PDF Oxu

Siyasət

  • 474

Konstitusiyamız müstəqil Azərbaycanın hüquqi və dövlətçilik dayağıdır - ŞƏRH

Konstitusiyamız müstəqil Azərbaycanın hüquqi və dövlətçilik dayağıdır - ŞƏRH

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasını, dövlət idarəçiliyinin demokratik prinsiplər üzərində qurulmasını və vətəndaşların hüquq və azadlıqlarının qanunvericilik səviyyəsində təsbit edilməsini ifadə edir. Konstitusiya hər bir dövlətin yalnız əsas qanunu deyil, həm də onun gələcək inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası da ölkəmizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, milli maraqlarını və ümumbəşəri dəyərlərə bağlılığını özündə birləşdirir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Əsas Qanun ölkəmizdə yeni hüquqi sistemin formalaşmasına geniş imkanlar yaratdı. Həmin dövrdə Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri müstəqil dövlət quruculuğunu möhkəmləndirmək, hüquqi münasibətləri tənzimləmək və cəmiyyətin inkişafı üçün etibarlı qanunvericilik bazası yaratmaq idi. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dövlətçilik təcrübəsi nəticəsində hazırlanan Konstitusiya Azərbaycanın gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirdi.
Ulu Öndərin “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir” fikri bu sənədin mahiyyətini aydın şəkildə ifadə edir. Həqiqətən də, Azərbaycan Konstitusiyası milli dövlətçilik ənənələrimizi müasir hüquqi prinsiplərlə uzlaşdırır. İnsan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, hakimiyyət bölgüsü, demokratik idarəçilik və vətəndaşların dövlət həyatında iştirakı Konstitusiyanın əsas prinsipləri sırasındadır. Bu prinsiplər cəmiyyətin inkişafına, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin möhkəmlənməsinə xidmət edir.Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsipləri mühüm yer tutur. Ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər, beynəlxalq mövqelərinin möhkəmlənməsi, milli maraqların ardıcıl şəkildə qorunması güclü dövlət quruculuğunun nəticələridir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması da müstəqil dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biridir. Bu reallıq Konstitusiyanın əsasını təşkil edən suverenlik və dövlət müstəqilliyi prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarır.Konstitusiyanın əsas məqsədlərindən biri də insan amilini dövlət siyasətinin mərkəzində saxlamaqdır. Vətəndaşların hüquqlarının müdafiəsi, bərabər imkanların yaradılması, sosial rifahın yüksəldilməsi və ədalətli cəmiyyətin formalaşdırılması hüquqi dövlətin başlıca göstəriciləridir. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, eyni zamanda qanunlara hörmət edən, hüquqlarını və vəzifələrini dərk edən vətəndaş cəmiyyəti ilə ölçülür. Buna görə də Konstitusiyanın mahiyyətinin dərindən öyrənilməsi və onun prinsiplərinə əməl olunması hər bir vətəndaşın məsuliyyətidir.
12 Noyabr – Konstitusiya Günü bizə müstəqilliyimizin hüquqi əsaslarını, dövlətçilik tariximizin mühüm mərhələlərini və gələcək qarşısında daşıdığımız məsuliyyəti xatırladır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Konstitusiyamız isə Azərbaycanın müstəqil, suveren və hüquqi dövlət kimi inkişafının əsas təminatlarından biri olaraq qalır. Bu əlamətdar gün münasibətilə hər bir vətəndaşın üzərinə düşən əsas vəzifə Konstitusiyaya hörmət etmək, qanunun aliliyini qorumaq və ölkəmizin daha da güclənməsinə öz töhfəsini verməkdir.

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər