Gündəlik həyatımızda elə vacib bir sahələr var ki, bütün yaş qruplarından olan insanların o sahəyə müraciəti anbaandır. Hansı ki, o sahədə illərlə süründürməçiliklə üzləşməli, bir saata düzələn iş üçün həftələrlə hər hansı dövlət orqanına ayaq döyməli olmuşuq. Əsəblərimiz gərilib, planlarımız pozulub, bəzi dövlət qurumlarına inamımız itib, ümidimiz kəsilib. Söylədiklərimizi təsdiq edəcək çox sayda insan var ki, hər hansı bir sənədin alınması, xidmətin həyata keçirilməsi üçün bunları dəfələrlə yaşayıb. O zamana qədər ki, həyatımıza “ASAN xidmət” daxil oldu. Və budur, artıq biz onunla 12 ildir ki, asan bir həyat yaşayırıq...
“ASAN xidmət”: son 21 ilin reallıqlarından biri
Bu, bir faktdır ki, son 21 il müstəqil Azərbaycanın tarixində şanlı bir səhifə açıb. Bu şanlı səhifələrə çox ilklər həkk olunub. Bunlardan biri də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci tarixli Fərmanı ilə yaradılan “ASAN xidmət” mərkəzləridir. O “ASAN xidmət” mərkəzləri ki, dövlətimizin başçısının uğurlu layihəsidir, artıq 12 ildir fəaliyyət göstərir və insanlar bu xidmətdən çox razıdır.
Bu xidmətin yaradılmasının əsasında insan amili dayanır. “ASAN xidmət” ölkəmizdə vətəndaşlara verilən dəyərin bariz nümunəsi, inkişafın göstəricisi, insanların həyatına rahatlıq töhfəsidir. “ASAN xidmət” həyatımızın asanlaşdırılması, bir mərkəzdə birləşən xidmətlərlə həm vaxt, həm də artıq vəsait itkisinin qarşısının alınmasıdır.
Bakıda pilot layihə olaraq ilk “ASAN xidmət” mərkəzinin açılışı 29 dekabr 2012-ci ildə olmuşdur. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə, 15 yanvar tarixində fəaliyyətə başlamışdır. Yaradılmasından ötən bir il ərzində Sumqayıtda, Gəncədə də “ASAN xidmət” mərkəzləri yaradılmış, Bakıda bu mərkəzlərin sayı 3-ə çatdırılmışdır. Artıq 2014-cü ilin əvvəlində “ASAN xidmət” mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatmışdır.
2014-cü il mayın 7-də Bakıda sayca dördüncü, dekabr ayında isə ölkədə yeddinci olaraq Sabirabadda “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur. 2015-ci ildə Bərdədə, həmin ilin yayında, iyulun 14-də Azərbaycanda hələlik 5 saylı Bakı “ASAN xidmət” mərkəzi açılmışdır. 2016-cı ildə Masallı və Qəbələ, 2017-ci ildə Quba, 2018-ci ildə isə Mingəçevir, İmişli və Şəki, 2019-cu ildə Şamaxı, 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakən rayon sakinlərinin də həyatına bu asanlıq daxil olmuş və onlar da digər bölgələrdə olan insanlar kimi vaxt və vəsait itkisinə son qoymuşlar.
2021-ci ildə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, 2022-ci ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi və 7 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamış, 2023-cü ildə isə Naxçıvan Muxtar Respublikası və Salyan rayon sakinlərin çoxdankı arzuları reallaşmış və onların da həyatı “ASAN xidmət”lə asanlaşmışdır.
2024-cü il yanvar ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Lənkəran regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bu mərkəz Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan təxminən 500 min vətəndaşa xidmət göstərir.
Hazırda 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla,Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.
