Dövlətin qüdrətini, beynəlxalq nüfuzunu həm də onun Konstitusiyası müəyyənləşdirir. Dövlətin dövlətçilik pinsiplərinə əsaslanan Konstitusiya vətəndaşların vətəndaşlıq hüquqlarını və vətəndaşlıq borclarını müəyyənləşdirir, vətəndaşlıq sistemi olmaq etibarilə dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir. Buna görə də Konstitusiya ən ali qanundur.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul edildi.
Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib və müstəqilliyimiz bərpa edildikdən sonra ilk Konstitusiyamızdır. Həmin gün Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və ideoloji əsaslarını müəyyən edən Əsas Qanun qəbul olunub. Ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu sənəd ölkənin demokratik inkişafını formalaşdırmış, müstəqil dövlət idarəçiliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasının hüquqi zəminini yaratmışdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya həm milli dövlətçilik ənənələrini, həm də ümumbəşəri dəyərləri özündə birləşdirərək, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun istiqamətverici sənədinə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri məhz müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Konstitusiya hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Dahi şəxsiyyət bütün sahələrin dirçəlişinə və inkişafına diqqət göstərdiyi kimi, qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsinə, xüsusilə ölkəmizin ana qanunu olan Konstitusiyamızın qəbul edilməsi prosesinə də xüsusi diqqət göstərirdi, bunun dövlətçilik tariximizdə olduqca vacib bir addım olduğunu vurğulayırdı.
Azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı il fevralın 6-da noyabrın 12-i Konstitusiya Günü elan edildi və hər il bu tarixi gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.
Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. İctimai-siyasi reallıqların inkişafı ilə əlaqədar Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər idarəetmə sisteminin təkmilləşdirilməsi, insan hüquqlarının daha effektiv təminatı və dövlətin sosial funksiyalarının gücləndirilməsi məqsədinə xidmət edib.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi varisi ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində dövlətin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildi, 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edildi. Azərbaycan dünyəvi dövlətdir. Dünya dövlətləri Azərbaycanı bəşəri dövlət kimi tanıyır, bu tanıma Azərbaycanın dünyəvi siyasətdə layiq olduğu yeri müəyyənləşdirir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri