PDF Oxu

Sosial

  • 2 018

1 milyardlıq aclar dünyasının yoxsulluqla mübarizə günü - ARAŞDIRMA

image

Yoxsul ölkələrdə humanitar böhran yaranmasında böyük dövlətlərin siyasi və iqtisadi maraqlarını təmin edən faktorların payı, bütün digər faktorların payından çoxdur

Müasir dünyanın qarşılaşdığı ən böyük problemlərdən biri də yoxsulluq və aclıqdır. Təxmini hesablamalara görə, dünya əhalisinin 22 faizi- 1,5 milyarddan çox adam yoxsulluqla mübarizə aparır. Dünya əhalisinin 15 faizi, başqa sözlə 250 milyonu uşaq olmaqla 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkir. Dünyada aclıq və yoxsulluqdan hər dəqiqədə 1 ana, hər saniyədə isə 1 körpə dünyasını dəyişir. Bəşəriyyətin reallığı budur…

Əsasən, xammal bazası olan inkişaf etməmiş ölkələrdə və təbii resurslar cəhətdən kasad ölkələrdə müşahidə olunan yoxsulluq, aclıq nədən yaranır, nəyə səbəb olur, niyə həll edilmir? Bu yazımızda bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Beynəlxalq standarta görə, gəlirinin 30 faizindən çoxunu ərzağa xərcləyənlər yoxsul hesab olunur. İnkişaf etmiş ölkələrdə bu rəqəm 10-15 faiz təşkil edir, bir sıra ən yoxsul ölkələrdə isə 80 faizə çatır. Azərbaycanda son statistikalara görə əhali gəlirinin 55 faizini ərzağa xərcləyir.

Ərzaq qıtlığına səbəblər arasında təbii fəlakətlər mühüm rol oynayırsa, burada dünyada gedən siyasi proseslər, baş verən müharibələr də təsirsiz ötüşmür. Məlumdur ki, bu münaqişələrdə bəzi qlobal qüvvələrin də rolu böyükdür. Tarix boyu dünyanın iqtisadi və enerji mərkəzlərində hərbi qarşıdurmalar, iğtişaşlar baş verib. Dünyanın iri dövlətlərinin, böyük korporasiyaların müəyyən strategiyaları var. Lazım olan vaxt münaqişələri alovlandıra bilir, istədiyi vaxt da yatırda bilirlər. Elə bir sistem qurulub ki, 3-cü dünya ölkələrinin sərvətləri istismar olunub qərb ölkələrinə danışır.

Sözügedən münaqişələrin nəticəsidir ki, istər enerji daşıyacıları, istərsə də digər təbii ehtiyatlara malik ölkələrdə aclıq və səfalət hökm sürür. Belə bir halda dünyada ədalətli idarəetmə fəlsəfəsi meydana gəlir.

Dünyada varlılarla yoxsullar arasında uçurum getdikcə dərinləşir. "Bloomberg"in Milyarderlər İndeksinə əsasən, son 5 ildə milyarderlərin sərvətlərinin 2 dəfə və ya daha çox artdığını görürük.

"Oxfam"ın “Profiting from Pain” adlı hesabatına görə, son 2 ildə milyarderlər sərvətlərini son 20 ildə olduğu qədər artıra biliblər.

İsveçrənin “Credit Suisse” bankının Qlobal Sərvət Hesabatına əsasən, planetin ən zəngin 1%-i dünya sərvətinin 46%-nə, ən kasıb 55%-i isə 1,3%-nə sahibdir.

Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: heç bir təbii resursu olmayan ölkələri bir kənara qoysaq, əksər belə ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər. Yoxsulluğun da bir çox hallarda təbii və süni fəlakətlərin nəticəsi olaraq ortaya çıxması bunu deməyə əsas verir. Belə bir ixtisaslaşmada məhz dünyanın inkişaf etmiş ölkələri maraqlı görünür.

3-cü dünya ölkələrinin texniki və iqtisadi inkişafının qarşısının alınması onlarn Qərb ölkələri üçün ucuz xammal bazası kimi qalmasının daha sərfəli olduğuna görədir. Bu ölkələr öz xamallarını özləri istehsal edib hazır məhsul kimi ixrac etsələr yoxsulluqdan qurtula bilərlər, amma əvəzində Qərb ölkələri külli miqdarda gəlirdən məhrum olacaqlar. Bu səbəbdən də hər vəchlə bu prosesə mane olmağa çalışırlar.

Ümumiyyətlə, dünyadakı sosial bərabərsizlik, yoxsulluq və aclıq qlobal kapitalizm sisteminin əsəridir. Çünki adi riyaziyyat və iqtisadiyyat elmi açıq şəkildə göstərir ki, qlobal sosial ədalətin təmin olunduğu və sərvətlərin düzgün bölüşdürülməsi zamanı dünyanın resursları və bugünkü istehsal həcmi bütün bəşəriyyəti orta səviyyədə təmin etmək üçün kifayət edir.