İşğaldan azad edilmiş ərazilərdə də “ASAN xidmət” mərkəzlərinin yaradılması nəzərdə tutulub. Belə ki, Ağdam, Laçın və Cəbrayıl rayonlarında mərkəzlərin qurulması məqsədəuyğun hesab edilib. Şuşa şəhərində isə “ASAN xidmət” mərkəzinin tikintisi davam etdirilir.
İldən-ilə artan uğurlar
“ASAN xidmət”in ötən illər ərzində əldə etdiyi uğurlar da az olmamışdır. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata, həmin ilin yayında səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə “Uğur 2013” mükafatına, dekabrında isə OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata, 2015-ci ildə BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüşdür. 2015-ci ilin martında Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olmuşdur.
ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. 2023-cü il aprelin 3-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı Qətnamə yekdilliklə qəbul edilib. Qətnaməyə 65 dövlət, o cümlədən ABŞ, Çin, Yaponiya, Avropa İttifaqı üzv dövlətləri, Avstraliya, Kanada, eləcə də Afrika, Asiya və Amerika qitələrini təmsil edən ölkələr həmmüəllif qismində qoşulub.
Ənənəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və 2023-cü ilin fevral ayında dünyanın 150-dən çox ölkəsinin ekspert, beynəlxalq təşkilat, aidiyyəti qurum rəhbərləri, hökumət və dövlət başçılarının iştirak etdiyi 10 min nəfəri əhatə edən Dünya Hökumət Sammitində Azərbaycan ən yaxşı, ən qabaqcıl dövlət nominasiyası üzrə 80 ölkə arasında birinci yerə çıxıb. Belə ki, Dünya Hökumət Sammiti çərçivəsində “ASAN xidmət” “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülüb.
12 il: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış, rahatlıq...
Bəli, “ASAN xidmət”dən söz düşəndə insanda yaranan ilkin təəssüratlar bunlardan ibarət olur: operativlik, səffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış və rahatlıq. Çünki indi həyatımızı asanlaşdıran, vaxt itkisinin qarşısını alan, çox nəzakətlə qarşılanıb, hörmətlə yola salındığımız, sayəsində əlavə vəsait xərcləmədiyimiz “ASAN xidmət”lərdən əvvəl vətəndaşların qarşılaşdıqları bir çox problemlər var idi. Elə “ASAN xidmət”in yaranmasının 12-ci ildönümündə onun uğurlarından, fəaliyyətini vətəndaş məmnunluğu ilə qura bilməsindən, operativliyi və şəffaflığından söhbət açarkən ondan əvvəlki illərdə vətəndaşlarımızın qarşılaşdığı problemləri də xatırlamağın yerinə düşdüyünü düşünərək həmin illərə qayıtmaq istəyirəm. Çünki dünəni unutsaq, bugünkülərin nə dəyərini bilərik, nə də qədrini.
Cəmi 12 il bundan əvvəl vətəndaş hər hansı bir sənədin əldə edilməsi üçün bəzən günlərlə yox, həftələrlə aid təşkilatların qapısında qalmalı olurdu. Gözləmək insanları, necə deyərlər, təngə gətirirdi. Qəbullara düşmək o qədər çətin idi ki, hər hansı sənədlə, xidmətlə bağlı aid məsul şəxslə görüşmək elə bir lotereya biletinin udması kimi şans idi. Yaxşı, görüşdün, axı bu işin həlli deyildi. Hələ ilkin məlumatı alır, istənilən bir sənədin düzəldilməsi, xidmətin həyata keçirilməsi üçün haradan başlamağı öyrənmiş olurdun. Burada işin hələlik bitirdi, başlayırdın digər idarələri, müəssisələri gəzməyə. Vaxt gəlib ay olurdu, lakin məsələn, bir evin, maşının qeydiyyata alınması işini hələ də tamam edə bilmirdin. Çünki uzun bir yolda elə maneələrlə qarşılaşırdın ki, bəzən axıra çatdıra bilmir, həll etmək istədiyin işdən əl götürməli olurdun. Açığını deyək ki, süründürməçiliyin əsasında rüşvətxorluq halları var idi. Hansısa məsul adama məlum vəsait çatdırılmadıqda, hər dəfə müraciətində səni “başından” edir, hər dəfə yeni bəhanələr gətirirdi, təki o məbləği alanadək. İnsanlar da gəlirlərinin səviyyəsindən asılı olmayaraq həmin məbləği tapmalı, bir yerə toplamalı, sonra o işin ardınca getməli idi.
