PDF Oxu

Sosial

  • 597

Beynəlxalq hüququn və beynəlxalq adət hüququnun “pacta sunt servanda” prinsipi

image

(Beynəlxalq Qars müqaviləsinin pozulmuş şərtləri)

Qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir. Beynəlxalq hüququnun “Pacta sunt servanda” adlanan bu prinsipi 1969-cu il mayın 23-də Vyana şəhərində imzalanmış “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”nda təsbit olunmuş və göstərilmişdir ki, Tərəf müqavilənin yerinə yetirilməməsinə bəraət olaraq daxili qanunvericiliyin müddəalarına istinad edə bilməz. Konvensiyanın 26-cı maddəsində təsbit olunur ki, bağlanmış beynəlxalq müqavilələr tərəflər üçün hüquqi baxımdan məcburidir və onları yerinə yetirmək borcudur. Bu qayda isə Konvensiyanın 46-cı maddəsinə, yəni dövlətdaxili hüququn müqavilələri bağlamaq səlahiyyətinə dair müddəalarına xələl gətirmədən qüvvədədir.

“Pacta sunt servanda” isə latınca "müqavilələrə riayət edilməlidir" deməkdir və müqavilələrin məcburi qüvvəsini vurğulayır. Hüquq ədəbiyytalarnda qeyd olunur ki, qədim dövlətlərin müqavilələrinə hörmət prinsipi, "pacta sunt servanda" (müqavilələrə riayət edilməlidir) ilkin prinsipi tətbiq edən beynəlxalq hüququn fundamental xüsusiyyətidir. Bu prinsip, dövlətlər arasında bağlanan müqavilələrə bütün tərəflərin əməl etməsini tələb edir və dövlətlərin suverenliyinin qorunması və beynəlxalq münasibətlərin sabitliyi üçün zəruridir. Müqavilələrə hörmət etmək dövlətlərin suverenliyinə hörmət edilməsinin bir formasıdır, çünki dövlətlər könüllü olaraq bu müqavilələrə daxil olurlar. Beynəlxalq sabitlik isə müqavilələrə əməl olunması beynəlxalq münasibətlərin sabitliyini təmin edir və dövlətlər arasında qarşılıqlı etimadı gücləndirir. Bu prinsip qədim dövrlərdən, o cümlədən qədim Şərq dövlətləri arasında bağlanmış müqavilələrdə də mövcud idi. Bu müqavilələr siyasi, iqtisadi və mədəni münasibətləri tənzimləyirdi. İstər beynəlxalq hüquq, istərsə də beynəlxalq adət hüququ "pacta sunt servanda" prinsipini hər dövlətin ləyaqətli hərəkət etmək prinsipi kimi özündə ehtiva edir. Tarix boyu əksər dövlətlər öz aralarında imzalanmış müqaviləni vicdanla icra etməyə çalışmışdır.

Müasir beynəlxalq hüquqda bu prinsip BMT Nizamnaməsi, 1969-cu il mayın 23-də Vyana şəhərində imzalanmış “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası” və digər beynəlxalq hüquq normaları tərəfindən dəstəklənir. Unutmayaq ki, "Beynəlxalq adət" (və ya beynəlxalq adət hüququ) da beynəlxalq hüququn əsas mənbələrindən biridir. Bu, dövlətlərin uzun müddət ərzində davamlı, eyni qaydada həyata keçirdiyi davranışlar və həmin davranışların hüquqi məcburiyyət kimi qəbul olunması deməkdir. Beynəlxalq Ədalət Məhkəməsinin Statusunun 38-ci maddəsinə görə, beynəlxalq adət hüququ beynəlxalq hüququn əsas mənbələrindən biridir və dövlətlər üçün məcburi xarakter daşıyır. Beynəlxalq adətin əsas elementlərindən biri də, dövlətlərin bu davranışları hüquqi öhdəlik kimi qəbul etməsi, yəni bunu sadəcə adət və ya vərdiş kimi deyil, məcburi hüquq normaları kimi yerinə yetirməsidir.

Biz isə 16 oktyabr 1921-ci ildə imzalanan və bu gün də qüvvədə olan Beynəlxalq Qars müqaviləsi və onun pozulmuş şərtlərinə nəzər salacağıq.

Ulu Öndər Heydər Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” 4 fevral 1999-cu il tarixdə imzalanan Fərmanda qeyd edilir ki, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsbit edildi. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi boyu erməni silahlı quldur dəstələri İrəvan, Naxçıvan və Qarabağ bölgələrində dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdılar. Qafqazda bolşeviklərin hakimiyyətinin bərqərar olduğu ilk günlərdən hələ 1918-ci ildə özünü mart qırğınları zamanı büruzə vermiş bolşevik-daşnak sövdələşməsi geniş vüsət aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq əzəli Azərbaycan torpağı olan Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının - Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi.

Ermənistanın həm daşnak hökuməti dövründə, həm də sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanı Azərbaycandan ayıraraq özünə birləşdirmək üçün göstərdiyi səylər Naxçıvan əhalisinin birmənalı qəti mövqeyi sayəsində uğursuzluğa düçar oldu. Naxçıvan əhalisinin 90 faizdən çoxu 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Hələ, 2 dekabr 1920-ci ildə Türkiyə tərəfi ilə Ermənistan arasında Gümrü müqaviləsi imzalanmış, bu müqavilənin 2-ci maddəsi ilə Naxçıvanın sərhədləri belə müəyyən olunmuşdur: Kükü dağı (10282-8022)-Kamasor dağı (8160)-Qurdqulaq kəndi-Sayat dağı (7868)-Arpa çayı üzrəində 3080-Gömürlü dağı (6930)-Saray bulağı (8071), Ararat stansiyası, Araz çayı, Aşağı Qarasu töküldüyü yerdən keçən zolağın cənubundakı Naxçıvan, Şahtaxtı, Şərur bölgəsi. Bu ərazidə isə Türkiyənin himayə etdiyi yerli idarəetmə yaradılırdı.

18 mart 1921-ci ildə isə sovet Rusiyası ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsinin üçüncü maddəsinin I Əlavəsinin C bəndi Naxçıvan məsələsi haqqında idi. Müqaviləyə əsasən, Naxçıvan üçüncü dövlətə verilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilərək onun sərhədləri belə müəyyən edildi: Naxçıvan ərazisinin Araz talveqi (səth relyefinin açıq yeri) xəttinin şərqi ilə Dahnə dağı (3829)-Vəli dağ (4121)-Bağırsaq (6587)-Gömürlü dağ (6930) silsiləsi sərhədləri içərisində qalan ərazinin Gömürlü dağından (6930) başlayıb, Saraybulaq (8071)-Dəvəli (Ararat) stansiyasından keçərək, Qarasunun Araz ilə birləşdiyi yerdə sona çatan sərhəd xətti, Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən ediləcəkdir. Bu maddəyə I (C) saylı, “Naxçıvan ərazisi” adlı Əlavədə qeyd edilir ki, “Dəvəli (Ararat)” stansiyası- Saraybulaq dağları (8071)- Gömürlü dağı (6839. 6930. 3080)-Sayat dağı (7868)-Qurdqulaq kəndi-Həməsür dağı (8160)-hündürlük 8022- Küküdağ (10282) və keçmiş Naxçıvan qəzasının şəqr inzibati sərhədi. Bu müqavilə öz dövrü üçün Azərbaycan diplomatiyasının qələbəsi hesab olunurdu.

