PDF Oxu

Sosial

  • 720

Küftəyə “qofta”, istirahətə “piknik” dedik...

image

Hə, Molla əmi, deyirlər, piknik dövrü başlayıb. Bu piknik müasir dövrün sözüdür, əvvəllər bizdə piknik-miknik yox idi. Hər gün yeni bir söz çıxır ortaya. Biz də lüqətimizdəki sözləri arxaikləşdirib atırıq arxivin bir küncünə, başlayırıq yeni sözləri dilimzə yamaq etməyə.

Hə, bu piknik gəzmək, istirahət, asudə vaxt mənalarını verən bir sözdür. Məsələ bu deyil ey, məsələ ayrıdır, amma dedim elə piknikdən danışıramsa, sözün bizə aidiyyatı olmamasını da bir diqqətə çatdırım.

Yaxşı, olsun piknik. Bizdə piknik nədir? Piknik deyəndə nə başa düşülür? Piknik deyiləndə ilk ağılagələn nə olur? Bax, məsələ budur.

Bəli, mən deyim, siz də dinləyin, Molla əmi də dinləyib bu məsələyə ağsaqqalyanə bir fikir bildirsin.

Piknik deyiləndə bizdə gözlər önünə gələn ilk görüntü zibillik olur. Yəni insanlar düşünürlər ki, mən gedirəm piknikə, yəni ki, abad bir yeri bərbad etməyə. Yəni ki, təmiz bir yeri zibillətməyə. Yəni ki, gedib yeyib-içib, tullantıları da elə oraya dağıdıb gəlməyə. İnanırsınız, inanın, inanmırsınız da, bu, sizin öz işinizdir, piknik bizdə zibil deməkdir.

Yaxşı, bəlkə də qalxıb mənim dediklərimlə razılaşmayanlar olacaq. Olsun, nə deyirəm ki... Razılaşmamaq olar, lakin dediyin sözü sübut etməlisən. Bunun üçün də indi ki, piknik sezonu başlayıb, çıxsın gəzməli-görməli yerlərə, parklara, meşələrə, harada bir qrup adamın yığışdığını, əyləşdiyini görsəniz, bilin ki, onlar piknikdədirlər. Bir qədər əziyyət çəkin, gözləyin, onlar qalxıb gedəcəklər. Burada gördüklərinizdən sonra mənimlə razılaşacaqsınız ki, bizdə piknik zibil deməkdir. Pikniklə bağlı yaranan söz, söz birləşmələri və cümlələr:

-Piknik-zibil

-Piknikə gedirəm-zibillətməyə gedirəm

-Piknikdən gəlirəm-abad yeri bərbad etməkdən gəlirəm

-Gözəl piknik etdik-ətrafı yaxşıca zibillətdik

-Bu həftə piknikə getməyək?-bu həftə yaşıllıqları zibillətməyək

Bax, dilimizə daxil olan bu sözdən qaynaqlanan arzu və istəklər yalnız yuxarıdakıları ifadə edir.

Hə, Molla əmi, sən nə deyirsən? Mənimlə razısan, yoxsa pikniki zibillətmək hesab etməyənlərlə?

Molla əmi:- Əlbəttə, səninlə razıyam. Çünki mən bu insanları yaxşı tanıyıram. Bunlar biz zaman küftəyə “qofta” deyən abrazovannılardır da. İndi də istirahətə piknik deyirlər. Ay bala, sən bizim yanımızda uşaqsan. Biz bu insanlara illərlə dedik-dedik, bir qulaqlarından alıb o birindən ötürdülər havaya. İndi sən nəyi qoyub, nəyi danışırsan? Bilirəm, yaxşı bilirəm ki, bunlar düzələn deyil. Ona görə də barı siz dayanıb-durmayın. Bir ucdan yazın ki, bəlkə arada bir nəfərin qulağının açıq vaxtına düşər, eşidər və o birilərə də deyər...

Mətanət Məmmədova

Digər xəbərlər