Bütün bu süründürməçilik isə vətəndaşların vaxt itkisinə səbəb olurdu. Məsələn, kəndlərdən rayon mərkəzinə hansısa bir sənəd üçün gələn adam onsuz da yarı gününü itirirdi. Sənədi ala bilməyəndə isə yenidən gəlməli olurdu ki, bu da həm vaxt, həm də vəsait itkisinə səbəb olurdu. Adam bir də kəndə-evinə qayıtmalı, səhəri gün bir də o qədər əziyyət çəkməli, həmin sənədi almaq üçün rayon mərkəzinə getməli, o da ki, düzələ, ya düzəlməyə.
Bax, 12 il əvvəl belə problemlərlə qarşılaşırdı insanlar. Həm müəyyən sənədin rüsumunu dövlətə ödəyirdi, həm də müəyyən olunmuş “rüsumları” ciblərə ödəmək məcburiyyətində qalırdı. Bu rüsumu ödəmək istəmədikdə isə süründürməçiliklə yanaşı, həm də kobudluqla, nəzakətsizliklə qarşılaşırdı.
12 il əvvəl “ASAN xidmət” yaradılanda müəyyən xidmətlər var idi ki, orada cəmləndi, təbii ki, onlar yerli aid orqanlardan alındı. Bu, heç də onların ürəyincə olmadı. Çünki yuxarıda da vurğuladığım kimi, müəyyən etdikləri “rüsumlar” əllərindən çıxarıldı. Burada qazanan vətəndaş oldu. Əslində 12 il əvvəl heç kimin ağlına belə gəlməzdi ki, zaman gələcək, belə bir xidmət fəaliyyətə başlayacaq və oraya müraciət edən kəs bu qədər məmnun qalacaq.
İnsan faktorunu daim dövlət siyasətinin prioriteti hesab edən ölkəmizin başçısı vətəndaşların rifah halının yüksəldilməsi ilə yanaşı, onların rahat yaşaması, heç bir çətinliklə üzləşməməsi, sosial qayğılardan xilas olması yollarını da axtarır və bütün bunların qısa zamanda həlli yollarını tapmağa çalışırdı. Elə “ASAN xidmət”in Azərbaycan brendi kimi tətbiqi dövlətimizin başçısının sosial sahədə həyata keçirdiyi siyasətin uğurlu nəticəsi, insana amilinə verilən dəyərin göstəricisi oldu. Artıq 12 ildir ki, tətbiq olunan və hər il coğrafiyası genişləndirilən “ASAN xidmət”lə vətəndaşların həyatında müsbət dəyişikliklər baş verdi. Dövlət xidmətlərindən istifadədə onların razılığı təmin edildi. Belə ki, vətəndaşlar artıq dövlət xidmətlərindən daha operativ və keyfiyyətli formada istifadə edə bilir və bununla da insanlar arasında dövlət orqanlarına etimad artır. Bu baxımdan “ASAN xidmət”in fəaliyyəti əhali tərəfindən razılıqla qarşılanır. Mərkəzə müraciət edən vətəndaşların məmnunluğunun 98-100% arasında dəyişməsi buna bir sübutdur. Bu məmnunluq isə operativliklə, şəffaflıqla yanaşı, özündə həm də nəzakətli davranışı, məsuliyyətli yanaşmanı, etik davranışa riayət etməni və ümumilikdə vətəndaşa lazım olan rahatlığı da ehtiva edir.
