2026-cl il noyabrın 20-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Yeni Azərbaycan Partiyasının Laçın Rayon təşkilatının sədr müavini Şamo Qasımov, partiya veteranları və fəalları, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə tər çiçəklər düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini və müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna rol oynadığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan partiya qısa müddət ərzində xalqın böyük inam və etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsindən sonra isə YAP öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq təşkilati və siyasi baxımdan daha da güclənib, cəmiyyətin həyatında mövqeyini möhkəmləndirib. Rayon rəhbəri vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin qüdrətini, xalqımızın sarsılmaz birliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının siyasi nüfuzunu da daha da artırıb. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının bu gün Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu diqqətə çatdıraraq bildirib ki, partiyanın həyata keçirdiyi məqsədyönlü fəaliyyət Azərbaycan xalqının milli maraqlarının, arzu və istəklərinin reallaşdırılmasına xidmət edir. Qeyd edib ki, ölkəmizdə mövcud olan milli birlik və həmrəylik, dövlətçilik ənənələrinə sədaqət və azərbaycançılıq ideologiyasına bağlılıq bundan sonra da Azərbaycanın inkişafının və qüdrətlənməsinin əsas dayaqlarından olacaqdır. Bu gün Azərbaycanın bütün ərazilərində üçrəngli Dövlət Bayrağımızın qürurla dalğalanması dövlət suverenliyimizin və milli birliyimizin təntənəsidir.
Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədr müavini Şamo Qasımov çıxışında partiyanın 34 illik fəaliyyəti ərzində şərəfli və məsuliyyətli inkişaf yolu keçdiyini, öz ideoloji prinsiplərinə və siyasi xəttinə sadiq qalaraq ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. O, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilmiş təsis konfransının ölkənin siyasi tarixində mühüm hadisə olduğunu bildirib. Çıxışda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi və siyasi qüdrəti, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.
Laçın rayon 3 saylı körpələr evi-uşaq bağçasının müdiri, Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqları komissiyasının üzvü İradə Həsənova çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və siyasi həyata vəsiqə qazanan YAP ötən 34 il ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, siyasi sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb. Partiyanın zəngin siyasi təcrübəsi, güclü təşkilatlanma modeli və milli maraqlara əsaslanan fəaliyyəti onun cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirib.
Ağcabədi rayonu Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şaiq Məmmədov isə çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə ölkəmizin mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi, dövlət müstəqilliyinin və milli dövlətçiliyin ciddi təhlükələrlə qarşılaşdığı bir dövrdə tarixi zərurətdən yaranıb. Qısa müddət ərzində ümumxalq hərəkatına çevrilən partiya ölkədə siyasi sabitliyin təmin olunmasına, vətəndaş qarşıdurmasının qarşısının alınmasına və dövlətçilik ənənələrinin qorunub möhkəmləndirilməsinə mühüm töhfələr verib.
Vətən müharibəsi qazisi Fəxri Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yalnız siyasi təşkilat deyil, həm də milli maraqlar ətrafında cəmiyyəti birləşdirən mühüm ictimai-siyasi qüvvə olduğunu bildirib. Qeyd edib ki, partiyanın həyata keçirdiyi məqsədyönlü fəaliyyət və dövlət siyasətinə verdiyi dəstək ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. O, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli qürurunun və dövlətimizin gücünün təntənəsi olduğunu vurğulayıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdışın təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində Yeni Azərbaycan Partiyası bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəallığı və səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərmanlar və hədiyyələr təqdim olunub,eyni zamanda, partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonda Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxa tamaşa edilib.