verir. Biz dünyaya hansı ayın hansı günündə gələcəyik, buna da qərarı Allah verir. Bəs biz hansı bürcə, hansı ilə aid olacağıq, bəli, buna da qərarı Allah verir. Allahın qərarı ilə, yəni bizim hansı aya, hansı günə, hansı bürcə aid olmağımızla da xarakterimiz formalaşır, taleyimiz həmin bürcə, ilə, aya, günə uyğunlaşdırılmış şəkildə yazılır. Belə isə, gəlin, nəsibimiz olana üstünlük verək.

Mətanət Məmmədova

Digər xəbərlər