Qeyd edim ki, cari ildə “ASAN xidmət” mərkəzləri vətəndaşlara 350-dən çox müxtəlif xidmət göstərir.
“ASAN”la sosial həyatımızın asan xəritəsi
“ASAN xidmət” eyni zamanda insanın düşüncəsində “asan xəritə” anlayışını da canlandırır. Həqiqətən də artıq “ASAN”la sosial həyatımızın asan bir xəritəsi yaranmışdır. Ötən 12 ildə bu xəritə öz coğrafiyasını genişləndirərək Bakı şəhərindən rayonlarımızadək şaxələnmiş, illərlə əziyyət çəkən insanlar üçün asan bir ünvana çevrilmişdir. Maraqlısı odur ki, bu ünvan vətəndaşların qeydiyyatı üzrə rayonlaşmır. Bütün ölkə vətəndaşları üçün eynilik təşkil edir.
Əvvəllər Bakıda yaşayan, lakin rayonda qeydiyyatda olan vətəndaşlar şəxsiyyət, sürücülük vəsiqəsini dəyişdirmək, yenidən almaq üçün rayona getmək məcburiyyətində qalırdısa, bunun üçün xeyli miqdarda vəsait xərcləməli-həm dövlət, həm digər “rüsumları” ödəməli olurdusa, təbii ki, bu, bir vətəndaş üçün böyük məbləğdə vəsait itkisi idi. Vəsait itkisi ilə bərabər, həm də vaxt itkisi demək idi. Hər hansı bir idarə, müəssisə və təşkilatda çalışan vətəndaş iş vaxtı rayonlara gedə bilmirdi. Bayram günlərində isə iş olmadığından bu işləri həyata keçirə bilmirdi. Bu isə müəyyən çətinliklər yaradırdı. “ASAN xidmət” modelinin yaradılması ilə bu problemlər, süni əngəllər təbii ki, aradan qaldırıldı.
Həmçinin səyyar şəkildə bölgələrdə “ASAN xidmət”in fəaliyyət göstərməsi də bu problemlərin qarşısını alır. Bu model yaradılmamışdan əvvəl vətəndaşlar sosial müavinətlərini aldıqları zaman problemlərlə rastlaşırdı. Ancaq “ASAN xidmət” və “Asan Səyyar Xidmət”-in təşkili ilə istər Bakı şəhərində, istərsə də regionlarda yaşayan əhalinin problemlərinin həlli asanlaşıb.
“ASAN xidmət”in yaratdığı mobil tətbiq vətəndaşların işini daha da asanlaşdırır. Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaqdır. “ASAN xidmət” mobil tətbiq vasitəsi ilə vətəndaş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilir. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola və müvafiq mərkəzi seçə bilir. Eyni zamanda “ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsi ilə 108 “Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək imkanı yaradılıb.
“ASAN xidmət” mərkəzləri xidmətləri vətəndaşlara “vahid pəncərə” prinsipinə əsaslanaraq təklif edilir. Yəni vətəndaşlar eyni bir məkanda müxtəlif dövlət qurumlarının istənilən xidmətlərindən eyni vaxtda yararlana bilirlər. Bu da vətəndaşların fərdi xərclərini azaldır və vaxt itkisini aradan qaldırır. Mərkəzlərin fəaliyyətinin əsas üstünlüklərindən biri də həftənin bütün günlərində vətəndaşlara fasiləsiz xidmət göstərməsidir.
Bütün bunlar isə “ASAN”a aid xəritədə birləşir. Bu xəritə isə özündə Azərbaycan vətəndaşlarını birləşdirir. Onlara asan xidmətlər göstərir. Vətəndaş bu xidmətdən necə məmnun qalmaya bilər?..
“ASAN könüllü”sündən dövlət qulluqçusuna...
Prezident İlham Əliyev demişdir: Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və “ASAN könüllüləri”nin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki onlar bu işlərə könüllü şəkildə qoşulurlar, özləri bu təşəbbüsü göstərirlər və işləri ilə ölkəmizin ümumi inkişafına töhfə verirlər...
