Dünən, 15 oktyabrda Bakı daha bir möhtəşəm beynəlxalq diplomatiya platformasına -Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısına ev sahibliyi etdi.
Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə Asiyanın aparıcı dövlət və hökumət başçılarının Bakıda bir araya gəlməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və Şərqlə Qərb, Şimal ilə Cənub arasında körpü rolunun növbəti əyani sübutudur.
Geosiyasi inteqrasiya və Orta Dəhliz
Azərbaycan Asiya ilə Avropa arasında strateji logistika və nəqliyyat qovşağıdır. AQEM çərçivəsində ticarət, nəqliyyat marşrutlarının, xüsusilə Orta Dəhlizin təhlükəsizliyi və rəqəmsallaşdırılması məsələlərində Bakının təşəbbüsləri müstəsna əhəmiyyət kəsb edir. Zirvə toplantısında regional sabitlik, Asiya regionunda qarşılıqlı etimadın möhkəmləndirilməsi, həmçinin beynəlxalq hüququn aliliyi məsələləri ön plana çəkildi.
Zirvə toplantısının açılışında çıxış edən Prezident İlham Əliyev beynəlxalq hüququn aliliyi, Azərbaycanın öz suverenliyini bərpa etməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlardan bəhs etdi.
Prezident öz çıxışında regional sülhün və ədalətin vacibliyini xüsusi vurğulayaraq bildirdi: Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Dövlət başçısı həmçinin beynəlxalq təşkilatların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri tam işlək vəziyyətə gətirilməyincə dünyada münaqişələrin davam edəcəyini də diqqətə çatdırdı.
Regional inteqrasiyanın göstəricisi
Bakı Zirvə Toplantısında üzv dövlətlər birmənalı olaraq Azərbaycanın AQEM-dəki uğurlu fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşkilata sədrliyinin 2026-2028-ci illər müddətinə uzadılması haqqında qərar qəbul etdilər. Bu qərar o deməkdir ki, Azərbaycan növbəti iki il ərzində də Asiya regionunda etimad tədbirlərinin genişləndirilməsinə, regional inteqrasiyaya və növbəti yüksək səviyyəli AQEM tədbirlərinə rəhbərlik edəcək.
Dövlətimizin başçısı bu təşəbbüsü yekdilliklə dəstəklədiklərinə görə bütün üzv dövlətlərə təşəkkürünü bildirdi.
Yalnız Cənubi Qafqazda deyil
Bakıda keçirilən bu Zirvə toplantısı göstərdi ki, Azərbaycan yalnız Cənubi Qafqazın lider dövləti deyil, həm də geniş Asiya-Avropa coğrafiyasında təhlükəsizlik, nəqliyyat və diplomatik dialoqun əsas mərkəzlərindən biridir. Sədrliyin 2028-ci ilə qədər Azərbaycana həvalə olunması ölkəmizin diplomatiyasının növbəti böyük zəfəridir.
Mətanət Məmmədova