Sosial

  • 3 183

Aldın cavabını?..

image

Bəzi gənclər var ki, ictimai yerlərdə ucadan danışır, deyib-gülürlər. Biz də cin atına minirik. Onları qınayırıq.

Cavab belə olur: ay yazıqlar, müasir dövrdür, indi alçaqdan yox, ucadan danışmaq lazımdır ki, hər kəs eşitsin, gülsün, kefi açılsın. Bir də ki, ucadan danışmaq, gülmək dəbdir.

Buyur, aldın cavabını?..

Tez-tez yolda, metroda, avtobusda, mağazada ağzında saqqız şövqlə çeynəyən gənclər görürsən. Yadına düşür ki, valideynlərimiz deyərdi, ictimai yerdə saqqız çeynəmək mədəniyyətsizlikdir, insanlara qarşı hörmətsizlikdir. İstəyirsən ki, bu tövsiyəni bəzi gənclərə edəsən.

Cavab belə olur: saqqız çeynəmək müasirlikdir. İndi artıq sizin dövrünüz deyil. Saqqız təravətli nəfəsdir... Həm də dəbdir, məxsusilikdir.

Buyur, aldın cavabını?..

Bəzi qızların yay-qış göbəkləri bayırdadır. Deyirsən, ay bala, bu nə geyimdir, axı sənə soyuq dəyər, xəstə olarsan, sabah bir qapını açıb gəlin gedəcəksən, ana olacaqsan. Nə üçün qorxmursan ki, səni bu geyimlə bəyənən olmaz...

Cavab belə olur: cəhənnəmə bəyənsin, gora bəyənsinlər. İndi belə geyim bütün dünyada dəbdir. Bu, mənim tərzimdir, kim məni bəyənərsə, bu geyimlə də qəbul etməlidir.

Buyur, aldın cavabını?..

Bir də baxırsan ki, qarşıdan bir dəstə gənc oğlan gəlir. Birinin şalvarının dizi yoxdur, birinin saqqalı sinəsində, birinin saçı qalxıb göyün yeddinci qatına, o birinin saçı bir neçə rəngdədir, o birinin corabının bir tayı bir rəng, o biri tayı başqa rəngdir. Baxırsan-baxırsan, vallah, bilmirsən güləsən, ağlayasan, nə edəsən. Yeri gələndə söhbət açıb deyirsən ki, ay bala, kişinin kişi geyimi olar. O dizi yox şalvarı kişi əyninə geyinər məgər? O qadın saçı ilə kişi bayıra çıxar? Niyə o saçlarını qaydasında kəsdirmirsən? O corabı geyinəndə görmürsən ki, taykeşdir? O saçını niyə çəhrayı rəngə boyamısan?

Cavab belə olur: ay yazıq, sən keçmişdən gəlmisən. Biz isə bu gündə yaşayırıq. Bu ğunun dəbi budur. Həm də ki, kim istəyir cırıq şalvar geyinməsin, corabını taykeş yox, cüt geyinsin, saçını göyə qaldırmasın, yerə endirsin, rəngləməsin, öz rəngində saxlasın, onlardan bizə nə? Bu, bizim tərzimizdir.

Buyur, aldın cavabını?..

Qızlar var ki, əyinlərindəki bir qarışdan da qısa ətəklərini görəndə, deyirsən ki, İlahi, yəqin bunlar evdən çıxanda analarının başı mətbəxdə iş-gücə qarışıbmış, yoxsa... Fikirləşirsən ki, mən də olum bunun anası, nə olar, gəncdir, başa salım, düz yol göstərim. Deyirsən ki, qızım, bu ətəyin bir azacıq uzun olsa, sənə çox gözəl yaraşar.

Cavab belə olur: “Sən get öz qızına yol göstər. Mən evdən çıxanda görənim var. Bir də axı sən nə bilirsən, müasirlik nədir, dəb nədir? Sizlər XX əsrdə qalmısınız, indi XXI əsrdir”.

Buyur, aldın cavabını?..

Mətanət Məmmədova

Digər xəbərlər