Bəli, “ASAN xidmət”in yaradılması ölkəmiz, onun vətəndaşları üçün nə qədər əhəmiyyətli oldusa, “ASAN xidmət”lərdə həyata keçirilən “könüllü fəaliyyət” proqramları da bir o qədər əhəmiyyətli oldu. Hər il yüzlərlə gənc könüllü şəkildə bu mərkəzlərə gəlir, öz iş qabiliyyətlərini və intellekt səviyyələrini gücləndirirlər. Bu, tək intellekti gücləndirmək yox, həm də gələcəkdə dövlət qulluqçusu kimi fəaliyyət göstərməyə hazırlıq deməkdir.
“ASAN xidmət” mərkəzlərində könüllülər bütün xidmət sahələrində növbəli şəkildə fəaliyyət göstərirlər. Bu fəaliyyətləri ilə onlar da təbii ki, vətəndaş məmnunluğunun təmin edilməsinə yardımçı olurlar.
Könüllülər müqavilə əsasında 2 ay müddətində fəaliyyət göstərir, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri 2 ay ərzində həyata keçirən könüllülərə agentliyin rəsmi sertifikat və xasiyyətnaməsi verilir. Könüllü fəaliyyət müddəti ərzində ilk cəlb olunmuş könüllülər vətəndaşların qarşılanması, məlumatlandırılması, anketlərin doldurulması, elektron löhvələrdə işləmə, sıra növbələrinin verilməsi kimi işlərlə məşğul olurlar. Gənclərin könüllü fəaliyyətə marağının artması və könüllü axınının çoxalması bu fəaliyyətin “ASAN xidmət” mərkəzləri ilə yanaşı, agentliyin digər sahələrində tətbiqinə də yol açıb. Belə ki, könüllülər agentliyin sosial innovasiyalar və strateji araşdırmalar, nəzarət və qiymətləndirmə şöbələrinə xidmətə cəlb olunur və bununla da onlar bir çox sahələr üzrə yeni təcrübələrə yiyələnir.
2012-ci ildən bu günədək minlərlə gənc “ASAN könüllüləri”nə çevrilib, onlar nəinki ölkəmizin sosial həyatında, həm də ictimai həyatında fəallıq göstərir. Eyni zamanda “ASAN School”dan keçərək gələcək karyeralarını da qururlar.
“ASAN könüllüləri”nin I Ümumrespublika Forumunda çıxış edən Prezident İlham Əliyev bildirib: “Şadam ki, artıq “ASAN xidmət”in böyük könüllülər dəstəsi vardır. “ASAN xidmət” cəmi iki ilə yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən çox könüllü “ASAN xidmət”də işləmişdir, təcrübə toplamışdır və ümumi işimizə öz töhfəsini vermişdir. Hazırda 500 könüllü bizim mərkəzlərdə çalışır və beləliklə, gözəl bir gənc nəsil yetişir. Gənclərimiz bizim gələcəyimizdir... Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır...”
Bəli, ötən 12 il vətəndaşlara tək “ASAN” həyat bəxş etməyib, eyni zamanda onların övladlarının da məşğulluğu üçün böyük rol oynayıb. Bu gün ölkəmizdə yüzlərlə gənc könüllülükdən dövlət qulluçusunadək yüksəlib, üstəlik bu qurumda müxtəlif yüksək vəzifələri icra etməkdədir. Bütün “ASAN”çılar ölkədə nüfuz sahibləridir. Çünki bu yeni modelin tətbiqini ürəklə, bacarıqla, insanların məmnunluğunu qazanmaqla həyata keçirirlər.
“ASAN”ın yeni təşəbbüsləri və uğurlu layihələri
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “bp” şirkətinin dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya – 2024” layihəsi sentyabr ayının 25-də uğurla başa çatmışdır.
