Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lerik şəhər Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb liseyin birgə təşkilatçılığı sayəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Qarabağdan Şərqi Zəngəzura – dirçəliş salnaməsi” adlı açıq dərs keçirilib.
Dərs zamanı məktəb liseyin şagirdləri işğaldan azad edilmiş ərazilərimizin tarixi, mədəni irsi, azadlıq mübarizəsi və bu gün həmin ərazilərdə həyata keçirilən dirçəliş prosesi haqqında hazırladıqları təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tarixi, onların azad olunması və dövlət suverenliyimizin bərpasından sonra bölgədə aparılan quruculuq işləri haqqında danışılıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış prosesi və yaradılan müasir infrastruktur Azərbaycanın quruculuq əzmini, dövlətimizin gücünü və xalqımızın birliyini göstərir. Həmçinin gənc nəslin bu tarixi hadisələri dərindən öyrənməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından belə tədbirlər mühüm əhəmiyyət daşıyır.
Sonda təqdimatlarda fəal göstərən və uğurlu çıxışları ilə fərqlənən şagirdlər təşəkkürnamələrə layiq görülüblər.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərimizin tarixi, şəhər günlərinin əhəmiyyəti, Vətən müharibəsində qazanılmış tarixi Zəfər, Qarabağ və Şərqi Zəngəzurda görülən
bərpa və quruculuq işləri barədə şagirdlərin məlumatını artırmaq, eləcə onlarda vətənpərvərlik hissini gücləndirmək, milli-mənəvi dəyərlərə hörmət aşılamaq olub.
Tural Əliyev,
Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi