Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda, xalqımızın qürur və iftixar salnaməsində əbədi yaşayır. 20 Noyabr – Ağdam Şəhəri Günü də bu baxımdan xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının, xalqımızın sarsılmaz iradəsinin, Müzəffər Ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təcəssümüdür.
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus milli-mənəvi dəyərlərə malik şəhərlərindən biridir. Qarabağın mühüm mədəniyyət, iqtisadiyyat və yaşayış mərkəzlərindən olan Ağdam uzun illər işğal altında qalaraq ağır dağıntılara məruz qalmış, şəhərin tarixi-mədəni irsi vandalizmə uğramışdır. Bir zamanlar inkişaf edən, insanların qurub-yaratdığı, həyatın qaynayıb-qarışdığı bu şəhər işğal nəticəsində xarabalığa çevrilmişdi. Lakin bütün bu illər ərzində Ağdam sakinləri öz doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Ağdam xalqımızın yaddaşında yalnız bir şəhər kimi deyil, həm də doğma yurda bağlılığın, dözümlülüyün və qayıdış əzminin rəmzi kimi yaşadı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə Azərbaycan xalqının birliyini, milli həmrəyliyini və ordumuzun döyüş qüdrətini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfərə imza atdı. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici mərhələ oldu və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə hərbi-siyasi Zəfərimizin mühüm nəticələrindən biri olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlıların qayıdış arzusuna doğru atılmış tarixi addım idi. Ağdamın azad olunması bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmində olan güclü dövlətdir və heç bir çətinlik xalqımızın iradəsini sarsıda bilməz.
Ağdamın işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulması, tarixi simasının bərpası və müasir yaşayış məkanına çevrilməsi oldu. Dövlət başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Ağdam şəhəri də bu prosesin əsas mərkəzlərindən birinə çevrildi. Şəhərin Baş planı hazırlandı, yeni yollar, yaşayış binaları, sosial obyektlər, məktəblər, səhiyyə müəssisələri və digər infrastruktur layihələrinin icrasına start verildi.
Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin, dövlətimizin uzunmüddətli inkişaf strategiyasının və gələcəyə hesablanmış siyasətinin real nəticəsidir. Müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdam həm də ağıllı və yaşıl şəhər konsepsiyasının tətbiq olunduğu mühüm yaşayış məkanlarından biri kimi inkişaf edir. Burada yaradılan infrastruktur insanların rahat yaşayışı, sosial rifahı, məşğulluğu və iqtisadi fəallığı üçün geniş imkanlar formalaşdırır.
Ağdamın dirçəlişində Böyük Qayıdış proqramı xüsusi yer tutur. Uzun illər məcburi köçkün həyatı yaşayan insanların öz doğma torpaqlarına qayıtması dövlət siyasətinin əsas prioritetlərindəndir. Doğma yurdlarına qayıdan ailələrin yeni mənzillərdə məskunlaşması, uşaqların məktəblərə getməsi, sosial həyatın bərpası Ağdamın yenidən canlanmasının ən böyük göstəriciləridir. Vaxtilə dağıdılmış şəhərin küçələrində yenidən həyatın başlanması Zəfərin yalnız hərbi deyil, həm də quruculuq və inkişaf Zəfəri olduğunu nümayiş etdirir.
Ağdamın tarixi və mədəni irsinin qorunması da bərpa prosesinin mühüm istiqamətlərindəndir. Şəhərin məşhur Cümə məscidi, tarixi-memarlıq nümunələri, mədəniyyət abidələri xalqımızın zəngin keçmişini və milli kimliyini özündə yaşadır. Bu abidələrin bərpası və qorunması gələcək nəsillərə tarixi yaddaşımızın ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ağdamın yenidən qurulması həm də erməni işğalının törətdiyi dağıntıların miqyasını dünya ictimaiyyətinə göstərən, eyni zamanda Azərbaycan xalqının qurub-yaratmaq əzmini nümayiş etdirən tarixi prosesdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ağdamın bərpası, burada müasir infrastrukturun yaradılması, sənaye və iqtisadi potensialın inkişaf etdirilməsi Azərbaycanın gələcək iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək. Bu torpaqlarda aparılan hər bir tikinti, salınan hər bir yol, açılan hər bir məktəb və sosial obyekt dövlətimizin suverenliyinin və tarixi Zəfərimizin əyani ifadəsidir.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil. Bu gün həm də milli birliyimizin, dövlət-xalq-ordu həmrəyliyinin, şəhidlərimizin qanı və qazilərimizin qəhrəmanlığı bahasına əldə edilmiş tarixi Zəfərimizin təntənəsidir. Ağdamın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.
Bu əlamətdar tarix bir daha göstərir ki, Azərbaycan xalqı öz torpaqlarına, tarixinə, milli-mənəvi dəyərlərinə və dövlətçiliyinə sahib çıxmağı bacaran xalqdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Böyük Qayıdışın davam etdirilməsi və Ağdamın müasir şəhər kimi inkişafı şanlı Zəfərimizin əbədiləşdirilməsinə xidmət edir.
Ağdam bu gün dağıntıların deyil, dirçəlişin, ümidsizliyin deyil, inamın, ayrılığın deyil, qovuşmağın ünvanıdır. Bir zamanlar düşmən tapdağı altında qalan bu qədim şəhər indi Azərbaycanın gücünü, xalqımızın yenilməz ruhunu və dövlətimizin quruculuq əzmini nümayiş etdirir.
Ağdam yenidən qurulur, Qarabağ dirçəlir, Böyük Qayıdış davam edir. Bu dirçəliş isə xalqımızın şanlı Zəfərinin ən böyük və əbədi təcəssümüdür!
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi