PDF Oxu

Sosial

  • 802

Ciyər axşamı

image

-Fatma xala, Zəhragil sizi ciyərə çağırıb?

- Bəs necə çağırmayıb, əlbəttə, çağırıblar.

-Hamınız gedəcəksiniz?

-Əlbəttə, guya neçə nəfərik ki? Kişi, mən, iki oğlum, gəlinim, bir də üç nəvəm. Elə onlar da bizə ailəliklə gəlmişdi də Kamilin toyunda.

-Oğlan evinin ciyəri nə vaxtdır?

Fatma xala:

-Mən biləni birigündür.

-Ora da gedəcəksən?

-Ay qız, söz danışırsan ey. Niyə getmirəm ki?

-Hə, yaxşı, Fatma xala, gedəndə, bizi də səslə, birlikdə gedək.

Fatma xala axşamüstü Gülsümü səsləyir, bir-birinə qoşulub gedirlər Zəhragilə ciyərə. Yolda Gülsüm Fatma xalaya deyir:

-Ay Fatma xala, bu xınayaxdı axşamı deyildi, haradan oldu axı ciyər?

Fatma xala:

-Ay qız, gündə bir moda çıxır da. Bizim vaxtımızda ciyər vardı? Oğlan evindən bir dəstə adam yığışıb davul-zurna ilə gedirdi qız evinə, rəqs edir, oynayır, gəlinin əl-ayağına xına qoyur, bir stəkan da şirniyyatla çay içib, bəyin də xınasını götürüb qayıdırdı.

Ay qız, Gülsüm, niyə soruşursan? Nəyi pisdir ki, gedib müftə-müsəlləh yeyib-içirik də, həm qız evində, həm də oğlan evində. Əvvəl ancaq şirniyyatlı süfrə açılırdı. Amma indi xaşlı-ciyərli. Pisdir, bəyəm? Allah bunu çıxaranın köməyi olsun.

-Ay Fatma xala, nə deyirəm ki. Mən də elə sən dediyin kimi bilirdim.

-Nəyi, ay qız?

-Xına gecəsini də. Ancaq, vallah, maraq məni bürüyüb ki, bu xına birdən-birə necə çevrilib ciyər oldu. Onu soruşuram.

-Ay qız, bu da xınadır da, amma ciyərli xına. Əvvəl ciyəri, toy üçün kəsilən mal-heyvanın əl-ayağını bişirib əldə-ayaqda işləyənlərə vermirdilər? İndi də camaat ta toyunu həyətində etmədiyinə görə həmin mal və heyvanın əl-ayağını, ciyərini bişirib xınada camaata yedirdir də. Nəyi pisdir ki? Onda səhərdən axşama işləyib sonra yeyirdin. İndi isə işləməyib dişləyirsən də. Deyəsən, sənə ağırlıq eşir ha, bu müftə yemək.

-Ay Fatma xala, yaxşı görək, sən lap məni atəşə tutdun.

-Əcəb elədim. Elə sənin kimilərdir hər şeyi söz edən. İki-üç nəfər də sənin kimisi desə, bir də görəcəyik ki, ciyəri yığışdırdılar.

Gülsümün matı-qutu qurudu. Fatma xala onu elə susdurdu ki, qızın ta cıqqırı da çıxmadı.

Beləliklə, çatdılar Zəhragilin həyətinə. Həyətdə masalar düzülüb, üzərində də salat, turşu, çörək, sular, meyvə və ciyər, xaş.

Gülsüm Fatma xalaya pıçıldadı ki, ay Fatma xala, bu ciyəri başa düşdüm, axı xaşı axşam yeməzlər axı, ağır yeməkdir. Bunu səhər yemirdilər?

Fatma xala Gülsümün ayağına bir dürtmə vurub, ay qız səsini kəs, başını sal aşağı, başla yeməyə, nə səhər-axşam salmısan?.

***

Həyətdə o başda kişilər üçün ayrıca masalar açılmışdı. Üzərində spirtli içkilər də var idi. Ciyərlə, xaşla içən-içənə idi. Axı kişilərə görə ciyər, xaşla araq çox yaxşı “gedir”.

***

Gülsüm ətrafa xeyli baxandan sonra yenə Fatma xalanın qulağına pıçıldayır:-Ay Fatma xala, heyf deyildi o xına gecələri. Çal-çağır, rəqslər, haxıştalar. Bu nədir, camaatın işi ancaq yeməkdir. Sabah onsuz da toydur da, bunların hamısı həm də toya dəvətlidir. Nə ehtiyac var axı bu qədər xərcə?

-Fatma xala:

-Ay qız, səsini kəs. Ac qarına nə çal-çağır. Bir də ki, bu adətdir, belə olmalıdır, az danış. O da olacaq da. İndi oğlan evi gəlib yeyib-içəcək, sonra gəlinin xınasını qoyub gedəcəklər.

Gülsüm:

-Yaxşı, ay Fatma xala, bunu başa düşdük. Xına qoyub gedəcəklər. Biri gün də oğlan evində ciyər olacaq, yəni xına da. Bəs bu nə deməkdir?

-Ay qız, sən elə bil başa planetdən gəlmisən. Bəs qız evi də oğlana xına aparacaq da.

-Fatma xala, bunun adı elə xına gecəsi qala bilməzdi, niyə ciyər axşamı etdilər ki?

-Gülsüm, sən ta mənim bu ciyərimi burnumdan gətirdin. Ay bala, neçə illərdir xına-xına, ta camaatın qulağı pas bağlamışdı. Hə, guya ciyər olanda nə olacaq ki?.. Müsəlman belədir də, yeyir, danışır, yemir, danışır... Xına idi, indi də oldu ciyərli xına.

Gülsüm:

-Heç nə, nə deyirəm ki, Fatma xala.

Fatma xala Gülsümü elə süzdü ki...

Beləliklə, Gülsüm ta nə dindi, nə da danışdı.

Mətanət Məmmədova

Digər xəbərlər