PDF Oxu

Sosial

  • 542

İstedadlı qələm əhli Esmira İsmayılovanın yeni kitabı çapdan çıxıb - FOTO

image

Lənkəran Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, İstedadlı publisist, şair, zəhmətkeş alim, pedaqoq Esmira İsmayılovanın yeni kitabı işıq üzü görüb.
"CBS Polygrafic production" nəşriyyatında nəfis şəkildə çapdan çıxan “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı sanballı monoqrafiya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru Abid Tahirlinin elmi, bədii, publisistik, pedaqoji fəaliyyətinə, keçdiyi mənalı və şərəfli həyat yoluna həsr olunub. Belə ki, müəllif yüksək təhlil bacarığına malik bir tədqiqatçı kimi ərsəyə gətirdiyi bu kitabda öz qəhrəmanı barədə ədəbiyyatşünaslara zəngin faktlar əsasında ətraflı məlumat təqdim edə bilib.
Məlumat üçün deyək ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin mühacirət qolunun formalaşdırılmasında, mühacir ədiblərin irsinin araşdırılmasında qələm çalan Abid Tahirlinin bu istiqamətdə yazdığı monoqrafiyaları, elmi məqalələri, bədii, publisistik əsərləri müxtəlif rakurslardan kitabda təhlil edilib. Monoqrafiya ədəbiyyatşünaslar, bu sahənin mühacirət qolunu araşdıran tədqiqatçılar, həmçinin tələbələr, magistrant və doktorantlar, eləcə də mühacirət ədəbiyyatı və mətbuatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Ön söz, giriş, 5 fəsil və nəticədən ibarət “Abid Tahirli: həyatı, mühiti və yaradıcılığı” adlı nəşr Lənkəran Dövlət Universitetinin Elmi Şurasının qərarı əsasında çapa verilib, onun elmi redaktoru filologiya elmləri doktoru, professor Kamran Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Məmmədov (Tağısoy), filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Qədim Rufullayev, redaktoru isə yazıçı-publisist Akif Cabbarlıdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər