Samuxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyasının müasir dövlətçilik tariximizdə yeri və rolu” adlı tədbir keçirilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının əməkdaşları, Samux rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri,YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş nitqi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, keçdiyi şərəfli inkişaf yoluna və ölkəmizin ictimai-siyasi həyatındakı mühüm roluna toxunub. Bildirib ki, 1992-ci il noyabrın 21-də xalqın tələbi və çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin qorunması, siyasi sabitliyin təmin edilməsi və milli maraqların müdafiəsi istiqamətində tarixi missiya həyata keçirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan Partiya bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq ölkəmizin tərəqqisinə, güclənməsinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir. G.Bayramov, həmçinin YAP Samux rayon təşkilatının fəaliyyətindən, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığından və qarşıda duran vəzifələrdən bəhs edib.
Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə təbrik edib. Partiyanın Azərbaycanın müasir dövlətçilik tarixində oynadığı əvəzsiz roldan, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyətindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərdən danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik maraqlarına, milli həmrəyliyə və xalq-iqtidar birliyinə əsaslanan siyasi fəaliyyəti ilə ölkəmizin inkişafında mühüm yer tutur.
Daha sonra çıxış edən Samux rayon Ağsaqqallar Şurasının sədri Bayram Qasımov, Qiyaslı kənd ərazi partiya təşkilatının sədri Günay Rzayeva, Sərkar UMM ərazi partiya təşkilatının üzvü Sevda Binnətova çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi zərurətindən, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, Partiyanın keçdiyi inkişaf yolundan bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında müxtəlif nəsilləri birləşdirərək dövlətçilik ənənələrinin qorunmasına, milli maraqların müdafiəsinə və ölkənin davamlı inkişafına xidmət edir.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə və Partiyanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub. Partiyaya yeni qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Təltifetmə mərasimindən sonra Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Tədbirin sonunda rayon mədəniyyət şöbəsinin kollektivinin təqdimatında bədii hissə təqdim olunub.