20 noyabr 2026-cı il tarixdə Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbirdə əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin şəhərin Mərkəzi Parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər . Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ədliyyə işçilərini qəbul edib.
Çıxışında Ədliyyə işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayan icra başçısı Araz Əhmədov deyib:- Sizin sahəniz çətin, eyni zamanda şərəfli və məsuliyyətli bir peşədir. Bu işin öhdəsindən gəlmək əməkdaşlardan yüksək peşəkarlıq, prinsipiallıq, qanunçuluğa dönmədən əməl etmək və vətəndaşlara həssas münasibət tələb olunur. Məhkəmə qərarlarının vaxtında və qanunvericiliyin tələblərinə uyğun icrası, vətəndaşların hüquqlarının qorunması və qanunun aliliyinin təmin edilməsi ədliyyə işçilərinin fəaliyyətinin əsas istiqamətlərdən biridir.
Masallı Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Tural İsmayılov göstərilən diqqətə, səmimi təbriklərə, eləcə də əməkdaşların fəaliyyətinə verilən yüksək qiymətə görə Araz Əhmədova minnətdarlığını bildirib. O, kollektiv adından təşəkkürünü ifadə edərək, bundan sonra da xidməti vəzifələrin layiqincə yerinə yetirilməsi, qanunçuluğun möhkəmləndirilməsi və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində səylə çalışacaqlarını deyib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən, vəzifə borclarını yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirən bir qrup əməkdaşa Masallı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü