Hər xalqın tarixində elə günlər var ki, onların əhəmiyyəti illər keçdikcə daha aydın görünür. 1992-ci il noyabrın 21-i Azərbaycanın ən yeni tarixində məhz belə günlərdən biridir. Həmin gün Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı. Bu il partiyanın yaranmasından 34 il ötür və bu ildönümü xüsusi əhəmiyyət daşıyır, çünki o, partiyanın VIII qurultayından cəmi bir neçə həftə sonra, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni dövrdə qeyd olunur.
Partiyanın yarandığı şəraiti xatırlamadan bu tarixin mahiyyətini anlamaq mümkün deyil. 1988-ci ildən başlayan xalq hərəkatı gedişində ölkədə müxtəlif siyasi qurumlar formalaşmağa başlamışdı. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanda 1990-cı illərin əvvəllərində bir sıra partiyalar yarandı. Lakin bu partiyalar ölkəni dərin iqtisadi, siyasi və mənəvi böhrandan çıxara bilmədi. Əksinə, hakimiyyətdə bir-birini əvəz edən siyasi qüvvələr vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli həddə çatdırdı. Bu, cəmiyyətin qabaqcıl hissəsini, ziyalıları və tanınmış şəxsiyyətləri son dərəcə narahat edirdi.
Məhz belə bir vaxtda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Onlar bu məqsədlə xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu sənəddə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu. Oktyabrın 24-də Heydər Əliyev ziyalıların müraciətinə cavab verdi.
O dövrdə Heydər Əliyev blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət süni maneələr yaradırdı. Bu səbəbdən partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana getdi və təsis konfransını orada keçirməyə nail oldu. Bu fakt özü-özlüyündə partiyanın yaranışının nə qədər çətin şəraitdə baş verdiyini və onun yaradıcılarının hansı qətiyyətə malik olduğunu göstərir.
Azərbaycanın bütün bölgələrindən seçilmiş nümayəndələrin təmsil olunduğu konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla yanaşı, Siyasi Şura, İdarə Heyəti və Sədr müavinləri də seçildi. Beləliklə, müstəqil dövlətçilik tariximizdə böyük missiyanı yerinə yetirən və xalqımızın taleyində mühüm hadisəyə çevrilən siyasi təşkilat meydana gəldi.
Partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alındı. Qısa müddətdə yerli təşkilatlar və özəklər yaradıldı, 1992–1993-cü illərdə rayon təşkilatları formalaşdı. 1993-cü ilin fevralında Heydər Əliyev Bakıda partiya fəalları ilə görüşdü, aprel ayında isə “Yeni Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxdı. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi təhlükəsi yarananda partiya bu təhlükənin aradan qaldırılması üçün fəal ideoloji iş apardı.
1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi, iyunun 15-də Ali Sovetin sədri seçildi. Oktyabrın 3-də isə YAP Sədri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da partiyanın həyatında yeni dövrün əsası qoyuldu. YAP-ın statusu yeni şəraitə uyğun dəyişdi, ölkənin siyasi həyatında mövqeyi möhkəmləndi və o, kütləvi siyasi qüvvəyə çevrildi.
Bu gün geriyə baxarkən görürük ki, Naxçıvanda verilən qərar təsadüfi deyildi. O, xalqın ehtiyacından, cəmiyyətin sabitlik və dövlətçilik arzusundan doğmuşdu. Prezident İlham Əliyev VIII qurultaydakı çıxışında bu həqiqəti belə ifadə edib: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Bu sözlər 21 noyabrın təkcə partiya üçün deyil, bütövlükdə Azərbaycan dövlətçiliyi üçün nə qədər mühüm tarix olduğunu göstərir.
Təsis konfransının Naxçıvanda keçirilməsinin rəmzi mənası da var. Blokada şəraitində yaşayan, ağır sınaqlarla üz-üzə qalan qədim diyar həmin günlərdə bütün Azərbaycan üçün ümid mənbəyinə çevrildi. Bölgələrdən gələn nümayəndələr çətin yol qət edərək Naxçıvana çatdılar və bununla göstərdilər ki, ölkənin müxtəlif guşələrində yaşayan insanları vahid məqsəd – dövlətçiliyi xilas etmək məqsədi birləşdirir. Bu birlik ruhu sonradan partiyanın əsas dəyərlərindən birinə, vətəndaş həmrəyliyi prinsipinə çevrildi.
34 il əvvəl Naxçıvanda başlanan yol bu gün də davam edir. Təsis konfransında qəbul edilən Proqram və Nizamnamə illər ərzində yenilənsə də, onun əsas ideyaları – müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət – dəyişməz qalıb. 21 noyabr hər bir partiya üzvü üçün həm keçmişə ehtiram, həm də gələcəyə məsuliyyət günüdür.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri