Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə Neftçala rayonunda “Yeni Azərbaycan Partiyası – Milli Qurtuluşdan qlobal liderliyə” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, partiya veteranları, fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev partiyanın yaranma tarixinə, keçdiyi inkişaf yoluna və ölkənin ictimai-siyasi həyatındakı roluna nəzər salıb. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb siyasi şəraitində xalqın sabitlik və güclü dövlətçilik arzusunun ifadəsi kimi meydana çıxıb. Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun davam etdirir.
Daha sonra çıxış edən YAP-ın veteran üzvü, Neftçala rayon təşkilatının sabiq sədri Oktay Kərimov və partiya veteranı Şakir Bəşirov Yeni Azərbaycan Partiyasının formalaşma mərhələsindən və inkişaf yolundan danışıblar. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin partiyanın fəaliyyətindəki rolu, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında qazandığı mövqe və partiya üzvlərinin dövlətçilik ideyalarına sədaqəti diqqətə çatdırılıb. Veteranlar partiyanın keçdiyi tarixi yolun müxtəlif mərhələlərinə toxunaraq, bu gün əldə olunan nailiyyətlərin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xəttin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin dayandığını vurğulayıblar.
Çıxış edən partiya fəalı, Neftçala şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Elvira Bağırova isə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, onlarda vətənpərvərlik və dövlətçilik düşüncəsinin formalaşdırılmasının əhəmiyyətindən danışıb. O, həmçinin ictimai fəallığın cəmiyyətin inkişafına verdiyi töhfələri qeyd edərək, xüsusilə gənclərin ictimai-siyasi proseslərdə iştirakının vacibliyini vurğulayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm mərhələləri ilə sıx bağlı olduğunu qeyd edib. O, partiyanın keçdiyi tarixi inkişaf yolunun ölkəmizdə siyasi sabitliyin möhkəmlənməsi, dövlət idarəçiliyinin təkmilləşməsi və milli maraqların qorunması prosesində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi və yeni inkişaf hədəflərinə doğru inamla irəliləməsi həmin siyasi strategiyanın mühüm nəticələridir. Rayon rəhbəri YAP Neftçala rayon təşkilatının ictimai-siyasi həyatda fəallığını da yüksək qiymətləndirib.
Tədbir çərçivəsində YAP-ın təsis edilməsinin 34-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Şakir Həşim oğlu Bəşirova, Zakir Malik oğlu Əliyevə və Günay Əlimərdan qızı Ağalarovaya Fəxri Fərmanlar təqdim edilib. Həmçinin Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin bədii hissəsində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin təqdimatında musiqi nömrələri səsləndirilib. Neftçala Rayon Uşaq İncəsənət Məktəbinin “İnci” rəqs qrupunun təqdim etdiyi rəqs nömrəsi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.