16 oktyabr 1921-ci ildə Rusiyanın da iştirakı ilə Türkiyə ilə Cənubi Qafqaz respublikaları olan Azərbaycan, Gürcüstan və Ermənistan arasında Beynəlxalq Qars müqaviləsi imzalandı. Behbud ağa Şahtaxtinski isə Qars müqaviləsini imzalayan Azərbaycan təmsilçisi idi. Bu müqavilənin beşinci maddəsi bilavasitə Naxçıvan ilə bağli idi. Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması hüquqi təsdiqini tapmışdır. Müqavilənin beşinci maddəsinin 3-cü Əlavəsində Naxçıvanın sərhədləri belə müəyyən edilmişdir: Urmiya kəndi, oradan düz xətt ilə Arazdəyən stansiyasına (Təəssüf ki, ora Ermənistana daxil edilir), sonra düz xətt ilə qərbi Daşburun dağı (3142) və daha sonra suayrıcı xətt ilə şərqi Daşburun dağı (4108) və Cəhənnəm dərəsi çayından keçməklə “Rod” (Bulaq) yazısının cənubundan Bağırsaq dağı (6607 və ya 6587) suayrıcı xətti ilə və buradan keçmiş İrəvan və Şərur-Dələyəz qəzalarının inzibati sərhədləri ilə 6625 yüksəkliyindən keçərək, Gömürlü dağına (6839 və ya 6930) və daha sonra 3080 yüksəkliyi, Sayatdağ (7868), Qurdqulaq kəndi, Həməsür dağı (8160), 8022 yüksəkliyi, Küküdağ (10282) və Keçmiş Naxçıvan Qəzasının şəqr inzibati sərhədləri. Bu müqaviləni Azərbaycan hökuməti 1922-ci il martın 3-də təsdiq etmişdir. Bəli, beynəlxalq Qars müqaviləsi ilə Naxçıvanın sərhədləri belə müəyyən olunmuşdur.

“Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” 4 fevral 1999-cu il tarixdə imzanan Fərmanda qeyd edilir ki, 1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanı muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş etdi. Zaqafqaziya Mərkəz İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu qərarı təsdiq etdi. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli Dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq edildi. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi.

Ermənistan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində olmasını rəsmən qəbul etməyə məcbur olsa da, bu faktla əslində heç cür razılaşa bilmir, Naxçıvana ərazi iddialarından, onu Ermənistana birləşdirmək niyyətlərindən əl çəkmirdi. Ermənistanın hakim dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını qoparıb öz ərazisinə birləşdirməyə nail oldular. 1929-cu ildə Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinin qərarı ilə Naxçıvanın 657 kvadrat kilometr ərazisi — Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan (Qacaran) kəndi, habelə Kilid kəndi torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu ildə isə Əldərə, Ləhvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır. Ermənistanın Naxçıvanla bağlı ərazi iddiaları sonrakı dövrlərdə də davam etmiş və indi də o, bu çirkin niyyətlərindən əl çəkmir.

Bu torpaq itkiləri nəticəsində Naxçıvan coğrafi cəhətdən Azərbaycanın əsas hissəsindən tamamilə ayrı düşdü. Azərbaycanın yalnız kiçik bir hissəsi – Sədərək vasitəsilə Türkiyə ilə quru əlaqəsi qaldı.

Еrmәnilәrin “Nахçıvаndаn bаşlаmаğа” cәsаrәti çаtmаmаlаrınа vә оnun muхtаriyyәt stаtusunа tохunа bilmәmәlәrinә 90-cı illәrin Nахçıvаn һаdisәlәri dаһа pаrlаq nümunә оldu.

Qeyd olunan Fərmanda Naxçıvanın sərhədlərini müəyyən edən beynəlxalq Qars müqaviləsinin şərtlərinin pozulması da öz əksini tapmışdır.

Bağlanmış müqavilələrə hörmət etmək hər bir dövlətin suverenliyinə hörmət edilməsinin bir formasıdır.

Bəli, sonda həmişə həqiqət və ədalət qalib gəlir. Çünki tarix hər şeyi zamanla öz yerinə qoyur!

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. “Müqavilələr hüququ haqqında Vyana Konvensiyası”. https://e-qanun.az

2. “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin

04.02.1999-cu il tarixli Fərmanı.

3. İsmayıl Hacıyev. “Moskva və Qars beynəlxalq müqavilələri”. Naxçıvan-2021.

4. İbrahim Ethem Atnur. “Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921)”. Naxçıvan-2013.

Faiq SƏFƏROV

Hüquqşünas

Naxçıvan şəhəri

Digər xəbərlər