Şəhid ailəsinə göstərilən ehtiram — Vətən uğrunda canından keçənlərə verilən dəyərin ən ali ifadələrindən biridir. Şəhid ailəsi şəhid qədər dəyərli və əzizdir.
Qarabağ müharibəsi şəhidi Amil Əliyevin atası Novruz Əliyev Lökbatan Bələdiyyəsinin sədri Tahir Abbasovun və bələdiyyə rəhbərliyinin şəhid ailəsinə göstərdiyi diqqət və qayğıdan razılığını ifadə edib, göstərilən münasibətə görə minnətdarlığını bildirib.
Novruz Əliyev bələdiyyə rəhbərliyinin şəhid ailələrinə münasibətini, onların müraciətlərinə həssas yanaşmasını və gündəlik qayğılarının diqqətdə saxlanılmasını yüksək qiymətləndirib. O bildirib ki, şəhid ailəsinə göstərilən hər bir diqqət, əslində, Vətən qarşısında borcunu canı ilə ödəmiş bir insanın müqəddəs xatirəsinə göstərilən ehtiramdır.
Şəhid ailəsi üçün qayğı yalnız hər hansı problemin həllindən, bir müraciətin cavablandırılmasından və ya konkret məsələyə köməklik göstərilməsindən ibarət deyil. Bəzən bir qapının döyülməsi, bir telefon zəngi, səmimi bir hal-əhval, dərdin dinlənilməsi belə şəhid ailəsinin qəlbində böyük mənəvi dəyər yaradır, çünki şəhid ailəsi üçün əsas olan yalnız maddi dəstək deyil, unudulmadığını, şəhidinin xatirəsinin yaşadıldığını və ailəsinin yanında insanların olduğunu hiss etməkdir.
Novruz Əliyevin sözlərinə görə, övladının-şəhid Amil Əliyevin adının ehtiramla çəkilməsi, onun müqəddəs xatirəsinə hörmət göstərilməsi, ailəsinin qayğılarının dinlənilməsi və imkan daxilində həllinə çalışılması onlar üçün xüsusi mənəvi məna daşıyır.
Şəhid gedir, amma onun adı, xatirəsi və ailəsinə olan mənəvi borc yaşayır. Bu borc nə zamanla azalır, nə də illər keçdikcə öz əhəmiyyətini itirir. Əksinə, hər göstərilən qayğı, hər səmimi münasibət şəhidin ailəsinə deyil, bütövlükdə Vətənə olan sədaqətin ifadəsinə çevrilir.
Lökbatan Bələdiyyəsinin fəaliyyətində vətəndaş müraciətlərinə həssas münasibət, sosial məsələlərin araşdırılması və sakinlərlə canlı ünsiyyətin möhkəmləndirilməsi mühüm istiqamətlərdən biri kimi diqqət çəkir. Şəhid ailəsinin razılığı isə bu münasibətin sadəcə söz olaraq deyil, insan taleyində öz əksini tapan real bir dəyər olduğunu göstərir.
Novruz Əliyevin minnətdarlığı bir daha xatırladır ki, şəhid ailələrinə ehtiram yalnız bayram günlərində söylənilən xoş sözlərlə məhdudlaşmamalıdır. Əsl ehtiram onların qapısını döyməkdə, dərdlərini dinləməkdə, qayğılarını bölüşməkdə və mümkün olan hər bir məsələdə yanlarında olmaqda özünü göstərir, çünki Vətən uğrunda canından keçən şəhidin ailəsinə göstərilən hər bir qayğı — şəhidin müqəddəs xatirəsinə göstərilən ehtiramdır.
Bu baxımdan Lökbatan Bələdiyyəsinin rəhbərliyinə, xüsusilə sədr Tahir Abbasova, şəhid ailələrinə göstərdiyi diqqət və həssas münasibətə görə təşəkkürümüzü bildiririk.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini daim uca tutan hər kəsə minnətdarlığımızı ifadə edirik.
İdris Şükürlü,
Əməkdar jurnalist
Meyvəni tərəvəz və protein mənbələri ilə birlikdə müntəzəm qida rasionunuza daxil etməyiniz tövsiyə olunur…