Mətanət Məmmədova
Səhər-səhər, sübhün gözü Zəfərin paytaxtında açılandan havadan da Zəfərin ətri gəlir. Şəhər başqan-başa qələbə sevincinə, Zəfər qüruruna bürünüb. Hər kəsin üzündən qürur hissi var, 30 ilin ələm-kədərini Zəfər artıq 5 ildir ki, təbəssümlə doldurub.
Daha çox qürurla isə hər addımda qarşılaşmaq olur: bu gün sanki uşaqların günüdür. Şəhər uşaqlarla doludur: hərbi geyimdə, üzlərində Azərbaycan bayrağının, xarıbülbülün əksi, əllərində üçrəngli bayrağımız, üzlərində təbəssüm. Valideynləri ilə birlikdə hərbi paradı seyr etməyə, Zəfərimizin 5-ci ildönümünü qeyd etməyə gedirlər. Küçələrdə necə deyərlər, iynə atsan, yerə düşməz. Uşaqların şaqraq gülüşü, hələ bir arada qulağıma gələn sualları: ata, parad başlamaz ki? Ana, parada “İçərişəhər”lə gedirik?
Həqiqətən çox qürurvericidir. Ona görə ki, ölkəmizdə bu cür Vətən sevgisi ilə ürəyi döyünən uşaqlar böyüyür. Müharibənin, işğalın, azadlığın, müstəqilliyin, bayrağın, ordunun mahiyyətini hələ lap balaca yaşından tam mənası ilə anlayan uşaqlar...
Onların əynindəki hərbi geyim-şalvar-ətəklər, köynəklər, papaqlar sanki dil açıb bu uşaqların qəlbindəki ordu sevgisindən danışır. Özlərini əsgər və zabitlərə, şəhid-qazilərə bənzətmələrindən, onlar kimi Vətən vurğunu, torpaq sevdalısı olmalarından danışır.
Onlara baxdıqca, təlaşla parada yaxınlaşmaq cəhdlərini müşahidə etdikcə qürur duydum. Üzümdəki təbəssümlə, gözlərimdəki sevgi ilə onların üzünə baxarkən bir anda qarşılaşan gözlərimizdə onların qürurunu asanlıqla görə bildim.
Mənə elə gəldi ki, bu Zəfər paytaxtında ən çox balacaları gördüm. Onların sevincinə, təlaşına şahid olduğum üçün sanki balacaların yaşına da enmiş oldum. Onların gözü ilə Vətənə baxa bildim. Onların içində döyünən yumruqları boyda ürəklərində parada hansı sevgi ilə getdiklərini hiss edə bildim.
Valideynlər də sağ olsun ki, səhər-səhər onlara bu sevinci bəxş ediblər. Dünəndən bu gün paradın olacağı xəbərini verib, onları tezdən yuxudan qaldırıb, yedirib-içirib, paltarlarını geyindirib, əllərindən tutub Zəfər paytaxtına çıxarıblar.
Bax, vətənpərvərlik budur. Belə olur ki, Vətən, torpaq uğrunda Vətən övladı canından keçməyə hazır olur. Əlbəttə, dünənkilər bugünkülərə nümunədir. Onların həyatının aşılanması bax, belə uşaqların var olduğu cəmiyyətin gələcəyindən xəbər verir.
Zəfər paytaxtında bu gün qarşılaşdığın ən gözəl anı qələmə almaq da borclarımızdan biri olduğu üçün budur, yazdım.
Bayramın mübarək, əziz xalqım! Bayramınız mübarək, azərbaycanlılar! Və bayramınız mübarək, Zəfər paytaxtının vətənpərvər uşaqları!