PDF Oxu

Siyasət

  • 259

12 noyabr 1995-ci il: müstəqil Azərbaycanın hüquqi inkişaf salnaməsində tarixi mərhələ - ŞƏRH

12 noyabr 1995-ci il: müstəqil Azərbaycanın hüquqi inkişaf salnaməsində tarixi mərhələ - ŞƏRH

Hər bir müstəqil dövlətin siyasi, iqtisadi və ictimai həyatının əsasını onun Konstitusiyası təşkil edir. Konstitusiya dövlətin idarəçilik prinsiplərini, hakimiyyət orqanlarının səlahiyyətlərini, insan və vətəndaş hüquqlarını, eləcə də ölkənin strateji inkişaf istiqamətlərini müəyyən edən ali hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası da xalqımızın müstəqil dövlət qurmaq iradəsini, milli dövlətçilik ənənələrini və hüquqi cəmiyyət yaratmaq əzmini özündə əks etdirir. Bu sənəd müstəqilliyimizin hüquqi təminatı olmaqla yanaşı, dövlətçiliyimizin qorunması və gələcək inkişafımızın əsas dayağıdır.
12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi tariximizdə xüsusi əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı oldu. Həmin dövrdə ölkə mürəkkəb siyasi və iqtisadi proseslərdən keçirdi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, hüquqi institutların yaradılması və demokratik idarəçilik sisteminin formalaşdırılması əsas vəzifələr sırasında idi. Belə bir şəraitdə yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanın gələcək inkişaf modelini müəyyənləşdirən mühüm tarixi qərar oldu.
Azərbaycanın konstitusiya quruluşunun tarixi daha əvvəlki dövrlərə gedib çıxır. 1921-ci ildə Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edilmiş, sonrakı illərdə 1927 və 1937-ci illərdə yeni konstitusiyalar təsdiqlənmişdir. 1978-ci il aprelin 21-də isə Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunmuşdur. Həmin sənədin mühüm xüsusiyyətlərindən biri Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi idi. Bu müddəanın Konstitusiyada əks olunması milli kimliyin, ana dilinin və dövlətçilik ənənələrinin qorunması baxımından mühüm hadisə idi.
1978-ci il Konstitusiyasının hazırlanmasında və Azərbaycan dilinin dövlət dili statusunun qorunmasında Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi xüsusi rol oynamışdır. Sovet ideoloji sisteminin mövcud olduğu bir dövrdə milli maraqların müdafiəsi istiqamətində atılan bu addım onun uzaqgörən dövlətçilik siyasətinin göstəricisi idi. Heydər Əliyev həmin dövrdə milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olan potensialın formalaşdırılmasına xüsusi diqqət yetirirdi. Məhz bu baxımdan Konstitusiyanın qəbulu və onun hazırlanması prosesində göstərdiyi xidmətlər Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı mühüm tarixi xidmətlərindən biri hesab olunur.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkənin yeni hüquqi əsaslarının yaradılması zərurəti meydana çıxdı. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı müstəqil dövlətçiliyin hüquqi əsaslarını müəyyən etsə də, ölkənin bütün idarəetmə sistemini və ictimai münasibətlərini tənzimləyən yeni Konstitusiyaya ehtiyac qalırdı. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsinə çıxarılmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də qəbul edildi. Bununla Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi.
Konstitusiyanın əsas mahiyyəti dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu təsbit etməsi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi tanıması və hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi prinsipini müəyyən etməsidir. Sənəddə yaşamaq, azadlıq, mülkiyyət, əmək, təhsil, sosial təminat, söz və fikir azadlığı, şəxsi toxunulmazlıq kimi hüquqların qorunmasına xüsusi yer ayrılmışdır. Bu müddəalar vətəndaşların hüquqi müdafiəsinin təmin olunmasına, dövlətlə cəmiyyət arasında münasibətlərin qanunvericilik əsasında tənzimlənməsinə xidmət edir.
