“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Müasir Azərbaycan gəncliyi: Məsuliyyət və missiya” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş Prezident təqaüdçüləri, tələbələr və fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında vurğulayıb ki, müasir Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin layiqli davamçılarıdır. O qeyd edib ki, bu siyasətin əsas məqsədi gəncləri Vətənə, dövlətə və milli dəyərlərə sədaqət ruhunda yetişdirməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bunun bariz nümunəsidir.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, Azərbaycan gəncliyi dövlətin inkişafında strateji bir qüvvədir. Ulu Öndər Heydər Əliyev bu həqiqəti prioritet hesab edərək mükəmməl gənclər siyasətinin əsasını qoydu. Onun təşəbbüsü ilə qəbul edilən dövlət proqramları gənclərin potensialını üzə çıxardı. Prezident İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirib. Gənclər bu gün Azərbaycanın innovativ, texnoloji və intellektual inkişafının aparıcı qüvvəsinə çevriliblər. Onların uğurları ölkənin beynəlxalq imicini gücləndirir. 44 günlük Zəfər müharibəsində minlərlə gənc döyüş meydanında şücaət göstərdi.
YAP Yasamal rayon təşkilatının “Z.Xəlilov.küç 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Milli Məclisin deputatları Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov, Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva və Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov bildiriblər ki, müasir dövrün Azərbaycan gəncliyi milli dövlətçilik ideyalarının daşıyıcısıdır. Gənclərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ideoloji xətti mühüm rol oynayıb. Gənclərə göstərilən diqqət, yaradılan imkanlar bu siyasətin davamlılığını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti daha sistemli və müasir məzmun alıb. Gənclər bu gün Zəfər ruhunu daşıyır, əldə olunan Zəfərləri gələcək nəsillərə ötürürlər.
Çıxışlardan sonra Yasamal rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş Prezident təqaüdçülərinə hədiyyələr və YAP Yasamal rayon təşkilatında könüllülük layihəsi proqramını uğurla başa vuran gənclərə serifikatlar təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.