Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluq ənənələrinə əsaslanır. Təməli hələ ötən əsrin ortalarında — 1959-cu ildə Ho Şi Minin Bakıya və 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama tarixi səfərləri ilə qoyulan bu münasibətlər bu gün müasir çağırışlara uyğun şəkildə uğurla inkişaf edir. Xüsusilə azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin formalaşmasında oynadığı müstəsna rol və ölkəmizdə təhsil almış minlərlə vyetnamlı məzun iki xalq arasında qırılmaz mənəvi körpü yaradıb.
Bu gün həyata keçirilən yüksək səviyyəli səfər ikitərəfli əməkdaşlığın tarixində yeni və mühüm səhifə açır. Dövlət başçısının Vyetnama səfəri siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi-ticari əlaqələrin şaxələndirilməsinə güclü təkan verir. Enerji sektorunda SOCAR və "PetroVietnam" arasındakı ənənəvi tərəfdaşlıqla bərabər, nəqliyyat-logistika, ticarət, investisiyalar, kənd təsərrüfatı və turizm sahələrində yeni birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar yaranır.
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzərindəki strateji mövqeyi və Vyetnamın Cənub-Şərqi Asiyadakı dinamik iqtisadi potensialı bu iki dost ölkənin gələcək əməkdaşlığını daha da perspektivli edir. Mövcud səfər təkcə keçmişdən gələn dostluq bağlarının təsdiqi deyil, həm də qarşılıqlı maraqlara söykənən uzunmüddətli və məhsuldar tərəfdaşlığın bariz nümunəsidir.
Elnur Məmmədov,
YAP Lerik rayon təşkilatının sədr müavini