Müəllim... Hər dəfə bu adı və həyatımda olan bu adın sahiblərini böyük sayğı və hörmətlə xatırlayıram. Elə bu gün-onların günündə yenə də xatirələr yada düşür.
Bəli, o dövrdə müəllimlər ikinci valideynimiz idi. Qadın müəllimlər qızların anası, kişi müəllimlər oğlanların atası kimi bizə yanaşır, hər səhvimizi, qüsurumuzu o qədər incəliklə aradan qaldırırdılar ki, ruhumuz belə incimirdi. Yadımdadır, bir dəfə sinfimizdə qızlardan biri tənəffüs zamanı çantaları axtarıb pul götürmüşdü. Qızlardan biri bunu görmüşdü, lakin uşaqlara yox, birbaşa sinif rəhbərimizə demişdi. Təsadüfən də həmin saat sinif rəhbərinin dərsi idi. Dərs normal, sakit şəkildə keçdi. Zəng çalınanda müəllim qızlara qalmasını, oğlanlara getməsini dedi.
Oğlanlar getdilər. Müəllim bizimlə söhbətə başladı. Bəlkə də o vaxt anlamazdıq, lakin bu gündən həmin söhbətə qayıdanda müəllimin bizləri necə incəliklə başa salması, söhbəti necə bacarıqla açması, necə həssaslıqla aparması qarşısında baş əyməli oluram. Bir sözlə, söhbət o qədər mənalı, təsiredici oldu ki, növbəti tənəffüsdən sonra pullarımızı çantalarımızda gördük. Sinif yoldaşımız hər kəsin pulunu götürdüyü kimi də yerinə qoymuşdu.
Tək sinif rəhbərimiz yox, bütün fənn müəllimləri dərsdə baş verən hansısa kiçik bir hadisə üçün tənəffüs zamanı bizi saxlayır, söhbət edir, araşdırma aparırdı.
Əmək təlimi fənnini tədris edən müəllimimizin dilində hərf səsləndirmə problemi var idi. Bir dəfə oğlanlardan biri dərs başlayandan bir neçə dəqiqə sonra gəldi. Qapını döyüb içəri keçdi və müəllim ondan nə üçün yubandığını soruşdu və hirsləndi. O da qapını açıb çıxıb gedəndə müəllimin həmin qüsurunu göstərən tərzdə danışdı. Bu, hamımıza çox pis təsir etdi. Müəllim isə heç bir kəlmə də danışmadı. Özünü elə apardı ki, sanki eşitməyib. Biz də sevindik ki, yaxşı ki, müəllim eşitməyib.
Sən demə, müəllim eşidibmiş, həm də çox gözəl eşidibmiş. Növbəti dərsdə bunun şahidi olduq. Həmin oğlanı müəllim elə bir tərzdə başa saldı ki, bütün sinif uşaqları xəcalət çəkdik. Və bu, son hal oldu. Tənəffüs zamanı isə hamımız bir nəfər kimi həmin oğlanın üstünə getdik, hərəkətinə görə onu yaxşıca tənbeh etdik. O da qıpqırmızı oldu. Hiss olunurdu ki, səhvini anlayıb.
Ədəbiyyat müəllimimiz vardı. Bizə həm ədəbiyyatdan, həm də həyatdan dərs verirdi. Davranışımızın ən kiçik detalınadək geniş şəkildə danışır, hər birimizin əsl insan olması üçün əlindən gələni edirdi. Sinfimizdə bir oğlan vardı, yaxşı oxumurdu. Bir dəfə onu elə gözəl şəkildə tənbeh etdi ki, uşaqlığımızla müəllimimizə, afərin, dedik.
Həmin oğlanın atası fəhlə idi. İşi də çətindi. Müəllim onu dərsi danışmağa qaldırdı. O da susub dayandı, bilmirdi çünki. Müəllim, “niyə dərsini oxumamısan, işinin adı nədir?” deyərək təsirli bir söhbətə başladı. Oxumağının, təhsilinin atasına gələcəkdə böyük kömək olacağını, onun fəxri ola bilməsini elə həssaslıqla izah etdi ki, oğlan utandığından başını aşağı saldı. Ta bundan sonra onun bir dəfə də olsun dərsə hazırlıqsız gəldiyini görmədik.
Artıq yuxarı siniflərdə oxuyurduq. Sinfimizdə bir qızın çəkisi artıq idi. Həmişə də əyninə gen-geniş ətək, köynək geyinirdi. Bir dəfə yenə sinif rəhbərimizlə söhbət edirdik. Müəllim o qıza məsləhət gördü ki, həmişə əyninə görə paltar geyinsin, bu gen paltarlar onu daha da kilolu göstərir.
İndi həmin günlərə qayıdıb bütün olanları, hansı ki, söylədiklərim olanların çox az bir hissəsidir, yada salanda həqiqətən özümüzü müəllimlərimizə borclu hesab etməyə bilmirik. Onlar bizə tək elmin sirlərini deyil, həyatın sirlərini, insanlığı, insanpərvərliyi, vətənpərvərliyi, böyüyə-kiçiyə hörmət hissini, harada özümüzü necə aparmağın lazım olduğunu aşılayıb. Bu səbəbdəndir ki, onları hər zaman böyük hörmət və sayğı ilə anırıq, harada görsək elə bil valideynimizi görürmüş kimi ülvi hisslər keçiririk.
Övladımız hansı məktəbdə təhsil alırsa, ora onun ikinci evi, müəllimlər isə ikinci valideynləridir. Biz bunu nə qədər ki, bu cür qəbul edirik, cəmiyyətə də layiqli vətəndaşlar verə biləcəyik. Nə qədər ki, müəllim öz peşəsinə, müəllim adına hörmətlə yanaşırsa, məktəblərdə tədrislə yanaşı, təlim-tərbiyə də yüksək səviyyədə olacaqdır. Biz bunlara nail olmağa, olanlarımızı qorumağa çalışmalıyıq. Əks təqdirdə isə dediklərimizin bir neçə ildən sonra nə qədər doğru olduğunu hər kəs görəcəkdir.
Mətanət Məmmədova
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...