PDF Oxu

Siyasət

  • 853

"COP31-də Azərbaycanın “Dialoq dəhlizi”: Yaşıl enerji və diplomatik əməkdaşlıq" - MİLLƏT VƏKİLİ

"COP31-də Azərbaycanın “Dialoq dəhlizi”: Yaşıl enerji və diplomatik əməkdaşlıq" - MİLLƏT VƏKİLİ

"Türkiyənin Antalya şəhərində keçirilən COP31-də Azərbaycan “Dialoq dəhlizi” (“Corridor of Dialogue”) konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunur. Türkiyənin ev sahibi olduğu və danışıqlar prosesinə Avstraliyanın rəhbərlik etdiyi konfransda 200-ə yaxın ölkənin nümayəndə heyəti iştirak edir".Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.Onun sözlərinə görə, Azərbaycanın COP31 çərçivəsində təqdim etdiyi “Dialoq dəhlizi” konsepsiyası ölkəmizin beynəlxalq əməkdaşlıq və diplomatik əlaqələrin inkişafında rolunun genişləndirilməsi baxımından mühüm siyasi, iqtisadi və strateji əhəmiyyət daşıyır:"Bu təşəbbüsə yalnız iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əməkdaşlıq platforması kimi deyil, Azərbaycanın müxtəlif regionları, dövlətləri, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirmək imkanlarını nümayiş etdirən daha geniş diplomatik yanaşma kimi baxmaq lazımdır. Azərbaycanı həm yaşıl enerji infrastrukturu, həm də beynəlxalq dialoq baxımından mühüm əlaqələndirici mərkəz kimi təqdim edən pavilyonda konfransın iki həftəsi ərzində 40-dan çox tədbir, dialoq və görüş keçiriləcək. Pavilyon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.Azərbaycan pavilyonunun “Dialoq dəhlizi” konsepsiyası əslində ölkəmizin beynəlxalq platformalarda formalaşdırdığı əməkdaşlıq ənənəsinin yeni mərhələsidir. “Dialoq dəhlizi” konsepsiyası bir-birini tamamlayan iki əsas istiqaməti əhatə edir. Birinci istiqamət fiziki bağlantılar və enerji infrastrukturu ilə bağlıdır. Mərkəzi Asiyanın zəngin bərpaolunan enerji resursları ilə Avropanın artan enerji tələbatı arasında strateji mövqedə yerləşən Azərbaycan hazırda dörd yaşıl enerji dəhlizinin inkişafı üzərində işləyir. Pavilyonda nümayiş etdirilən “Yaşıl enerji dəhlizləri” ekspozisiyası ziyarətçilərə bu marşrutlar və onların icra mərhələləri barədə ətraflı məlumat verir. Konsepsiyanın ikinci istiqaməti beynəlxalq dialoq və tərəfdaşlıqdır. Azərbaycan enerji bağlantılarının inkişafını, eləcə də iqlim fəaliyyəti və təmiz enerjiyə keçid üzrə daha geniş gündəliyini hökumətlər, maliyyə institutları və özəl şirkətlərlə qurduğu əməkdaşlıq əsasında irəli aparır. Bu təşəbbüs Azərbaycanın beynəlxalq diplomatik mövqelərinin möhkəmləndirilməsi və ölkəmizin etibarlı tərəfdaş imicinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.COP29-un Bakıda keçirilməsi ölkəmizə qlobal iqlim diplomatiyasında mühüm təcrübə qazandırdı. COP31-də isə həmin təcrübənin davam etdirilməsi, əldə olunmuş əlaqələrin qorunması və yeni tərəfdaşlıqlara çevrilməsi üçün əlverişli imkan yaranıb. “Dialoq dəhlizi” məhz bu baxımdan Azərbaycanın diplomatik fəaliyyətinin institusional və praktiki davamlılığını təmin edə biləcək platformadır. “Dialoq dəhlizi” Azərbaycanın ekoloji diplomatiya sahəsində fəaliyyətinin genişlənməsinə xidmət edir. Bu baxımdan Xəzər dənizinin ekoloji problemləri, su ehtiyatlarının qorunması, biomüxtəlifliyin mühafizəsi və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması məsələləri xüsusi əhəmiyyət daşıyır. Pavilyonun Xəzər dənizinə həsr olunmuş ekspozisiyasında su səviyyəsində baş verən dəyişikliklər, dənizin zəngin biomüxtəlifliyi haqqında məlumat təqdim edilir. Eyni zamanda, beş Xəzəryanı ölkənin dənizin ekosisteminin qorunması istiqamətində birgə həyata keçirdiyi praktiki tədbirlər nümayiş olunur.“Dialoq dəhlizi” Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, yaşıl enerji diplomatiyasının genişləndirilməsi, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin dərinləşdirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır. Əgər COP29 Azərbaycanın qlobal iqlim dialoqunun təşkilində və konsensusun əldə olunmasında iştirak imkanlarını nümayiş etdirmişdisə, COP31-də “Dialoq dəhlizi” konsepsiyası bu təcrübəni daha geniş regional və iqtisadi əməkdaşlıq müstəvisində təqdim edir".
Müəllif: Lətifə Musayeva

Digər xəbərlər