PDF Oxu

Siyasət

  • 364

Konstitusiya Günü – müstəqil dövlətçiliyimizin hüquqi əsası - ŞƏRH

Konstitusiya Günü – müstəqil dövlətçiliyimizin hüquqi əsası - ŞƏRH

Müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri yeni dövlətin hüquqi əsaslarını müəyyənləşdirən, cəmiyyətin inkişaf istiqamətlərini və idarəçilik prinsiplərini özündə əks etdirən Əsas Qanunun hazırlanması idi. Bu zərurəti nəzərə alan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilin may ayında Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Layihənin hazırlanması zamanı xalqımızın dövlətçilik tarixi, milli ənənələri, beynəlxalq hüququn prinsipləri və müasir konstitusiya təcrübəsi nəzərə alındı. İctimai müzakirələrdən sonra ümumxalq səsverməsinə çıxarılan layihə 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Həmin il noyabrın 27-də qüvvəyə minən Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ölkənin siyasi və hüquqi sisteminin formalaşmasında yeni mərhələnin başlanğıcını qoydu.

Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan dövlətinin idarəçilik modeli, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri vahid hüquqi sənəddə təsbit olundu. Beş bölmə, on iki fəsil və 158 maddədən ibarət olan Əsas Qanunda dövlət suverenliyi, xalq hakimiyyəti, hakimiyyətlərin bölünməsi, qanunun aliliyi və insan hüquqlarının qorunması kimi fundamental prinsiplər müəyyən edildi. Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət olması Konstitusiyanın əsas müddəalarından biri kimi təsbit edildi. Sənəddə hər kəsin qanun qarşısında bərabərliyi, mülkiyyət hüququ, fikir və söz azadlığı, təhsil, əmək və sosial təminat hüquqları da öz əksini tapdı.
Konstitusiya dövlət orqanlarının fəaliyyətini müəyyənləşdirməklə yanaşı, vətəndaşların hüquqlarının qorunması və cəmiyyət həyatının qanun əsasında tənzimlənməsi üçün əsas hüquqi təminata çevrildi. Ölkədə baş verən dəyişikliklər, dövlət idarəçiliyinin inkişafı və yeni ictimai münasibətlərin yaranması Konstitusiyanın ayrı-ayrı müddəalarına yenidən baxılmasını zəruri etdi. Bu baxımdan, Əsas Qanuna ilk dəyişikliklər 2002-ci il avqustun 24-də keçirilmiş referendumla edildi. Növbəti ümumxalq səsverməsi 2009-cu il martın 18-də baş tutdu və Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu. 2016-cı il sentyabrın 26-da keçirilən referendum isə bu istiqamətdə növbəti mərhələ oldu. Həmin səsvermə nəticəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, idarəetmə mexanizmlərinin yenilənməsi və bir sıra hüquqi normaların dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər təsdiqləndi.
Bu referendumlar Konstitusiyanın dəyişən dövrün tələblərinə uyğunlaşdırılması və hüquqi sistemin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi həyatının bütün əsas sahələrini əhatə edən ali qanun kimi fəaliyyət göstərir. Onun müddəaları qanunvericilik sisteminin formalaşmasına, dövlət orqanlarının fəaliyyətinə və ictimai münasibətlərin tənzimlənməsinə istiqamət verir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü Əsas Qanunun qəbul edildiyi tarixi xatırlatmaqla yanaşı, hüquqi dövlət quruculuğunun əsas prinsiplərinə diqqəti cəlb edir. Konstitusiyanın müddəalarını bilmək, onlara hörmətlə yanaşmaq və gündəlik həyatda qanunun tələblərinə əməl etmək hər bir vətəndaşın hüquqi məsuliyyətinin mühüm tərkib hissəsidir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər