PDF Oxu

Sosial

  • 297

Yeniyetməlik dövründə idmanın psixososial effektləri: özgüvən, liderlik və sosiallaşma

Yeniyetməlik dövründə idmanın psixososial effektləri: özgüvən, liderlik və sosiallaşma

"İdmanla məşğul olmaq uşaqların həm fizioloji, həm də psixoloji sağlamlığı üçün faydalıdır. Buna görə uşaqların, xüsusən yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Yeniyetməlik şəxsiyyətin, kimlik hissinin və sosial münasibətlərin intensiv formalaşdığı dövrdür və bu mərhələdə fiziki fəaliyyət psixoloji inkişafa güclü dəstək ola bilər. Araşdırmalar idmanın insana təkcə fizioloji deyil, həm də psixoloji fayda verdiyini göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyevin sözlərinə görə, əsas psixoloji faydalar aşağıdakılardır:

Özgüvən və mənlik dəyəri

İdman uşağın özünə olan güvəninin və mənlik dəyərinin artmasına güclü təsir göstərir. Tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlarda yeni fəaliyyət növlərini sınamağa maraq adətən daha çox olur və yeniliklər onları qorxutmur. Hər yeni bacarığın mənimsənilməsi uşağa çətinliklərin öhdəsindən gələ biləcəyini göstərir, bu təcrübə isə özgüvəni möhkəmləndirir.

Liderlik bacarığı
İdman uşaqlarda liderlik bacarığının formalaşmasına kömək edir. Liderlik həyatın bütün sahələrində vacibdir və başqaları ilə qurulan münasibətlər zamanı inkişaf edir. Xüsusilə komanda oyunlarında uşaq kapitan, qərar verən və ya komandanı ruhlandıran rolunda ola bilər. Bu isə məsuliyyət götürmək, qərar vermək və başqalarını dinləmək bacarıqlarını artırır.
Xarakter və həyat bacarıqları
İdman müsbət xarakter xüsusiyyətlərinin formalaşmasına köməklik göstərir. Məsələn, futbol uşaq üçün yalnız topa vurmaq deyil. Oyuna başladığı andan o, qaydalara riayət etməyi, bölüşməyi, qarşılıqlı münasibət qurmağı, qələbə və məğlubiyyəti düzgün qəbul etməyi, vaxtdan səmərəli istifadə etməyi öyrənir.
Dostluq və sosiallaşma
İdman uşaqlarda dostluq qurmaq bacarığını inkişaf etdirir. Özünə qapanıq uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilərlər. İdman komandasının üzvü olmaq, ortaq məqsəd uğrunda çalışmaq və birlikdə vaxt keçirmək ünsiyyəti asanlaşdırır. Saatlarla davam edən məşqlər zamanı uşaqlar bir-birinə bağlanır, bu da onların sosiallaşmasına və uzunmüddətli dostluqlar qurmasına imkan yaradır.
Bədən obrazı
İdmanın uşaqların fiziki görünüşünə və bədən obrazına təsiri də böyükdür. Yeniyetməlik dövründə bədən quruluşu gənclər üçün xüsusilə narahatedici mövzuya çevrilir. Öz bədəni ilə bağlı mənfi düşüncələri olan gənclərdə özgüvən aşağı düşür. Müntəzəm idman bədənin gücünü və imkanlarını hiss etməyə şərait yaratdığı üçün bədənə münasibəti yaxşılaşdırır və gəncləri daha sağlam və özgüvənli edir.
Faydaları şərtləndirən amillər
Qeyd etmək lazımdır ki, idmanın psixoloji faydaları mühitdən asılıdır. Uşağı yalnız nəticəyə yönəldən, daim başqaları ilə müqayisə edən və ya təzyiq altında saxlayan yanaşma əksinə, stres və motivasiya itkisi yarada bilər. Buna görə məşqçi və valideynlərin dəstəyi, uşağın marağına uyğun idman növünün seçilməsi və qələbədən çox inkişafa diqqət yetirilməsi faydaların tam əldə olunmasını təmin edir.
Yeniyetməlik dövrü həm də emosional dalğalanmaların güclü olduğu mərhələdir. Müntəzəm idman bu dövrdə enerjinin və gərginliyin sağlam yolla boşaldılmasına imkan verir, gündəlik rejim yaradır və yeniyetməni zərərli vərdişlərdən uzaq tutmağa kömək edə bilər.

Afət Tahirqızı

Digər xəbərlər