Konstitusiya ölkənin strateji fəaliyyət istiqamətlərinin də hüquqi əsasını təşkil edir. Milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsi, insan kapitalının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi bu istiqamətlərdəndir. Dövlətin bütün sahələrdə həyata keçirdiyi siyasətin hüquqi çərçivəsi Konstitusiya ilə müəyyən olunur. Onun aliliyi dövlət orqanlarının, vəzifəli şəxslərin və vətəndaşların qanun qarşısında məsuliyyətini təmin edən əsas prinsipdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də ölkənin hüquqi sistemində mühüm yer tutur. Bu ali konstitusiya ədalət mühakiməsi orqanı Konstitusiyanın aliliyinin qorunmasına, normativ hüquqi aktların konstitusion tələblərə uyğunluğunun yoxlanılmasına və konstitusion hüquqların müdafiəsinə xidmət edir. Məhkəmənin fəaliyyəti hüquqi normaların düzgün tətbiqi, qanunvericilikdə vahid yanaşmanın formalaşdırılması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Ölkəmizin konstitusiya quruculuğu prosesi sonrakı illərdə də inkişaf etdirilmişdir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquq və azadlıqların təminatlarının genişləndirilməsi və hüquqi sistemin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşımışdır.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası isə konstitusion dövlətçilik prinsiplərinin həyata keçirilməsi baxımından tarixi mərhələ oldu. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyin təmin olunması müstəqil dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindəndir. Bu hadisələr Azərbaycanın siyasi iradəsini, milli birliyini və dövlət müstəqilliyini qorumaq əzmini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi tarixi əhəmiyyət daşıyır. Bu qərar müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin beşinci ildönümü ilə əlaqədardır. Konstitusiya və suverenlik anlayışlarının eyni ildə ön plana çəkilməsi dövlətimizin hüquqi əsasları ilə milli müstəqilliyinin ayrılmazlığını ifadə edir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin keçdiyi inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin və gələcək hədəflərinin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət suverenliyinin real təzahürüdür. Bu proseslər Azərbaycanın bütün ərazilərində vahid hüquqi və idarəçilik sisteminin möhkəmləndirilməsinə xidmət edir.
Konstitusiyanın 30 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də əlamətdar hadisələrdəndir. Bu medal Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, onun aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə töhfə vermiş şəxslərin xidmətlərinin qiymətləndirilməsinə yönəlib. Yubiley medalı ölkəmizdə konstitusiya quruculuğunun 30 illik inkişaf yoluna verilən dövlət qiymətinin rəmzi kimi xüsusi məna daşıyır.
Konstitusiyanın cəmiyyət həyatında əhəmiyyətinin qorunması hüquqi maarifləndirmənin gücləndirilməsini və vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsini də zəruri edir. Xüsusilə gənc nəslin dövlətçilik tarixini, konstitusion hüquq və vəzifələrini dərindən mənimsəməsi gələcəkdə məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına xidmət edir. Qanunlara hörmət, milli dəyərlərə bağlılıq və ictimai məsuliyyət hüquqi dövlətin davamlı inkişafının mühüm şərtləridir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilir. Müstəqilliyin qorunması, suverenliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və güclü dövlət modelinin formalaşdırılması bu siyasətin əsas istiqamətləridir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Konstitusiyanın müəyyən etdiyi prinsiplərin dövlət həyatında nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi dayağı, milli iradəmizin təcəssümü və gələcək inkişafımızın etibarlı təminatıdır. 12 noyabr – Konstitusiya Günü xalqımızın dövlətçilik ənənələrinə, hüquqi dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığını ifadə edən əlamətdar tarixdir. Güclü dövlətin təməli möhkəm hüquqa, hüquqi dövlətin inkişafı isə Konstitusiyanın prinsiplərinə sadiq cəmiyyətə söykənir.

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Digər xəbərlər