Hər bir siyasi partiyanın inkişaf tarixində onun fəaliyyət istiqamətlərini, təşkilati strukturunu, siyasi prioritetlərini və gələcək hədəflərini müəyyən edən mühüm mərhələlər mövcuddur. Bu baxımdan qurultaylar partiyanın həyatında xüsusi yer tutur. Qurultaylar ötən dövrün fəaliyyətinin ümumiləşdirildiyi, əldə olunan nəticələrin təhlil edildiyi, qarşıda dayanan vəzifələrin müəyyənləşdirildiyi və siyasi fəaliyyətin yeni dövrün tələblərinə uyğunlaşdırıldığı ali məclislərdir. Yeni Azərbaycan Partiyasının çoxillik inkişaf yolu da bu ali toplantılarda qəbul edilmiş qərarlar, irəli sürülmüş təşəbbüslər və müəyyənləşdirilmiş strateji istiqamətlərlə sıx bağlıdır. Partiyanın hər bir qurultayı ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə uyğun olaraq yeni vəzifələrin meydana çıxması, mövcud imkanların səfərbər edilməsi və gələcək fəaliyyətin daha mütəşəkkil şəkildə qurulması ilə səciyyələnmişdir.
Yeni Azərbaycan Partiyasının qurultaylar tarixi 1999-cu il dekabrın 20–21-də keçirilən I qurultaydan başlayır. Bu toplantıda Ulu Öndər Heydər Əliyev yenidən partiyanın Sədri seçilmiş, rəhbər orqanlar formalaşdırılmış, partiyanın Proqram və Nizamnaməsinə müvafiq dəyişikliklər edilərək strateji fəaliyyət istiqamətləri dəqiqləşdirilmişdir. 2001-ci il noyabrın 21-də keçirilən II qurultay partiyanın təşkilati mövqelərinin möhkəmləndirilməsi və siyasi fəaliyyətinin daha da genişləndirilməsi baxımından əlamətdar olmuşdur. 2005-ci il martın 26-da baş tutan III qurultayda İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi təşkilatın həyatında yeni mərhələnin başlanğıcını qoymuşdur. 2008-ci il avqustun 2-də keçirilən IV qurultayda Prezident İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilmiş, 2013-cü il iyunun 7-də keçirilən V qurultayda bu siyasi qərar bir daha təsdiqini tapmışdır. 2018-ci il fevralın 8-də keçirilən VI qurultayda da partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülmüş, partiyanın siyasi və təşkilati fəaliyyətinin qarşıdakı mərhələsi ilə bağlı mühüm məsələlər müzakirə olunmuşdur.
2021-ci il martın 5-də keçirilən VII qurultay isə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən cəmi bir neçə ay sonra baş tutması ilə xüsusi siyasi məzmun daşıyırdı. Həmin toplantıda ölkənin yeni reallıqlar şəraitində qarşısında dayanan vəzifələr, partiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması və təşkilati strukturunun təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində oldu. Qurultayda altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşmək barədə müraciətləri qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdırıldı. Bu qərarlar YAP-ın siyasi dayaqlarının genişlənməsi, müxtəlif siyasi baxışlara malik insanların ümummilli məqsədlər ətrafında birləşməsi və partiyanın təşkilati potensialının gücləndirilməsi baxımından əhəmiyyətli addımlar idi. VII qurultay həm də Azərbaycanın əldə etdiyi Zəfərin yaratdığı yeni siyasi reallıqların partiyanın fəaliyyətində nəzərə alınmasının başlanğıc mərhələsi kimi yadda qaldı.
Bu qurultayların hər biri öz dövrünün ictimai-siyasi şəraitindən irəli gələn vəzifələri əks etdirsə də, onların hamısını birləşdirən ümumi xətt Azərbaycanın dövlətçilik maraqlarına sədaqət, siyasi sabitliyin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafına töhfə vermək məqsədidir. Zaman keçdikcə partiyanın qarşısında dayanan vəzifələrin məzmunu dəyişmiş, fəaliyyət istiqamətləri genişlənmiş, lakin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi fundamental siyasi prinsiplər öz mahiyyətini qorumuşdur. Məhz bu ardıcıllıq Yeni Azərbaycan Partiyasının dəyişən tarixi şəraitə uyğunlaşmaqla yanaşı, öz ideoloji əsaslarına sadiq qalmasının mühüm göstəricisidir.
Bu inkişaf yolunun növbəti mühüm mərhələsi 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı oldu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi bu toplantı əvvəlkilərdən fərqli ictimai-siyasi və geosiyasi şəraitdə baş tutdu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı çıxışında bu xüsusiyyəti xüsusi vurğulayaraq bildirdi: «Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir». Bu fikir qurultayın tarixi məzmununu və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edən əsas siyasi mesajlardan biri idi.
Bu inkişaf yolunun növbəti mühüm mərhələsi 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı oldu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi bu toplantı əvvəlkilərdən fərqli ictimai-siyasi və geosiyasi şəraitdə baş tutdu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı çıxışında bu xüsusiyyəti xüsusi vurğulayaraq bildirdi: «Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir». Bu fikir qurultayın tarixi məzmununu və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu ifadə edən əsas siyasi mesajlardan biri idi.
Dövlət başçısının qurultaydakı çıxışı Azərbaycanın müstəqillik dövründə keçdiyi yolun siyasi təhlili olmaqla yanaşı, ölkənin gələcək inkişaf istiqamətlərini və partiyanın qarşısında dayanan vəzifələri müəyyənləşdirən proqram xarakterli nitq idi. Prezident İlham Əliyev YAP-ın təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu vurğulayaraq, ölkənin əldə etdiyi uğurlarda partiya fəallarının töhfəsini yüksək qiymətləndirdi.
Qurultayda təhlükəsizlik və müdafiə məsələləri, tarixi Zəfərin qorunması, hərbi gücün artırılması ilə yanaşı, ideoloji işin müasir tələblərə uyğun qurulması da prioritet istiqamətlər kimi önə çəkildi. Prezident İlham Əliyev formal yanaşmalardan uzaqlaşmağın, cəmiyyətlə daha çevik ünsiyyət qurmağın və ölkədə həyata keçirilən siyasət, quruculuq işləri barədə həqiqətlərin geniş auditoriyaya çatdırılmasının vacibliyini bildirdi. Bununla yanaşı, Azərbaycanın müstəqil xarici siyasətinin davam etdirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin, Böyük Qayıdışın davam etdirilməsi qarşıdakı dövrün əsas vəzifələri sırasında qeyd olundu. Səsləndirilən fikirlər partiyanın fəaliyyətinin də bu ümummilli hədəflərə uyğun olaraq daha çevik və müasir məzmun almasını nəzərdə tuturdu.
Bütün bu məqamlar bir daha göstərir ki, Yeni Azərbaycan Partiyasının çoxillik inkişaf təcrübəsi onun zamanın çağırışlarına uyğun yenilənmək, milli maraqlara əsaslanan siyasi xətti qorumaq və qarşıya qoyulan hədəflərə ardıcıl şəkildə nail olmaq bacarığını nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi partiyanın inkişafında siyasi varisliyi və davamlılığı təmin edir.
Elvin Ağayev,
YAP Salyan rayon təşkilatının gənc fəalı