PDF Oxu

Sosial

  • 804

Belə valideynlərə cərimə tətbiq olunsun!

image

Ötən həftə Milli Məclisdə müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən və qəbul edilən yeni layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.

Layihə çox təqdirəlayiqdir. 16 yaş limiti tətbiq olunacaq, 16-18 yaşlı şəxslərin qeydiyyatı isə onların rəsmi nümayəndələrinin iştirakı ilə dəqiqləşdirildikdən sonra həyata keçiriləcək. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq edəcək. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Bütün bunlar təsdiq edir ki, dövlət övladlarımızı bizdən daha çox düşünür, ölkənin gələcək sütunları olan uşaqları hər vəchlə qorumağa çalışır.

Maraqlıdır, görəsən, bəzi valideynlər necə, qanuna riayət edə biləcəklərmi? Övladlarını sosial platformalardan qorumaqda dövlətlə birlikdə olacaqlarmı? Yoxsa, hazırda olduğu kimi telefonları yerli-yersiz azyaşlı uşaqların əlinə verməklə onların həyatı ilə oynamağa davam edəcəklər...

Qanun layihəsinə əsasən müvafiq cərimələr də tərtib olunub. Həm provayderlər, həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər işlərinin öhdəsindən gələ bilmədiyi təqdirdə təbii ki, yüksək məbləğdə cərimələr onları gözləyəcək.

Mən digər bir cərimə tətbiqi barədə danışmaq istəyirəm. Hər yerdə xüsusilə anaların azyaşlı uşaqlara telefon verdiyinin, onların saatlarla telefonla baş-başa qaldığının, hətta yemək yedizdirilən zaman telefonsuz ağzını açmayan uşaqların şahidiyik. Nə vaxt rastlaşmışamsa, öz iradımı bildirmişəm belə uşaqların analarına. Lakin nə faydası var...

Yazıq uşaqlar saatlarla telefon əllərində gözlərini dikib orada guya ki, cizgi filmlərinə baxırlar. Analar onları başından etmək, özlərinə sərbəst vaxt qazanmaq, bu vaxtı rəfiqələri ilə söhbətə, seriallara və yaxud da mətbəxə həsr etmək üçün uşaqlara telefon verib onları özləri ilə baş-başa qoyurlar. Lakin gəlin, görək, uşaqlar analarının telefonunda tək cizgi filminə baxırlarmı, yoxsa bir nöqtəni sıxmaqla rəqəmsal dünyanın qonağına çevrilir və burada həm də ananın əvvəlcədən baxdığı kontentlərlə qarşılaşırlar. Kim deyər ki, bu, belə deyil? Kim deyə bilər ki, onların qarşısına elə reklamlar çıxmır ki, qarşılaşmaları belə dəhşətdir, nəinki baxmaları.

Belə olan təqdirdə həmin analara ana demək olarmı? Bilə-bilə ki, sosial şəbəkələr uşaqların qətiyyən görməməli olduğu videolarla doludur, uşağın əlinə telefon vermək hansı düşüncənin məhsuludur. Və yaxud da hələ sümükləri, beyni formalaşmamış 6-7 aylıq uşaqları yedirdərkən onların qarşısına telefon qoymaq hansı zehniyyətdən irəli gəlir.

Ağlayan uşağın sakitləşməsi, ağzını açması üçün qarşısına telefon qoyulmasına, məktəblinin dərslə məşğul olmasından çox telefonda qalmasına şəraiti bir ana yaradırsa, o, anadırmı?

Ataların uşağa telefon verdiyinin şahidi olmamışam. Lakin verənlər var, az deyil. Ona görə də təklif edirəm ki, belə valideynlərə cərimələr tətbiq olunsun. Kim harada belə valideynlərlə qarşılaşarsa, aid qurumlara məlumat versin və onlara cərimələr tətbiq olunsun. Bu, belə olarsa, uşaqları xilas edə bilərik. Yoxsa, adıçəkilən qanunun tətbiqindən sonra da onlar onsuz da evlərdə telefonlarını uşaqlara verəcəklər. Çünki əksər valideyn bu məsuliyyətin nə olduğunu anlamır və anlamaq istəmir. Belə valideynlərə gerçəyin nə olduğunu başa salmaq üçün elə yüksək cərimə tətbiq edilməlidir ki, bəlkə həmin məbləğ onları bu məsuliyyətsizlikdən çəkindirə.

Mətanət Məmmədova

Digər xəbərlər