Azərbaycan xalqının tarixində elə günlər var ki, onların siyasi, tarixi və mənəvi əhəmiyyəti zaman keçdikcə daha da artır, milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü məhz belə tarixi günlərdəndir. Bu Zəfər təkcə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbə deyil, uzun illər davam edən işğala son qoyan, tarixi ədaləti və beynəlxalq hüququ bərpa edən, Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirən möhtəşəm tarixi hadisədir. Zəfər Gününün altıncı ildönümündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Zəfər abidəsini ziyarət etməsi, abidənin önünə əklil qoyması və Azərbaycan xalqına müraciəti bu tarixi hadisənin mahiyyətini, dövlətçilik baxımından əhəmiyyətini və gələcək nəsillər üçün daşıdığı mesajları bir daha nümayiş etdirdi. Dövlət başçısının məhz Xankəndidən səsləndirdiyi fikirlər Zəfərin yalnız hərbi nəticələrini deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, milli ləyaqətinin və suverenliyinin təntənəsini ifadə edir.Dövlət başçısının məhz Xankəndidən xalqa təbrik ünvanlaması xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatizmin mərkəzinə çevrilmiş, Azərbaycanın suveren hüquqlarının pozulduğu bir şəhərdə bu gün ölkə rəhbərinin Zəfər Günü münasibətilə çıxış etməsi dövlət suverenliyinin bərpasının ən aydın ifadələrindən biridir. Bu mənzərə Azərbaycanın keçdiyi tarixi yolun, xalqın iradəsinin və dövlətin prinsipial siyasətinin real nəticəsini nümayiş etdirir.Azərbaycanın Zəfərə gedən yolu təsadüfi hadisələrin deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsi idi. Müstəqilliyin ilk illərində qarşılaşdığımız çətinliklər, torpaqlarımızın işğalı və beynəlxalq müstəvidə üzləşdiyimiz ədalətsizliklər dövlət quruculuğu, iqtisadi inkişaf və güclü ordu yaradılması istiqamətində ardıcıl fəaliyyətin zəruriliyini ortaya qoymuşdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan iqtisadi və hərbi potensialını gücləndirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi. Bütün bunlar tarixi Zəfərin əsasını təşkil edən mühüm amillər idi. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışdı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ardıcıl müdafiə etdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğalın davam etdirilməsi sülh danışıqlarının nəticəsiz qalmasına səbəb oldu. Azərbaycan isə heç vaxt öz ərazi bütövlüyü məsələsində prinsipial mövqeyindən geri çəkilmədi. Bu, dövlətin milli maraqlarına söykənən müstəqil siyasətinin və siyasi iradəsinin göstəricisi idi.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının onilliklər boyu gözlədiyi tarixi ədalətin bərpasına yol açdı. 44 gün davam edən müharibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini müəyyənləşdirən və Zəfər Gününün tarixi məzmununu müəyyən edən həlledici hadisə oldu. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalamağa məcbur olması və digər ərazilərin döyüşsüz azad edilməsi Azərbaycanın hərbi-siyasi üstünlüyünü təsdiqlədi. Lakin Azərbaycanın əldə etdiyi tarixi nəticə yalnız 2020-ci il Zəfəri ilə məhdudlaşmadı. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenlik tam bərpa edildi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, dövlətin konstitusiya quruluşunun bərpası istiqamətində də tarixi vəzifə yerinə yetirildi. Bu hadisə göstərdi ki, Azərbaycan öz suverenliyini və milli təhlükəsizliyini təmin etmək əzmində olan güclü dövlətdir.Xankəndidə Zəfər tağının ucaldılması və Zəfər Muzeyinin yaradılması da bu baxımdan yalnız tarixi hadisələrin xatirəsini yaşatmaq məqsədi daşımır. Bu məkanlar Azərbaycanın müasir tarixində baş vermiş dönüş nöqtələrinin gələcək nəsillərə çatdırılması, milli yaddaşın qorunması və dövlət suverenliyinin rəmzlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə Zəfər Muzeyinin vaxtilə separatçı qurumun fəaliyyət göstərdiyi binada yaradılması tarixin dəyişən istiqamətini, Azərbaycanın öz torpaqlarında suveren hüquqlarını bərpa etməsini ifadə edən güclü simvolik məna daşıyır. Bu, keçmişin ağrılı səhifələrinin unudulması deyil, onların tarixi həqiqət kimi qorunaraq gələcək nəsillərin yaddaşına ötürülməsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin yeni mərhələsini – sülh, inkişaf və Böyük Qayıdış mərhələsini təşkil edir. Dövlət tərəfindən reallaşdırılan proqramlar çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, təhsil, səhiyyə və sosial xidmətlər bərpa edilir. Artıq 97 minə yaxın insanın bu ərazilərdə yaşaması, təhsil alması və işləməsi Böyük Qayıdışın real nəticələrini göstərir. Bu prosesin əhəmiyyəti yalnız insanların doğma yurdlarına qayıtması ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi, sosial və mədəni həyatına yenidən inteqrasiyası Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətidir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də milli birliyin və azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin möhkəmləndirilməsindəki roludur. Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Bu güc, eyni zamanda, müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızın vahid dövlətçilik ideyası ətrafında birləşməsində, ümumi Vətənə bağlılığında və milli maraqların qorunmasında təcəssüm olunur. Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi birlik bu həmrəyliyin nə qədər möhkəm olduğunu bütün dünyaya göstərdi. Bu baxımdan azərbaycançılıq ideologiyası təkcə milli kimliyin ifadəsi deyil, həm də müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır.
Zəfərdən sonra formalaşan yeni reallıqlar Azərbaycanın qarşısında yeni vəzifələr müəyyənləşdirib. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkəmizin regional siyasətində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya əlaqələri və beynəlxalq münasibətlər sahəsində imkanları da genişləndirib. Bu mərhələdə əsas məsələ əldə olunmuş tarixi nailiyyətləri qorumaq, ölkənin inkişafını davam etdirmək və regionda dayanıqlı sülhün təmin olunmasına töhfə verməkdir. Azərbaycanın güclü dövlət, qüdrətli ordu və müstəqil xarici siyasət xəttinə əsaslanan mövqeyi bu hədəflərin həyata keçirilməsi üçün mühüm təminatdır.
Prezident İlham Əliyevin Xankəndidəki çıxışı Zəfərin yalnız keçmişə aid tarixi hadisə olmadığını, bu günün və gələcəyin siyasi gündəliyini müəyyənləşdirən strateji hadisə olduğunu bir daha ortaya qoydu. 2020-ci ildə qazanılan hərbi Qələbə, 2023-cü ildə suverenliyin tam bərpası və hazırda davam edən quruculuq prosesi vahid dövlətçilik strategiyasının bir-biri ilə bağlı mərhələləridir. Bu mərhələlərin hər biri Azərbaycanın milli maraqlarına əsaslanan siyasətinin, xalq-iqtidar birliyinin və güclü dövlət modelinin nəticəsidir.
Bu gün Azərbaycan xalqı Zəfər Gününü böyük qürur hissi ilə qeyd edərkən, eyni zamanda, gələcəyə inamla baxır. Çünki bu Zəfər xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətinin tarixi təsdiqidir. Ən əsası, Azərbaycan öz gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, gələcək inkişafı üçün yeni imkanlar yaratmışdır. Zəfərdən suverenliyə, suverenlikdən quruculuğa uzanan bu yol müasir Azərbaycan tarixinin ən mühüm dövlətçilik salnaməsidir.
Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı