PDF Oxu

Siyasət

  • 605

Konstitusiya – milli dövlətçiliyimizin dəyişməz hüquqi təməli - ŞƏRH

Konstitusiya – milli dövlətçiliyimizin dəyişməz hüquqi təməli - ŞƏRH

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi və hüquqi əsaslarını müəyyən edən, xalqımızın milli iradəsini və dövlətçilik ənənələrini özündə əks etdirən mühüm sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Azərbaycanın müasir dövlət quruculuğu tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu tarixi qərar Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm əsaslar üzərində formalaşmasına şərait yaratdı. Konstitusiyanın hazırlanması və qəbul edilməsi həmin dövrün mürəkkəb siyasi prosesləri fonunda müstəqilliyin qorunması, dövlət institutlarının gücləndirilməsi və gələcək inkişafın hüquqi təminatının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykəndiyini vurğulaması bu sənədin mahiyyətini dolğun şəkildə ifadə edir. Çünki Konstitusiyamız bir tərəfdən xalqımızın tarixi dövlətçilik təcrübəsini yaşadır, digər tərəfdən müasir dünyanın demokratik və hüquqi prinsiplərini özündə birləşdirir. Burada insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, vətəndaşların bərabərliyi və dövlət idarəçiliyinin əsasları öz əksini tapıb. Bu müddəalar cəmiyyətin hüquqi düşüncəsinin inkişafına və dövlətlə vətəndaş arasında münasibətlərin sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinə geniş imkanlar yaradıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması isə Konstitusiyanın əsasını təşkil edən dövlət müstəqilliyi və suverenlik prinsiplərinin tarixi əhəmiyyətini bir daha nümayiş etdirir.
Qarşıda duran yeni inkişaf hədəfləri, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, sosial rifahın yüksəldilməsi və müasir idarəçilik sisteminin təkmilləşdirilməsi də hüquqi dövlət prinsiplərinə əsaslanır. Konstitusiya Gününün qeyd olunması yalnız tarixi bir hadisəni xatırlamaq deyil, həm də hər bir vətəndaşın qanunlara hörmət, hüquq və vəzifələrinə məsuliyyətlə yanaşmaq öhdəliyini önə çıxarır. Əsas Qanunumuz Azərbaycanın bu gününü və gələcək inkişaf yolunu müəyyən edən, milli birliyimizi və dövlətçiliyimizi gücləndirən fundamental sənəd kimi öz əhəmiyyətini qoruyur.

Qənaət Əsgərov

YAP Kələcər rayon təşkilatının sədr müavini

Digər xəbərlər