Hər bir müstəqil dövlətin inkişafı və cəmiyyət daxilindəki nizamı onun təməl qanununa — Konstitusiyasına əsaslanır. Azərbaycan xalqı çoxəsrlik zəngin dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" tarixi Konstitusiya Aktının prinsiplərini rəhbər tutaraq özünün hüquqi inkişaf yolunu müəyyən etmişdir. Cəmiyyətin rifahı, sosial ədalət, azadlıq və təhlükəsizliyin təmin olunması, qanunun aliliyinə əsaslanan dünyəvi dövlətin qurulması kimi ülvi amallar xalqımızın iradəsinin başlıca qayəsini təşkil edir. Məhz bu ali niyyətlərin təcəssümü olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik və hüquqi inkişafının əsas sənədidir.Azərbaycanın konstitusiya quruculuğu tarixi ötən əsrin əvvəllərinə — sovet dövrünə təsadüf edir. Lakin sovet dövrünün qanunvericilik aktları mahiyyət etibarilə xalqın milli maraqlarını deyil, mərkəzləşdirilmiş ideologiyanı əks etdirirdi.1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz dərin siyasi, iqtisadi böhran və anarxiya ilə üz-üzə qalmışdı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və cəsarətli islahatları nəticəsində Azərbaycanda dövlətçilik iflasdan xilas edildi, sabitlik bərqərar olundu və yeni milli Konstitusiyanın hazırlanması üçün etibarlı zəmin yarandı.Ulu Öndər demokratik prinsiplərə, hakimiyyət bölgüsünə və xalqın ali iradəsinə söykənən Əsas Qanunun qəbul edilməsini tarixi zərurət sayırdı. Bu məqsədlə 1995-ci ilin mayında Heydər Əliyevin şəxsi sədrliyi ilə geniş tərkibli Konstitusiya Komissiyası təsis edildi. Aylarla davam edən gərgin zəhmət nəticəsində formalaşdırılan layihə həmin ilin oktyabrında ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində (referendumda) vətəndaşları seçki məntəqələrinə gələrək mütləq əksəriyyətlə — 91,9 faiz səslə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdi. 1995-ci il noyabrın 27-də qüvvəyə minən sənədin tarixi əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il noyabrın 1-də imzalanmış Fərmanla hər il 12 noyabr tarixi respublikamızda Konstitusiya Günü kimi təsis olundu.
Hüquqi idealların təcəssümü və təkmilləşdirilmə mərhələləri.
Müstəqil respublikamızın Əsas Qanunu ümumilikdə 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Keçmiş sovet təcrübəsindən köklü şəkildə fərqlənən sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmişdir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin dəqiq sərhədlərini müəyyən edən hakimiyyət bölgüsü prinsipi dövlət idarəçiliyində tarazlığı təmin edən başlıca mexanizmə çevrildi.Konstitusiya müddəalarının aliliyini qorumaq, hüquq normalarının Əsas Qanuna uyğunluğunu yoxlamaq məqsədilə 1997-ci il oktyabrın 21-də "Konstitusiya Məhkəməsi haqqında" Qanun qəbul edildi, 1998-ci ilin iyulunda isə müstəqil fəaliyyət göstərən doqquz hakimdən ibarət Konstitusiya Məhkəməsi təsis olundu. Bu orqan yalnız qanunların şərhini verməklə və seçki nəticələrini təsdiqləməklə kifayətlənməyərək, vətəndaşların birbaşa fərdi şikayətləri əsasında qərarlar çıxarmaq səlahiyyəti qazandı.Ölkənin dinamik inkişafı, müasir qlobal çağırışlar və dərinləşən islahatlar fonunda Konstitusiyamız bir neçə dəfə əsaslı şəkildə təkmilləşdirilmişdir:
2002-ci il 24 avqust -Əsas Qanunun 24 maddəsinə 29 mütərəqqi dəyişiklik edildi;
2009-cu il 18 mart - 25 maddədə 30-dan artıq əlavə və dəyişiklik təsbit edilərək sosial dövlət mexanizmləri gücləndirildi;
2016-cı il 26 sentyabr -Prezident İlham Əliyevin təşəbbüsü ilə 29 maddəyə edilən 41 əlavə və dəyişiklik idarəetmə orqanlarının, məhkəmələrin və bələdiyyələrin fəaliyyətinin çevikliyini artırdı, vətəndaş hüquqlarının müdafiəsində dövlətin məsuliyyətini daha yüksək pilləyə daşıdı.
Beynəlxalq müstəvidə hüquq mübarizəsi və Zəfərlə bərpa olunan hüquqi qüvvə.
Azərbaycanın Əsas Qanunu yalnız daxili münasibətləri nizama salan akt kimi qalmamış, həm də dövlətin beynəlxalq hüquqi platformalardakı mövqeyinin müdafiəsində mühüm rol oynamışdır. 44 günlük Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsi Dünya Konstitusiya Ədalət Mühakiməsi Konfransına, Avropa və Asiya assosiasiyalarına ünvanladığı bəyanatlarla Ermənistanın dinc şəhərlərimizi hədəf alan hərbi cinayətlərini, beynəlxalq təşkilatların qətnamələrinin pozulmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Məhkəmə-hüquq tariximizdə mühüm hadisə kimi, 2022-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Plenumda baxılmış üç mühüm iş üzrə qərarları tarixi Şuşa şəhərində elan etmişdir.Konstitusiyamızın preambulasında əksini tapan ən mühüm niyyət — Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq vəzifəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata vəsiqə qazandı. 2020-ci ilin tarixi şanlı Qələbəsi və 2023-cü ilin sentyabrında 24 saatdan da az müddətdə gerçəkləşən lokal antiterror tədbirləri nəticəsində separatizmin kökü kəsildi, dövlət suverenliyimiz tam bərqərar edildi.2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavənddə ucaltdığı üçrəngli Dövlət Bayrağımız həm də Əsas Qanunumuzun ali hüquqi qüvvəsinin bütün tarixi torpaqlarımızda bərpa olunmasının rəmzi oldu. Dövlət başçısının Xankəndidə bəyan etdiyi kimi, 20 il öncə Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq xalq qarşısında içilən and və verilən bütün vədlər layiqincə yerinə yetirildi.Etnik, dini və dil fərqi qoyulmadan hər kəsin hüquq və azadlıq bərabərliyinə təminat verən Azərbaycan Respublikasının Konstitusiyası bu gün bütöv və suveren ölkəmizin hər bir guşəsində tətbiq olunur. Bu ali sənəd müstəqil dövlətimizin davamlı inkişafı, cəmiyyətimizin əmin-amanlığı və gələcək nəsillərin rifahı üçün ən ali hüququ qüvvədir.hüquqi təməl olaraq qalmaqdadır.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Sizləri ürəkdən təbrik edir, hər birinizə müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayırıq!
Sevinc Həsənova
Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ
Strateji inkişaf,qiymətləndirmə və monotorinq sektor müdiri.
YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri.
Doktorant ,müəllim