“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində sonuncu təlimini keçirib.
“Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözləri ilə açan Emal Sənayesi üzrə BDPTM-in nümayəndəsi Tamam Məmmədova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin keçirdiyi təlimlərin aktuallığını diqqətə çatdırıb.
İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Emal Sənayesi üzrə BDPTM-də bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan tələbələrin təhlükəli infeksion xəstəliklər barədə maarifləndirilməsi üçün yaradılan şəraitə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.
Ziba Nəbiyeva qeyd edib ki, uzun müddət simptomsuz keçə bilən və ağır fəsadlarla nəticələnən təhlükəli xroniki infeksion xəstəliklərin qarşısının alınması vacib ictimai-səhiyyə məsələdir. Onun sözlərinə görə, belə xəstəliklərin müalicəsinə və yaratdığı fəsadlara sərf olunan vəsait onların profilaktikasından qat-qat baha başa gəlir:
“Əksər hallarda xronikləşən xəstəliklər uzunmüddətli, hətta ömürlük nəzarət və müalicə tələb edir. Bu baxımdan təhlükəli yoluxucu xəstəliklərlə mübarizənin ən effektiv yolu önləyici profilaktik tədbirlərin vaxtında və davamlı şəkildə həyata keçirilməsidir. Bugünkü təlimin əsas məqsədi gözəllik xidməti göstərilən məkanlarda xroniki viral hepatitlər, İnsan İmmunçatışmazlığı Virusu (İİV/QİÇS) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini azaldacaq biliklərin tələbələrə çatdırılması və sanitar-gigiyena qaydalarına ciddi riayət olunmasının təşviqidir”.
Təlim zamanı Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma üsulları, ətraf mühitə davamlığı, müayinə və müalicə, eləcə də gözəllik salonlarında istifadə edilən manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası qaydaları barədə iştirakçılara ətraflı məlumat verib.
Vərəm xəstəliyinin əsas aspektləri barədə təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin yaranma səbəbləri, simptomları, epidemiologiyası, ağciyərdən kənar vərəm formaları, yoluxma yolları və müalicə prosesi haqqında danışıb, yarımçıq qalan müalicənin dərmanlara davamlı vərəm formalarının yaranması və yayılmasına səbəb olduğunu diqqətə çatdırıb.
Təlim iştirakçılarına hava-damcı yolu ilə ötürülən infeksiyalardan qorunmaq məqsədilə müvafiq məsləhətlər verilib, qoruyucu vasitələrdən – maska və əlcəklərdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Məlumatların daha asan mənimsənilməsi üçün animasiya çarxları nümayiş olunub, sonda isə iştirakçılar arasında sorğu anketləri paylanaraq biliklərin qiymətləndirilməsi aparılıb.
Maarifləndirmə işinin davamlılığını təmin etmək məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə xroniki virus hepatitlərinin yoluxma yollarını əks etdirən xüsusi dizaynlı divar stendi təqdim olunub. Təlim iştirakçılarına isə mövzu ilə bağlı buklet və məlumat kitabçaları paylanıb.
Ümumilikdə, layihə müddəti ərzində keçirilən 5 maarifləndirici təlimdə 200 nəfərdən çox şəxs iştirak edib. Maarifləndirmə işləri bir neçə istiqamətdə, eləcə də onlayn platformalar üzərindən aparılıb. 100 nəfəri əhatə edən elektron sorğu keçirilib, 4 onlayn TV verilişi və 5 video poster hazırlanaraq yayımlanıb.