Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı onilliklərin ictimai-siyasi inkişafına da öz təsirini göstərir. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə tarixi hadisələrdən biridir. Həmin gün Azərbaycan xalqının gələcəyə olan ümidini, güclü dövlət qurmaq istəyini və milli maraqlar naminə birləşmək iradəsini ifadə edən yeni siyasi təşkilatın əsası qoyuldu.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca mürəkkəb və məsuliyyətli bir dövr idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz ciddi siyasi, iqtisadi və sosial problemlərlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, daxili siyasi qarşıdurmalar, idarəçilikdəki böhran və cəmiyyətdə yaranmış qeyri-müəyyənlik dövlətçiliyimizin gələcəyini təhlükə altına alırdı.
Belə bir şəraitdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və vətənpərvər insanlar ölkənin gələcəyinə biganə qala bilməzdilər. Onlar mövcud vəziyyətdən çıxış yolunu xalqın etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə və siyasi nüfuza malik olan Heydər Əliyevin rəhbərliyi ətrafında birləşməkdə görürdülər.
1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti ilə başlayan bu proses qısa müddətdə ümumxalq siyasi təşəbbüsünə çevrildi. Həmin müraciət Azərbaycan cəmiyyətində yeni siyasi təşkilatın yaradılmasına olan ehtiyacın ifadəsi idi. Heydər Əliyev oktyabrın 24-də müraciətə cavab verərək belə bir partiyanın yaranmasının tarixi zərurətdən irəli gəldiyini bildirdi. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın bütün bölgələrindən seçilmiş nümayəndələrin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bu hadisənin mühüm cəhəti ondan ibarət idi ki, YAP-ın yaranması yalnız yeni siyasi təşkilatın formalaşması demək deyildi. Bu, Azərbaycanın gələcək inkişafı ilə bağlı konkret siyasi baxışın, dövlətçilik fəlsəfəsinin və milli məsuliyyət anlayışının meydana çıxması idi. Partiyanın qarşıya qoyduğu əsas məqsədlər müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətdə sabitliyin təmin olunması və ölkənin inkişafına xidmət edən siyasi mühitin formalaşdırılması idi.
Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlaması ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və təşkilatçılıq bacarığı qısa müddətdə partiyanın geniş ictimai dəstək qazanmasına imkan yaratdı. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Həmin dövrdə ölkənin qarşısında dayanan ən vacib vəzifə dövlət müstəqilliyini qorumaq, vətəndaş qarşıdurması təhlükəsini aradan qaldırmaq və idarəçilik sistemini möhkəmləndirmək idi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının gücləndirilməsi və iqtisadi inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı.
Yeni Azərbaycan Partiyasının siyasi tarixində mühüm mərhələlərdən biri də 2003-cü ildən sonrakı dövrü əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Ölkənin iqtisadi potensialı genişləndirildi, sosial infrastruktur yeniləndi, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyası da cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakını davam etdirdi. Partiyanın təşkilati strukturlarının gücləndirilməsi, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, qadınların siyasi və sosial həyatda iştirakının genişləndirilməsi onun fəaliyyətinin mühüm istiqamətlərindən oldu.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası isə müasir tariximizin ən mühüm hadisələrindən biridir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyin bərqərar olması Azərbaycan dövlətinin gücünü və milli birliyin əhəmiyyətini nümayiş etdirdi. Bu tarixi hadisələr Yeni Azərbaycan Partiyasının yaranmasının 1992-ci ildəki əsas ideyalarından biri olan güclü və müstəqil Azərbaycan dövlətinin qurulması məqsədinin müasir mərhələdə hansı nəticələrə gətirib çıxardığını göstərən mühüm tarixi reallıqlardır.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr də zamanın tələblərinə uyğun olaraq yenilənir. Müasir dövrdə siyasi təşkilatların fəaliyyəti yalnız tarixi nailiyyətlərin təbliği ilə məhdudlaşmamalı, həm də yeni ideyaların, təşəbbüslərin və ictimai inkişafın dəstəklənməsinə xidmət etməlidir. Xüsusilə gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş fəallığının artırılması və müasir idarəçilik prinsiplərinin təşviqi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələr partiyanın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi diqqət çəkir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi fikirlər yeni dövrün reallıqlarını, qarşıda duran hədəfləri və siyasi təşkilatın üzərinə düşən məsuliyyəti əks etdirir.
Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə keçirilmiş təsis konfransı müasir Azərbaycan tarixində siyasi təşkilatın yaranması ilə yanaşı, milli birlik və dövlətçilik düşüncəsinin təşkilatlanmış ifadəsi kimi də öz əhəmiyyətini qoruyur.
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatı sədrinin müavini