Biz əvvəllər belə deyildik, görəsən nə oldu bizə? Bəlkə əvvəllər bizi bizləyənlər çox idi. Elə ki, onlar rəhmətə getdi, biz də artıq bizsiz davam etdik. Və gəlib bu günlərə çatdıq.
Biz nə edirik? Biz yolu işıqforda qırmızı, yaşıl, hansı yandı, dəxli yoxdur keçirik. Lakin əvvəllər dayanıb gözləyirdik ki, yaşıl işıq yansın.
Biz görürük ki, birazdan yaşıl işıq yanacaq, buna məhəl belə qoymuruq, maşını sürüb ağ zolağın-piyada keçid xəttinin üzərində saxlayırıq. İnsanlar maşınların arası ilə ilan kimi qıvrıla-qıvrıla keçməli olur.
Biz nə edirik? Səhər yuxudan beş-on dəqiqə tez qalxmaq əvəzinə, yatıb qalırıq, sonra da işə tələsdiyimiz üçün küçədə qaçır, yanımızdan ötənlərə necə bir təkan vururuqsa, az qalır kəlləsi asfaltın üstündə parça-parça olsun.
Sonra gəlirik metroya, eskalatorda necə qaçırıqsa, az qalır bu yazıq pilləkən relsindən çıxıb darmadağın olsun.
Bizim əvvəlki biz olmadığımızın sübutu bilirsiniz nədir? Biz sağ və sol tərəfimizi tanımırıq artıq. Baxmayaraq ki, metroda mikrofondan dayanıb-durmadan elan olunur ki, sağda dayanın, sol tərəfi keçid üçün boş saxlayın, lakin nə fayda. Bu sözləri gün ərzində min dəfə söyləyən o yazıq qızı heç bir dəfə də dinləyən yoxdur.
Əşi, bu sağ-sol məsələsi dəhşətdir ey... Metroda qatardan düşənlər elə bilir ki, platforma ta onlarındır. Elə yayılırlar bu dar çığıra ki, yanlarından bir iynə də o tərəfə keçə bilməz. Deyirəm ay sağ- sol məsələsi, görəsən sənə əməl edən olacaqmı?
Biz vallah-billah, biz deyilik artıq. Ay qardaş, ay bacı, biz bir-birimizdən Allahın salamını kəsmişik ey... Girirsən liftə, salam verirsən, camaat almır. Ya düşünürlər ki, əşi heç hənanın yeridir, ya da ölməz şair demişkən, axı salam nə yeməli, nə də içməlidir, niyə alsınlar, hələ bir ağızlarını ağrıdıb, cavab versinlər...
Əvvəllər insanların bir-birinə hörmət-sayğısı var idi. Yuxarı mərtəbələrdə yaşayanlar aşağıdakıları düşünürdü. Səs-küy salmamağa çalışırdı. İndi artıq belə deyil. Aşağıdakı insanları düşünmək nədir, kim nə bilir üstdə edir. Canı çıxsın qonşunun, dözür, dözsün, dözmür, köçsün.
Bir az sakit olsan, vallah adam var ki, çıxıb başında əyləşər. Məsələn, gedirsən süd almağa. Görsə ki, bir az yumşaq adamsan, nə utanacaq, nə də çəkinəcək. Gəlib keçib qarşında dayanacaq. Sanki səhərdən bəri gəlib ona burada növbə saxlamalı imişsən.
Vallah, gəl, bunları gör, yaşa görüm, əsəbləşmədən, sakit necə yaşaya bilirsən. Allah sənə rəhmət eləsin, Molla Nəsrəddin. Haradadır o iynən, bizin, gəl, onları da gətir, görünür, bəziləri onlarsız ötüşmür. İynəni, bizini işə sal ki, bizlər yenə əvvəlki bizlər ola bilək.
Mətanət Məmmədova