4 ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarə edilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya, hüquq və innovasiya modulları üzrə xüsusi proqram tədris olunub. Tədris prosesində komanda quruculuğu, liderlik, kommunikasiya və komanda işinin inkişafına yönəlmiş seminarlar, praktiki təlimlər keçirilib.
Əsas məqsədi gənclərin əmək fəaliyyətlərinin artırılması, karyeralarında irəliləmələri üçün təkan verilməsi, onların intellektual potensialının düzgün dəyərləndirilməsi, eləcə də sosial aktivliyi artırmaqla respublikamızda gedən inkişafa töhfə verməyə şərait yaratmaq olan tədbirdə 4 aylıq xüsusi təlim-tədris proqramını başa vuran gənclər diplomlarla təltif ediliblər.
7 dəfə həyata keçirilən bu layihəyə 6500-dən çox müraciət olub, 330 nəfər isə iştirakçı qismində iştirak edib.
Ölkəmizin ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının “Könüllülərin ekoloji düşərgəsi” layihəsi də uğurlu layihələrdən biri oldu.
Sosial təşəbbüs Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırıldı.
Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayıb və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak ediblər. Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirən tədbirlərlə davam edib.
Düşərgənin ilk iki günü “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” Lənkəran şəhərində keçirilib.
ASAN könüllüləri ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər icra edirlər. Bu məqsədlə “Yaşıl ASAN” ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.
2024-cü il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan ediləndən sonra bu çərçivəsində görülən işlər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır. Həmçinin Azərbaycan 2030-cu ilə qədər hədəflənmiş Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlərin 5-ci prioriteti olan “Təmiz ətraf mühit və yaşıl artım”a da xüsusi önəm verir.
Eyni zamanda “ASAN xidmət” tərəfindən də ölkəmizdə dayanıqlı və yaşıl gələcəyin təmin edilməsi istiqamətində innovativ ekoloji təşəbbüslər həyata keçirilir. Nəzərə alsaq ki, “ASAN xidmət” mərkəzlərində ümumilikdə 19 milyon kilovat-saat elektrik enerjisi istehlak edilir, bu fakt enerji tələbatını dayanıqlı şəkildə qarşılamaq üçün innovativ həllərin tətbiqini zəruri edir.
Qeyd olunanları nəzərə alaraq Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verdi və bu il noyabr ayının 2-də layihənin təqdimat mərasimi keçirildi.
Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Bərpa olunan, məsrəfə qənaət edən və şəbəkəyə töhfə verən günəş panelləri vasitəsilə binanın elektrik ehtiyacları təmin ediləcək. Layihənin yaxın gələcəkdə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.
Günəş enerjisindən istifadə və qabaqcıl texnologiyaların tətbiqi “ASAN xidmət” mərkəzlərində karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldacaq. Bununla da mərkəzlərə gündəlik müraciət edən 40,000-ə yaxın vətəndaş üçün daha təmiz, sağlam bir mühit formalaşdırılacaq.
Eyni zamanda layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, “Sərfəli və Təmiz Enerji”, “Dayanıqlı Şəhərlər və İcmalar”, İqlim Dəyişikliyinə Qarşı Mübarizə”yə töhfə verəcək.
Dövlət qayğısı-məmnunluğun ifadəsi
2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanununun tətbiqi haqqında” 27 dekabr 2022-ci il tarixli Fərmanı və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli Sərəncamı “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Gününə və ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümünə böyük töhfə idi. Dövlətimizin başçısının imzaladığı bu sənədlər eyni zamanda vətəndaş məmnuniyyətini qazanmış bu quruma və onun əməkdaşlarına məmnunluğun ifadəsi idi.
29 dekabr sizin gününüzdür, əziz “ASAN”çılar. Gününüz mübarək! Ümidvarıq ki, sayənizdə qarşıdakı həyatımız bundan da asan olacaq.
Mətanət Məmmədova