Hesablamalara görə, dünya ölkələrinin hərbi büdcəsi 2 trilyon dollardan çoxdur. Bunun təxminən yarısı ABŞ-ın hərbi büdcəsidir. Bir afrikalı uşağın ən azı acından ölməməsi üçün isə ayda 35 dollara ehtiyac var. Dünyada aclığı aradan qaldırmaq üçün isə hərbi xərclərin 5-də 1-nin bu məqsədə sərf olunması kifayət edərdi.

Böyük dövlətlər bütün sərvəti, rifahı özündə cəmləməklə özlərinə başqa bir problem yaradırlar. Məsələn, həmin ölkələrdən kütləvi qaçqın axını gəlir ki, onlar da həmin ölkələrə əlavə yük olur. Təbii ki, bütün bunlar müəyyən qüvvələrə xidmət edir, əsasən də işçi qüvvəsinə ehtiyac olan. Lakin unudulur ki, səfalət işərisində olan bir ölkə qonşuluqda yaşayan varlı ölkə üçün təhdiddir.

Ədalətli insan cəmiyyəti qurulsa, təbii ki, dünyada aclıq və səfalət də aradan qalxar. Hazırkı ərzaq istehsalı normal istifadə olunduğu və düzgün bölüşdüyüldüyü halda 12-13 milyard adamı təmin edəcək gücdə olduğu halda dünyada 1 milyard ac var, 2 milyard insan isə yoxsulluq içində yaşayır. Hesablamalara görə, təkcə ABŞ və Böyük Britaniyada bəyənilməyib zibilliyə atılan qidalarla 1 milyard insanı aclıqdan xilas etmək olar. Dünya nemətlərinin 80 faizlık böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Belə olan halda humanizmdən danışmağa dəyərmi?

Hələ 80-ci illərdə Sovet alimləri hesablamışdılar ki, dünyanın potensialı ən azı 60 milyard insanı tam təmin etmək gücündədir. BMT araşdırmalarında isə 50 milyard göstərilirdi. Son araşdırmalarda bəzi tədqiqatçılar bu rəqəmin 100 milyarda çata biləcəyini deyirlər.

XXI əsrdə insanların acından ölməsi bəşəriyyətin ən böyük rəzalətidir. BMT ekspertlərinin qənaətinə görə, müəyyən proqramlar həyata keçirməklə bu problemi 20 ilə aradan qaldırmaq mümkündür. Təbii ki, əgər imperialist maraqları böyük dövlətlərə imkan versə.

20 il qabaq rəsmi rəqəmlərdə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizə yaxın göstərilirdi. Son illərdə bu rəqəmlər yüksək templə azaldılmağa doğru davam edib və son illərdə 5 faiz civarında göstərilir. Lakin, müstəqil ekspertlərin ümumi qənaətinə görə, bu göstərici reallıqda azı 2-3 dəfə artıqdır.

Son 2-3 ildə gündəlik tələbat məhsullarının qiymətində müşahidə olunan ardıcıl bahalaşmalar aztəminatlı təbəqənin yoxsullaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün dövlət tərəfindən müəyyən addımlar atılır. Maaş və pensiyaların, sosial yardımların artırılması təklif olunur.

Qeyd edək ki, Azərbaycanda yoxsulluq həddi (yaşayış minimumu) adambaşına 285 manat götürülür. Yəni, 5 nəfərlik ailənin yoxsulluq həddində yaşamaması üçün ən pis halda 1500 manat aylıq gəlir olmalıdır. Lakin ailələrin əhəmiyyətli bir hissəsi üçün bu qədər gəlir əldə etmək çətindir. Xüsusən də, ailədə 1 nəfər işləyirsə. Ölkədə minimum əməkhaqqı 400 manat, median orta əməkhaqqı isə 600 manat civarındadır. Bu isə, kiçik bir ailəni minimum səviyyədə təmin etmək üçün kifayət deyil. Bu səbəbdən hökumət iş yerlərinin artırılmasına, sosial müdafiənin gücləndiriməsinə, maaş və pensiya artımlarına daha ciddi yanaşmalıdır.

Ünvanlı dovlət sosial yardımı ilə bərabər, aztəminatlı ailələrə peşə və ixtisas təhsili, işlə təmin olunma və s. kimi tədbirləri nəzərdə tutan sosial reabilitasiya proqramlarının həyata keçirilməsi vacibdir. Özünüməşğulluq proqramının əhatə dairəsinin və maliyyə fondunun bir neçə dəfə artırılmasına ehtiyac var.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Digər xəbərlər